Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri

 

Maestro Niyazinin anadan olmasının 108-ci ildönümü münasibətilə “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” mövzusunda onlayn formatda elmi-praktiki konfrans keçirilib. Onlayn konfransa Azərbaycanın və Türkiyənin mədəniyyət xadimləri, alim və mütəxəssislər qatılıb.

 

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva maestro Niyazinin zəngin yaradıcılığında milliliyi, eyni zamanda bəşəriliyi ehtiva etdiyini, müxtəlif ölkələrdə Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinə dirijorluq edərək onları dünyaya tanıtdığını vurğulayıb.

 

Niyazinin adının hər zaman həm Azərbaycanda, həm də Türkiyədə sevgi ilə anıldığını qeyd edən G.Əfəndiyeva ulu öndər Heydər Əliyevin sənətkarla münasibətlərindən danışıb, 2017-ci ildə Bakıda Niyazinin abidəsinin ucaldıldığını, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyini xatırladıb.

 

Fondun prezidenti daha sonra deyib: Bu gün biz Azərbaycan və Türkiyə arasında əlaqələrin hər bir sahədə – siyasi, ictimai, mədəni və digər istiqamətlərdə inkişafından biz qürurla danışırıq. Əminliklə deyə bilərəm ki, Niyazi Azərbaycan–Türkiyə mədəni əlaqələrinin ənənələrini formalaşdıran şəxsiyyətlərdən biridir”.

 

O, həmçinin konfransın materialları, eləcə də Azərbaycan və Türkiyə muzeylərinin arxivlərində saxlanılan materiallar əsasında Fondun himayəsi ilə “Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” kitabının nəşr olunmasını təklif edib.

 

Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Azərbaycanın Əməkdar artisti, Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, İstanbul Universiteti Konservatoriyasının Musiqişünaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulud, azərbaycanlı gənc bəstəkar Sara Dilruba maestro Niyazinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin yaradılması və inkişafında mühüm rolundan, onun Türkiyənin incəsənət xadimləri ilə dostluğundan söhbət açıblar.

 

Tədbirdə, həmçinin görkəmli türk pianoçusu İdil Biretin konfransa göndərdiyi Niyazi ilə bağlı xatirələri səsləndirilib.

 

Mədəniyyət.- 2020.- 26 avqust.- S.5.