Tanınmış animatorun “Rezin xoruz”u
Berlində nəşr olunub
Azərbaycan kino sənətində məşhur cizgi filmlərinin müəllifi,
animasiya rejissoru, rəssam və yazıçı Məsud
Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı Almaniyanın paytaxtı Berlində çapdan çıxıb. Bu barədə
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mətbuat xidməti bildirib.
1943-cü ildə İranın
Zəncan şəhərində
doğulan Məsud Pənahinin ailəsi
1946-ci ildə Bakıya
köçüb. O, Bakıda
Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbini,
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) Rəssamlıq
fakültəsini və
institutun nəzdində
animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib.
1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalında “Qız qalası əfsanəsi” cizgi filminə görə diplomla təltif edilib. M.Pənahi həmçinin “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və Siçan bəy”) cizgi filminin müəllifidir.
1979-cu ildən Almaniyada yaşayır. Müxtəlif animasiya studiyaları nəzdində 60-a yaxın filmin çəkilişlərində iştirak edib. Son işlərindən biri Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.
2018-ci ildə Məsud Pənahi Azərbaycan animasiyasına verdiyi töhfəyə görə ANİMAFİLM festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.
Müəllif yeni kitabı haqqında deyib: “Əvvəlcə kitab haqqında heç düşünmürdüm. Lakin üzv olduğum və hekayələrimi çap edən Berlin “Ədəbiyyat və Mədəniyyət Klubu”nun məsləhəti ilə öz ailəmin tarixi, öz fantaziyalarım və yuxuda gördüklərim haqqında bir kitab yazmağı qərara aldım. Özümü peşəkar yazıçı saymıram. Ədəbiyyatı kino kimi görürəm. Ona görə düşünürəm ki, hekayələrimi asanlıqla ekranlaşdırmaq olar”.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 20
avqust.- S.8.