Tara vurğun sənətkar
XX əsr Azərbaycan tar ifaçılığında Xalq artisti Həbib Bayramovun (1926-1994) xüsusi yeri var. Uzun illər tanınmış xanəndələri müşayiət edən, ansamblda aparıcı solist olan mahir tarzən, həmçinin solo ifaçı kimi muğamsevərlərin qəlbində əbədi yaşamaq haqqı qazanıb.
Sənətkarın lentə yazdırdığı “Xaric segah”, “Çahargah”, “Humayun”, “Orta mahur”, “Bayatı-Qacar” muğamlarının ifasını dinləyərkən yəqin edirsən ki, onun çaldığı musiqi ürəkdən keçib gəlir. Görkəmli tarzənin çalğısı dinləyicini düşündürür, onun qəlbini lirik, səmimi hisslərlə zənginləşdirir. Musiqisevərlər onun ifasında Azərbaycan muğam və rənglərinin, rəqslərinin, bəstəkarlarımızın əsərlərinin lent yazılarını bu gün də həvəslə, sevə-sevə dinləyirlər. Sənətkarın ifasında bir-birini təkrar etməyən xallar, əhəmiyyətli əlavələrlə həmişə sənətsevərlərin diqqətini cəlb edib, dinləyicilərin estetik zövqünü oxşayıb.
Bəlkə də çoxları vaxtilə Həbib Bayramovun gözəl saz çalmağından xəbərsizdir. Vaxtilə sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “qızıl fond”unda saxlanılır. “Sazçı qızlar” ansamblının solisti mərhum xanəndə Arif Məmmədovun səsi batdığı üçün Ə.Bakıxanovun ansamblında saz çalırmış. Sonralar onun əvəzinə ansamblda saz partiyalarını Həbib Bayramov ifa etməli olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov, Ağabala Abdullayev, Yavər Kələntərli, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Yaqub Məmmədov, Sara Qədimova kimi sənətkarlarla birgə çalışıb və bu gün həmin lent yazıları musiqi, muğam tariximizin parlaq səhifələri sayılır.
Avqustun 15-i unudulmaz
tarzənin anım günü idi. Vaxtilə onunla
çiyin-çiyinə çalışmış
sənətkarlar Həbib
Bayramovu yad edərək xatirələrini
bölüşdülər.
Xalq artisti, tarzən Möhlət Müslümov:
- Mən tarı əlimə alan
gündən Həbib
müəllimi təqlid
etmişəm. İlk dəfə
onu görəndə
15 yaşım var idi... arxasınca nə qədər yol getmişdim. Baxırdım görüm, Həbib
müəllim tarı
əlində necə tutub aparır, necə geyinib, yerişi-duruşu necədir?
30-a yaxın yaşım
var idi. Kamança ifaçısı Fəxrəddin
Dadaşov Həbib müəllimin ansamblında
çalışırdı. Bir gün gəlib
mənə dedi ki, Həbib müəllim səni görüb bəyənib
və ansambla çağırır. Fəxrəddin onunla 16 yaşından çalışıb. Bilirsiniz ki,
Həbib müəllim
rəhmətə gedəndən
sonra onun rəhbərlik etdiyi ansambl mənə həvalə edilib və bu da
Həbib müəllimin
öz arzusu idi. Çünki vaxtilə ansambl
Həbib müəllimə
də görkəmli sənətkarımız Əhməd
Bakıxanovdan yadigar qalmışdı. Bu gün
Əhməd Bakıxanovun
adını daşıyan
Xalq Çalğı
Alətləri Ansamblına
bir vaxtlar Əhməd müəllim
özü, daha sonra Həbib müəllim rəhbərlik
etmişdi. Hər iki sənətkarımızın
dövründə ansambl
hansı formada inkişaf yolu keçib, hansı səs tembri olub (ansamblın vahid bir səs
tembri olmalıdır)
onu bərpa etmək üçün çalışdım və
bunu bacardım. İndiyə
kimi də çalışıram ki,
kollektivin şərəfini
qoruyub saxlayım.
Elə bilirəm ki, Həbib müəllimin ruhu şaddır. Çünki onun qoyduğu
ənənələri çalışıram
layiqincə davam etdirim. Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Əhməd Bakıxanov və nəhayət, Həbib müəllim kimi sənətkarların adı
var bu ansamblın
tarixində. Mən bu ansamblın üçüncü rəhbəri
oldum və düşünürəm ki,
hər hansı bir dəyişiklik etsəydim, onların ruhu məni bağışlamazdı...
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov:
- Həbib Bayramovu
gənc yaşlarından
tanıyırdım. O, eyni zamanda atam Əhməd
Bakıxanovun sevimli tələbələrindən idi.
Xatirəmdə qalan bir hadisəni danışım.
Həbib
müəllim erkən
yaşlarından yaxşı
yaddaşa malik olduğuna görə üç aya nəzərdə tutulmuş
dərsi bir ay müddətində yerinə
yetirə bilirdi.
Təkcə muğamatlar çalmaqla
kifayətlənmirdi. Yaxşı yadımdadır
ki, o, Musiqi Texnikumunda təhsil alanda dövlət imtahanında Mendelsonun konsertini tarda gözəl ifa etdi. Bir gün atam görür ki, Həbibin barmaqları qabar-qabardır. Soruşur ki,
niyə barmaqları bu kökdədir. Həbib cavabında deyir: “Ailəmizin böyük uşağı
olduğum üçün
atam məni yanında işə düzəldib ki, evimizə kömək edim”. Həbibin atasının iş yeri texnikumun yaxınlığında idi.
Orada atlar üçün yəhər düzəldirdilər.
Bir gün atam oraya gedir və Həbibin atasından soruşur ki, sən bu uşağa aylıq nə qədər maaş verirsən? O, cavabında 120 manat verdiyini bildirir. Onda atam ona deyir: “Sən icazə ver, mən Həbibi çalışdığım ansamblda işə düzəldim və ayda ona 150 manat yazdırım”. Atası bu söhbətə razılaşandan sonra Həbib tələbə ikən musiqiçi kimi ansamblda fəaliyyət göstərməyə başlayır.
Həbib Bayramov muğamlarımızı, xalq və bəstəkar mahnılarını ifa etdiyi kimi, klassik əsərləri də yaxşı səsləndirirdi. Mən texnikumun hesabat konsertlərində dəfələrlə Həbibin çalğısının şahidi olmuşam. Onun ifasında səslənən əsərlər dinləyicilər tərəfindən böyük uğurla qarşılanırdı. Böyük Vətən müharibəsindən sonra Praqa şəhərində keçirilən Beynəlxalq Gənclər Festivalında tarzən Əlikram Hüseynov, Berlində Həbib Bayramov, Moskvada isə Oqtay Quliyev uğurlu çıxışlarına görə laureat adına layiq görüldülər. Adıçəkilən ifaçıların üçü də muğamla çıxış etmişdilər. Həmin ifaçılar da Əhməd Bakıxanovun tələbələri idi. Həbib hələ gənc ikən musiqi təhsili aldığı zaman müəllimindən muğamları mükəmməl öyrənmişdi. O, bütünlüklə muğama aid olan incəlikləri, sirləri mənimsəyərək özünün ifaçılıq sənətində istifadə edirdi. Atam dünyasını dəyişəndən sonra həmin ansambla Əhməd Bakıxanovun adı verildi, onun bədii rəhbəri isə Həbib Bayramov təyin edildi. Həbib Bayramov ömrünün axırına kimi ansamblı yaşatdı.
Bu gün xatirələrdə işıqlı insan kimi yaşayan Həbib Bayramov hər zaman sənətini yüksək ifaçılıq mədəniyyəti ilə fərqləndirməyə çalışıb. O təkcə öz ifaçılığını sevdirmədi, həm də tarı milli musiqi aləti kimi daha da sevdirdi. Muğam sənəti, tar ifaçılığı var olduqca Həbib Bayramov da xatırlanacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 20
avqust.- S.5.