Regional mədəniyyət idarələrindən
xəbərlər
Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mərkəzi kitabxanasının əməkdaşları II Dünya müharibəsində antifaşist Fransa Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə qəhrəmanın ev-muzeyini ziyarət ediblər. Muzeyin yaradıcısı, Ə.Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov ziyarətçilərə atasının rəşadətli döyüş yolundan danışıb.
Məlumat verilib ki, Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otağı olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yollarından bəhs edən müxtəlif sənədlər, fotolar, haqqında məqalələr dərc edilmiş qəzet və jurnallar, kitablar nümayiş etdirilir.
Şəki MKS-nin təşkilatçılığı ilə keçirilən videokonfransda Əhmədiyyə Cəbrayılovun ömür yolundan söz açılıb.
Zaqatala rayon Mərkəzi kitabxanası da filial kitabxanaları ilə birlikdə Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə əlaqədar “Fransanın azərbaycanlı qəhrəmanı” adlı videokonfrans təşkil edib.
Əhmədiyyə Cəbrayılovun yubileyi münasibətilə daha bir videokonfrans Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Vətən sərhəddən başlanır” mövzusunda onlayn konsert təqdim olunub. Mərkəzin mədəni-təşkilatçısı Elman Əzimov, 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayevin ifasında mahnılar, İtitala kənd Folklor evi və Talalar kənd Sənətkarlıq evinin rəqs dərnəyi üzvlərinin rəqsləri maraqla qarşılanıb.
Oğuz rayon MKS-nin Dəymədərə kənd kitabxanasında “Yay məktəbi” çərçivəsində rəsm sərgisi təşkil edilib. Kitabxananın fəal oxucularından Ayişə Həşimovanın “Şəhid general Polad Həşimov”, Nərgiz Salehli, Zeynəb Abdullayeva və Qüdrət Salehlinin oxuduqları nağıllar əsasında çəkdikləri rəsmlər nümayiş olunub.
Oğuz rayon Heydər Əliyev Mərkəzində “Könüllülük bir həyat tərzidir” adlı videokonfrans keçirilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyi isə “Babaların əmanəti, yurdumuzun tarixi” adlı videokonfrans təşkil edib.
Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Mərkəzin direktoru Kəmalə Məcidova, metodist Nuriyyə Çələbi şairin həyat və yaradıcılığı haqqında danışıblar.
***
İsmayıllı, Şabran, Şirvan, Neftçala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Müasir gənclərin informasiya müharibəsində rolu” mövzusunda onlayn tədbir keçirilib. İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova çıxış ediblər.
***
Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı bu ilin iyul döyüşlərində şəhid olmuş, rayonun Ərkivan qəsəbə sakini mayor Anar Novruzovun xatirəsinə həsr edilən “Qanla yazılan tarix” adlı tamaşa-kompozisiya təqdim edib. Teatrın kollektivi ilə yanaşı, məktəblilər və “Viləş” məktəbəqədər təhsil müəssisəsinin azyaşlılarının da iştirak etdiyi kompozisiya maraqla qarşılanıb.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Pandemiya dövründə gənc mədəniyyət işçiləri” adlı videokonfrans keçirilib. Tədbirdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, könüllülük hərəkatının inkişafı və digər məsələlər müzakirə olunub.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ildönümünə (23 avqust) həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirib. İdarənin rəisi Vüqar Qədirov Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğal edilmiş ərazilərdəki vandalizm hərəkətləri barədə danışıb. Qeyd olunub ki, Azərbaycan nəyin bahasına olur olsun, öz torpaqlarını düşmən tapdağından azad edəcək.
Qazax rayon MKS “Gənclər tarixi olduğu kimi bilməlidir” adlı videokonfrans keçirib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın gələcəyi sağlam düşüncəli gənclərdən asılıdır. İlk növbədə hər bir insan öz vətəninin tarixini bilməli və təbliğ etməyi bacarmalıdır.
***
Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə virtual ekskursiyalar davam edir. Bu dəfə Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya keçirilib. “Zoom” proqramı vasitəsilə keçirilən ekskursiyada Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov mədəniyyət ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib. İdarənin rəisi Mehman Şükürov çıxış edərək müəssisələrin fəaliyyətindən danışıb, mədəniyyət ocaqlarında işin gücləndirilməsi, yaradıcı sənayenin inkişaf etdirilməsi, işdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıb.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi işçilərinin iştirakı ilə videokonfrans keçirilib. Mərkəzin direktoru Gülbəs Məmmədova tabe klub müəssisələrində Prezident İlham Əliyevin Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq onlayn tədbir və videoçarxların hazırlanması, “Könüllülər ili” çərçivəsində onlayn layihələrin keçirilməsi barədə tapşırıq verib.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə yerli şair Abdulla Məmmədin yeni çapdan çıxmış “Gerçək yuxular” kitabının onlayn təqdimatı keçirilib. Müəllif yaradıcılığı barədə məlumat verib. Nəşrin redaktoru, ön söz müəllifləri, şairin qələm dostları kitab haqqında fikirlərini bölüşüblər.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda onlayn tədbir keçirib. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, ulu öndər hakimiyyətinin bütün dövrlərində ziyalıların və ziyalılığın himayədarı olub. Tədbirdə həmçinin Heydər Əliyevin yaşadığı ömrün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr etməsindən bəhs edilib.
Samux rayon MKS-nin Burunqovaq və Seyidlər kənd kitabxana filiallarının təşkilatçılığı ilə “Vətən torpaqları bizi gözləyir” adlı onlayn tədbir təşkil edilib. Tədbir iştirakçıları çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəman övladların xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.
***
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun iştirakı ilə onlayn görüş keçirilib. Regional idarənin əhatə etdiyi şəhər və rayonlardakı mədəniyyət ocaqları işçilərinin qatıldığı görüşdə mədəniyyət sahəsinin inkişafı üzrə təkliflər səsləndirilib. İdarə rəisi bu günlərdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun bir qrup tanınmış mədəniyyət xadimi və ziyalılarla görüşü barədə də məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 26
avqust.- S.4.