Hər qəlbin öz
nəğməsi var
İnsan zəkası və hissləri nələrə qadir deyil ki... Əsas odur ki, onları birləşdirib qəlbinin dərinliklərindəki susmaz arzulara qol-qanad verəsən. Belə olduqda heç bir maneə yolunu kəsib, əl-qolunu bağlaya bilməz, əksinə, səni əlçatmaz zənn etdiyin arzularına pərvazlandırar. Bizim hər arzusu bir nəğmə, hər addımı bir ümid, hər avazı bir sevgi təranəsi olan dostlarımız kimi.
Yəqin efir-ekrandan, mədəniyyət və sənət tədbirlərindən, sosial aksiyalardan, xeyriyyə konsertlərindən yaddaşınıza köçən fiziki məhdudiyyətli istedadlı dostlarımızı çoxlarınız tanıyırsınız. Əngəlləri işıqlı səhnələrdən ustalıqla aşmağı bacaran və bizlərə həyatın hər anından zövq almağı təlqin edən bu yaradıcı dostlarımız növbəti layihədə – “Qəlbin nəğməsi” adlı musiqi albomunda bir araya gəliblər.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istedad və bacarıqları ilə seçilən fiziki məhdudiyyətli şəxslər və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətin bir qoludur. Onu da qeyd edək ki, bu toplu ölkədə əlilliyi olan şəxslərin ifalarından ibarət ilk nümunədir.
Topluda Azərbaycanın milli, klassik və müasir musiqi əsərləri təqdim edilir. Professional səsyazma studiyalarında yazılan rəngarəng ifalar müxtəlif alətlər və elektron musiqidən istifadə olunmaqla dinləyicilərə tamamilə yeni ruhda təqdim olunur.
Alboma görmə, hərəkət məhdudiyyəti olan şəxslərlə yanaşı, Qarabağ müharibəsi zamanı əlil olan istedadlı soydaşlarımızın da ifaları daxil edilib. Bu məhdudiyyətlər onların həyat eşqinə və istedadlarına əngəl olmamış, əksinə, onları daha da ilhamlandıraraq bu musiqili albomun ərsəyə gəlməsinə kömək etmiş, həyata olan sevgilərini musiqinin ruhuna hopdurmuşdur.
Layihənin daha bir özəlliyi albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi əsərlərinin olmasıdır. Albom “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət himni ilə açılır. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı səslənir. Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (Əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar təqdim edilir.
Xatırladaq ki, “Qəlbin nəğməsi” albomu Əqli Mülkiyyət Agentliyində də qeydiyyatdan keçirilib və müəlliflik hüququna dair şəhadətnamə alıb.
HƏMİDƏ
Mədəniyyət.- 2020.- 26
avqust.- S.5.