Sabirabad rayon Xalq teatrının rejissoru vəfat edib
Sabirabad
rayon Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət
göstərən Adil
İsgəndərov adına Xalq teatrının rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvü Seyidməmməd
Mirvəli oğlu Əliyev avqustun 22-də vəfat edib.
Seyidməmməd Əliyev 1954-cü ildə
Sabirabad rayonunda anadan olub. Bakı Mədəni-Maarif
Texnikumunda və indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Özfəaliyyət
teatr rejissorluğu fakültəsində təhsil
alıb.
1977-ci ildə Sabirabad
Rayon Mədəniyyət Şöbəsində
əmək fəaliyyətinə
başlayıb, müxtəlif
vəzifələrdə çalışıb. 1987-ci ildən
A.İsgəndərov adına Xalq teatrına rəhbərlik
edib.
1997-ci ildə Qarabağ
müharibəsi əlillərindən
ibarət “Mübarizlər”
teatr qrupunu yaradıb və ömrünün sonunadək
həmin kollektivin rəhbəri olub. Kollektiv ölkəmizin
müxtəlif bölgələrində
qastrol səfərlərində
olub, vətənpərvərlik
mövzusunda hazırladığı
tamaşalar rəğbətlə
qarşılanıb. 2013-cü ildə hazırlanan “Xocalı harayı” tamaşası R.Behbudov adına Azərbaycan
Dövlət Mahnı
Teatrında nümayiş
olunub və Mədəniyyət və
Turizm Nazirliyinin diplomuna, iştirakçılar
isə fəxri fərman və pul mükafatına layiq görülüblər.
S.Əliyev həmçinin 1978-1981-ci illərdə keçirilən
ənənəvi “Teatr
baharı” festivallarının
da fəal iştirakçısı olub.
A.İsgəndərov adına
Xalq teatrının
2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
hazırladığı “Səndən
sonra bu məmləkət sənsiz
deyil, səninlədir”
tamaşası Bakı
şəhərində nümayiş
olunub və mükafatlandırılıb. Kollektiv
2017-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi II Respublika Xalq Teatrları Festivalında nümayiş
etdirdiyi “Qisas qiyamətə qalmaz” tamaşası ilə III dərəcəli diploma layiq
görülüb.
S.Əliyev uğurlu fəaliyyətinə
görə müxtəlif
diplom və fəxri fərmanlarla mükafatlandırılıb, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti -
100” yubiley medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 26
avqust.- S.4.