Biz Azərbaycandanıq!
Dünyaya gerçəkçi
baxışın estetikası
Zamanında keçmiş SSRİ məkanında çox məşhur olmuş “Əzimzadə məktəbi”nin 100 illiyi ilə əlaqədar apardığımız axtarışlar bizim vaxtilə bu təhsil ocağında sənətin sirlərinə yiyələnən və hazırda Sankt-Peterburqda yaşayıb-yaradan Aleksandr Nemakinlə tanışlığımıza imkan yaratdı. Onunla əlaqə qurmaqda isə Türkiyədə çalışan soydaşımız, respublikamızın Əməkdar rəssamı Teymur Rzayev yardımçı oldu.
Məlum oldu ki, Aleksandr Nemakin əvvəlcə Bakıda (1975-1979) oxumuş, sonra ali təhsil almaq üçün Sankt-Peterburqa yollanaraq 1983-1989-cu illərdə buradakı nüfuzlu İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Rəngkarlıq fakültəsində sənətin incəliklərinə yiyələnmişdir.
Bakı məktəbində Yavuz Kərimov, Faiq Ağayev və Sirus Mirzəzadə kimi tanınmış fırça ustalarından ilk sənət dərslərini alan gənc üçün SSRİ məkanında novatorluğu ilə seçilən Andrey Mılnikovla təmas da kifayət qədər faydalı olmuşdur. Doqquz il (bunun üç ilini A.Mılnikovun monumental rəngkarlıq emalatxanasında keçirmişdir) ərzində dünyada realizmin yüksək səviyyədə tədrisi ilə ad çıxarmış təhsil ocağında akademik bədii vərdişlərə yiyələnən Aleksandr Nemakin, sənətdə ilk müstəqil addımlarını atanda artıq əsərləri özünəməxsusluğu ilə seçilirdi.
Bir çoxlarından fərqli olaraq məşhur müəllimlərini təqlid ənənəsindən uzaq olan gənc rəssam müxtəlif mövzulu və janrlı əsərlərində gördüklərinə qeyri-adi gerçəkçi bədii tutum verməkdə bənzərsiz idi, desək, yanılmarıq. Onun çoxlarının ağız büzdüyü realizmin “estetik xəritəsi”nə gətirdiyi fərdi məziyyətlər, doğrudan da, duyulası dərəcədə ovsunlayıcı idi…
Bu yerdə deyək ki, insanların dünyamızın bədii dərkinin sənət səviyyəsinə yüksəldilməsi ilə başlanan “izm”lərin mübarizəsi bu gün də davam etməkdədir. İndiki halda məqsədimiz onların bir-birinə münasibətini şərh etməkdən uzaq olsa da, deməliyik ki, bir-birini əvəzləyən həmin “izm”lərin bir qayda olaraq əsas hədəfi “realizm” olmuşdur. Bu “yeniləşən” bədii yanaşmaların tərəfdarları həmin realizmi öz ömrünü artıq yaşamış və tarixin saxlancına gömülmüş cərəyan hesab etməklə, onun estetikasına istinad etməyi və yaxud ona tapınmağı arzuolunmaz sayırlar. Bununla belə, hamısı da “yeni” hesab etdiklərinin mayasına realizm elementləri qatmaqdadırlar…
Qənaətimizcə, dünyada baş verən bədii proseslərdən kifayət qədər xəbərdar olan Aleksandr Nemakin üçün təhsil illərində əldə etdiyi akademik təhsilin estetikasına “arxa çevirmək” və “yeniləşmək” o qədər də çətinlik törətməzdi. Başqa sözlə desək, “mücərrədçi” və yaxud “modernist” görünmək, onun üçün realizmin hələ də kəşf olunmayan nəhayətsiz bədii-texniki potensialını üzə çıxarmaqdan daha asan olardı. Amma o, bir çoxları kimi adətən istedadsızlığı ört-basdır etmək vasitəsinə çevrilən süni mücərrədçiliyə meyil etməyib, realizmə bağlandı.
Onun 1990-cı ildən başlayaraq müxtəlif miqyaslı sərgilərdə göstərdiyi realist-gerçəkçi tutumlu əsərləri yerli məkanla yanaşı, dünya sənətsevərləri üçün də çox cəlbedici və heyranedici idi. Zaman-zaman realizmin təntənəsinə şahidlik etmiş sənət xiridarları müxtəlif mövzulu tabloların estetikasında sənətkar inamının ifadəsini görürdülər. Aleksandr Nemakinin də süjetli kompozisiyalarında uzaq-yaxın tarixə tutduğu “bədii güzgü”də fiqurların, onları əhatələyən məkanın, daşıdıqları geyimlərin bədii-etnoqrafik təqdimatında müşahidə olunan dəqiqlik və inandırıcılıq, sözün əsl mənasında, ovsunlayıcı görünürdü. Çox tezliklə əsərlərinin ABŞ, İrlandiya, Almaniya, Çin, İsveç, Finlandiya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Qazaxıstan və s. ölkələrin nüfuzlu sərgi salonlarını fəth etməsi onun realizmə vurğunluğunun başqalarını da sehrə sala biləcək estetikaya bələyə bilməsinin göstəricisi idi. Rəssamın əsərlərinin Rusiya, ABŞ, Çin, Fransa, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindəki məşhur kolleksiyalarda yer almasını isə onun sənətinin beynəlxalq nüfuz qazanmasının göstəricisi hesab etmək olar.
Aleksandr Nemakinin 30 ildə formalaşmış bədii irsini dəyərləndirməli olsaq, öncə müəllimindən əxz etdiyi monumental rəngkarlıq ənənəsini daha çox təhsilsonu ərsəyə gətirdiyi diplom işində nümayiş etdirdiyini deməliyik. Dövlət imtahan komissiyası tərəfindən “əla” qiymətə layiq görülən “Mənim şəhərim” adlı diplom işində onun monumental duyumu qabarıq duyulmaqdadır. Onun “Toy”, “Bazar” və “Dəfn mərasimi” kompozisiyalarından ibarət olan divar rəsmində ifadə olunan milli kolorit və tarixi-etnoqrafik xüsusiyyətlər kifayət qədər təsirli estetika ilə bədiiləşdirildiyindən gözoxşayandır. Bu bədii yanaşmanın kökündə əsərin obyektlə əlaqəsi və sənətlərin sintezinin əldə olunması durduğundan, göz önünə gətirilən süjetlərə tamaşaçı duyğularını qanadlandıran rəssam təxəyyülünün qatıldığı açıq duyulmaqdadır.
Rəssamın sonrakı dövr yaradıcılığının daha çox Şərq-müsəlman dünyası ilə bağlı olması yaratdıqlarında yeni estetikanın tətbiqini şərtləndirdi. Onun Orta Asiya və Yaxın Şərq ölkələrinin tarixinə həsr olunmuş tablolarında mövzuların nüfuzedici realizmlə əyaniləşməsi diqqət çəkir.
Aleksandr Nemakinin realizmində naturaya təslimçilik yox dərəcəsindədir. Kətan üzərində əyaniləşdirilənlər gerçəklikdə müşahidə olunanlara dərindən nüfuz etmənin, arifanə baxışla onlardakı gözəllik qaynaqlarının üzə çıxarılmasıdır. Rəssamın bu tablolarının rəng qatı, bir çox müəlliflərdə olduğu kimi, “aysberq” tutumlu olmayıb, bilavasitə kompozisiyanı təşkil edən ayrıntıların aydınlığı və qeyri-adi dəqiqliklə ifadəsidir. Bu cür bədii üsula müraciətin yaddaqalan tərzdə bədiiləşdirilməsinin etibarlı zəmanəti yalnız onun inandırıcılığının şərtləndirilməsindən keçdiyindən tarixi-etnoqrafik tutumlu belə əsərlərin yaradılmasının kökündə rəssamın zəngin bilgiyə malik olmasının durduğu birmənalıdır. Odur ki, belə əsərlər zamansızlığa qovuşmuş sənət nümunələri kimi qəbul olunurlar. “Bizans elçiləri Soqdiya xaqanının qəbulunda” (“İpək yolu”), “Qədim nəğmə”, “Şahmat oyunu”, “Berkut ovlayanlar”, “Musiqiçilər. Şərq motivi”, “Yadigar yazı” və digər süjetli tablolarının rəng qatı tarixə bələnmiş tutumdadırlar. Onun Rusiya tarixinə işıq salan əsərlərində də keçmişin inandırıcı təqdimatı mövcuddur...
Aleksandr Nemakin üçün janr məhdudiyyəti yoxdur. Bununla belə, onun mənzərə və portretlərinin ovsunlayıcı estetikaya malik olduqlarını vurğulamalıyıq. “Avtoportret”i də daxil olmaqla digər portretlərində (“Yuxu”, “Musiqi”, “Qəlyançəkən kişi”, “Gəlin”, “Mütaliə”, “Mahnı” və s.) insan psixologiyasına bələdliyi duyulmaqdadır. Onların hər birində görüntüyə gətirilənlərin yaşantılarla baş-başa qaldıqları təsirli poza və rəng həlli ilə əyaniləşdirilmişdir.
Rəssamın onu əhatələyən mühitdə, o cümlədən də təbiətdə gördüklərinə poetik-lirik münasibətinin nəticələri olan mənzərələri də diqqətçəkəndir. Rusiya, Orta Asiya və Yaxın Şərqin müxtəlif xarakterli motivlərini bədiiləşdirən müəllifin həmin əsərlərdə ovqatyaradıcı kimi çıxış etməsi də görünəndir...
Müxtəlif janrların “estetik xəritə”sini realizmə tapımaqla, özünəməxsus cizgilərlə zənginləşdirməyi bacaran həmyerlimizin bu gün dünyanın müxtəlif ölkələrində “Əzimzadə məktəbi”nin yetişdirməsi kimi təqdimatı hər birimiz üçün qürurvericidir. Qənaətimizcə, yaxın gələcəkdə Bakıda onun fərdi sərgisinin təşkili də bir vaxtlar təhsil aldığı məktəbin yubileyinə yaddaqalan töhfə olardı...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2020.- 26 avqust.- S.7.