Mədəniyyət və sənətkarlıq
üzrə peşə təhsili
İşəgötürənlərlə
əməkdaşlıq imkanları müzakirə olunub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda vebinar keçirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə vebinarda çıxış edərək bildirib ki, əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində işəgötürənlərlə əməkdaşlıq vacibdir.
Nigar İsmayılzadə peşə təhsili müəssisələrinə qəbul haqqında ətraflı məlumat verib. Bildirib ki, peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin müvafiq elektron sənəd qəbulu altsistemi (http://qebul.vet.edu.az/) vasitəsilə ərizə verməlidir. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq. Hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Pərviz Həmzəyev rəhbərlik etdiyi müəssisədə təhsil almağın üstünlüklərindən bəhs edib. Diqqətə çatdırıb ki, mərkəz mədəniyyət və sənətkarlıq üzrə kino, teatr üçün texniki sahələrdə çalışacaq kadrlar hazırlayır. Müəssisəyə 25 ixtisas üzrə qəbul aparılır. Mərkəzdə maddi-texniki baza yüksək səviyyədədir. Pedaqoji heyətin əksəriyyəti birbaşa istehsalat sahəsində çalışır. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələbələrə praktiki bacarıqlar öyrədilir. Mərkəz həm dövlət, həm də özəl müəssissələrlə əməkdaşlıq edir. Tələbələrin tədris prosesi yekunlaşdıqdan sonra onlar 3 ay işəgötürənlərin bazasında təcrübə keçirlər.
“Old Master” şirkətinin rəhbəri Etibar Qocayev mərkəzlə əməkdaşlıqdan danışıb. O diqqətə çatdırıb ki, təhsilalanlar təcrübəyə böyük maraq göstərirlər: “Biz çalışırıq ki, təcrübə keçməyə gələn tələbələrin 3-4 nəfərini müəssisədə işlə təmin edək.
Digər tələbələrin də başqa müəssisələrdə işləyə bilməsi üçün əlimizdən gələni edirik”.
“CBC” kanalının baş rejissoru Fuad Ağamalıyev məlumat verib ki, kanal 5 ildir peşə təhsili mərkəzi ilə əməkdaşlıq edir: “Mərkəzdən kanalımıza televiziya sahəsinə aid ixtisaslarda təhsil alan 30-a yaxın tələbə təcrübə üçün gəlir. Biz onlarla birbaşa istehsalat prosesində işləyirik. Tələbələr arasından bir neçəsi təcrübədən sonra kanalımızda işlə təmin olunub”.
Kinorejissor, prodüser Nadir Maçanov qeyd edib ki, mərkəzlə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Sonsuzluğa uzanmış gecə” filmi çəkilib. “Art house” (kommersiya üçün nəzərdə tutulmayan film) janrında olan film tamamilə mərkəzin bazasında istehsal olunub. Çəkilişlərə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müəllimləri və tələbələri cəlb ediliblər.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının quruluşçu
rejissoru və aktyoru Nicat Kazımov da Mədəniyyət
və Sənətkarlıq üzrə Bakı Dövlət
Peşə Təhsili Mərkəzi ilə sıx əməkdaşlıqdan
danışıb. Bildirib ki, teatrın əməkdaşları
arasında mərkəzin məzunları da
var. Teatr, kino elə bir sahədir ki, burada əməyi göz önündə olan
insanlarla yanaşı, kulisdə
çalışanlar da çoxdur.
Bu müəssisədə kino,
teatr sahəsinə lazım olan mütəxəssislər yetişdirilir.
Mədəniyyət.- 2020.- 20
avqust.- S.3.