Cəlil Məmmədquluzadə özbək
dilində “Wikipedia”da
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan ictimai fikri və ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə haqqında özbək dilində bölmə “Wikipedia” elektron ensiklopediyasında istifadəyə verilib.
Bölmədə yazıçının həyatı, yaradıcılığı, bədii nəsri, dramaturgiyası, maarifçilik fəaliyyəti, “Molla Nəsrəddin” jurnalı, ədib haqqında və əsərləri əsasında ekranlaşdırılmış filmlər və s. məlumatlar əksini tapıb.
Cəlil Məmmədquluzadənin əsərlərinin bir sıra dillərə tərcümə edildiyi, 2019-cu ildə isə Özbəkistandakı Heydər Əliyev adına AMM-in layihəsi ilə onun “Poçt qutusu” adlı hekayələr toplusunun özbək dilinə tərcümə edilərək Daşkənddə nəşr olunduğu diqqətə çatdırılır.
Qeyd edək ki, AMM-in
təşəbbüsü ilə Özbəkistanın Mirzə
Uluqbey adına Milli Universiteti və Ə.Nəvai adına Daşkənd
Dövlət Universitetində tədris proqramlarına Azərbaycan
ədəbiyyatı ilə bağlı mövzular
daxil edilib və
onların tədrisi həyata keçirilir.
Bu məqsədlə AMM tərəfindən
ali məktəblərə nəşrlər
əvəzsiz olaraq verilir.
Eyni zamanda Azərbaycanla,
ədəbiyyatımız, mədəni irsimiz
ilə bağlı məlumatlar internetdə özbək milli seqmentində istifadəyə verilir.
Mədəniyyət.- 2020.- 20
avqust.- S.8.