Polşa kanalında Azərbaycana “Dadlı səyahət”

 

 

Polşanın TVP telekanalının “Dadlı səyahət” (Podróze ze smakiem) verilişinin bir buraxılışı Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bununla bağlı telekanalın çəkiliş dəvətini məmnuniyyətlə qəbul edib. Sentyabr ayından etibarən dekabra qədər 12 ölkənin mədəniyyət və mətbəxindən bəhs edəcək verilişlər təqdim olunacaq. Bu ölkələrdən də biri Azərbaycandır.

 

Çəkiliş zamanı Fərid Cəfərli Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi barədə ətraflı məlumat verib, Aytən Sabirli milli mətbəx nümunələrimizi nümayiş etdirib, Baba Abbasov (tar), Yasin Həsənov (xanəndə) və Nicat Həsənli (rəqqas) muğam, bəstəkar mahnıları və milli rəqsləri ifa ediblər.

 

Verilişin sonunda Baba Abbasov tarda Polşanın himnini səsləndirərək musiqili şəkildə soydaşlarımızın TVP-yə təşəkkürünü ifadə edib.

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.8.