Ədəbiyyatın ədəbini içmiş usta
Professor Hüseyn Həşimlinin
55 illiyinə elegiya əvəzi
Savadı, ziyalılığı, xeyirxahlığı, bir sözlə, yaxşı keyfiyyətləri ilə fəxr etdiyimiz insanların itkisi haqqında heç vaxt düşünmək istəmirik. Onların yoxluğunu təsəvvürə belə gətirməkdən çəkinirik. Görkəmli ədəbiyyatşünas alim, pedaqoq, mətnşünas, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin qəfil vəfatı ilə dərindən sarsıldıq.
Elmə böyük xidmətləri, gözəl müəllimliyi barədə yanında söz salanda narahat olardı. Bu barədə söz düşəndə deyirdi ki, mən böyük elm cəfakeşlərinin yanında kiməm ki! Ancaq onun 30 illik elmi fəaliyyətinə nəzər yetirəndə heyrətlənməyə bilmirsən...
Hüseyn müəllim, insanların uğuruna sevinməyi həm də Sizdən öyrəndim. Yaxşı bir məqalə, hekayə, hətta bir gözəl deyimin belə qiymətini verərdiniz. İndi bilmirəm, Sizi böyük mənəvi sərvət sahibini olduğu kimi dəyərləndirməyə gücüm çatarmı, sözlərim yetərmi?! Amma yox, vaxtilə dərs dediyiniz Türkiyədən tələbə yoldaşım Harun Bozqurd dadıma çatdı. Bu ağır itkidən doğan kədərimizi bölüşərkən o, haqqınızda Tam alim, ədəbiyyatın ədəbini içmiş usta ifadəsini işlətdi. Mən də həmin an Harun bəyə bu fikrini yazımın başlığına çıxaracağıma söz verdim...
Hüseyn müəllim, 2015-ci ildə 50 yaşınız münasibətilə yazdığım açıq məktubu oxuyan müəllim yoldaşlarınız, tələbələriniz və Sizi tanıyan digər insanlar mənə deyirdilər ki, bizim qəlbimizdən keçənləri qələmə almısan. Bununla necə sevilməyiniz, örnək qəbul olunmağınız bir daha təsdiqini tapırdı.
Vəfat xəbərinizi alanda, qeyri-ixtiyari tənqidçi, ədəbiyyatşünas, pedaqoq Abdulla Suru və onun 1912-ci ildə Gəncədə izdihamlı dəfn mərasimi haqqında yazılanları xatırladım. Sonradan istiqlal şairi ünvanı alacaq gənc Əhməd Cavadın müəllimi əbədiyyətə uğurlanarkən söylədiyi elegiyadan bu misralar yaddaşımda düzüldü:
...Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq,
demək olar, dostlar deyən olmuşdu.
Ancaq dünən başımıza
kölgə salan bir bulut,
Önümüzdə!... Haqqın varsa, ey daş
yürək, gəl unut!...
Bir də Hüseyn Cavid əfəndinin öz sevimli müəllimi Məhəmməd Tağı
Sidqinin (1854-1903) vəfatı
ilə bağlı Urmiyadan bu maarif
carçısının oğlu
Məmmədəli Sidqiyə
(1888-1956) yazdığı məktubdakı Elə bilirəm ki, həqiqətdə mənim
öz atam vəfat edib fikri yadıma düşdü. 55 illik ömrünüzün 30 ilini
elmin, təhsilin inkişafına səxavətlə
xərclədiyinizə görə
Sizin də adınız müəllimlər
iftixarı fədakar
ziyalıların Sidqilərin,
Şaiqlərin, Mahmudbəyovların,
Qənizadələrin, Köçərlilərin
sırasına yazılıb...
Ədəbiyyatımızın işığa möhtac səhifələri Sizi daha çox düşündürürdü. XX yüzilliyin əvvəllərində
ədəbiyyat və
mətbuat sahəsində
fəaliyyət göstərmiş,
mədəniyyət salnaməmizə
adını yazdırmış
insanların həyat və fəaliyyətinin öyrənilməsi, təbliği
ilə bağlı çox gərgin, yorulmadan çalışırdınız.
Hələ əlinizdə yüz
kitablıq arxiv materiallarının olduğunu
deyirdiniz. Gecə-gündüz apardığınız araşdırmalar
sayəsində ildə
bir, bəzən də iki monoqrafiya
ərsəyə gətirirdiniz.
Tanınmış ədəbiyyatşünas, professor
Nizaməddin Şəmsizadə
elmi fəaliyyətiniz
haqqında ağızdolusu
yazırdı: ...Hüseyn
Həşimli 2011-ci ildə
doktorluq dissertasiyası
müdafiə edəndə
avtoreferata 9 monoqrafiya,
100 elmi məqalə, özü və əsərləri barəsində
20 yazı qeyd etmişdi. Bu, 46 yaşlı
bir alim üçün böyük
uğur, canlı zəkanın, mənəvi
böyüklüyün əlaməti
idi... Hüseyn Həşimlinin yazdıqları
arxivdə qalmayacaq, yaddaşlara, oradan da hər şeyi
ədalətlə yerbəyer
edən tarixə daxil olacaq. Çünki onun əsərləri
istedadla, zəhmətlə,
halallıqla yazılıb,
həqiqi ziyalı mənəviyyatından yaranıb.
Ədəbiyyatşünas, şair Elşad Səfərli isə 2005-ci ildə Sizə həsr elədiyi kodalı akrostix sonetdə ürəyinizlə qaranlıq
mətləblərə nur
saçdığınızı, sonet janrının Qordi düyününü
açdığınızı yüksək poetik dillə ifadə etmişdi:
Yox, elmin cəfaları yük olmadı sinənə,
Nə də bezib, bu yolun
çətinliyindən qaçdın.
Haqq odunu qoymadın qəlbində bitib sönə,
Ədalət olan yerdə daim səsləndi adın.
Araşdırma aparmaqdan zövq
alsanız da, təəssüf ki, elmin cəfaları sinənizə ağır
yük oldu. Fasiləsiz, gərgin elmi-pedaqoji işiniz, ictimai fəaliyyətiniz ömrünüzü
yarıda kəsdi, planlarınızı yarımçıq
qoydu. Elmə, insanlığa xidmətlə
döyünən qəlbiniz
55 yaşınıza 66 gün
qalmış əbədi
dayandı. Bəlkə də
elə bu qədər yaşayacağınızı
bilirdiniz. Qazandığınız
zəngin biliyi auditoriyalarda, teleradio efirlərində, kitab və məqalələrlə
davamlı şəkildə
bölüşmək üçün
sanki tələsirdiniz...
Həyat və yaradıcılığının kölgədə qalmış məqamlarını araşdırıb elmi ictimaiyyətə təqdim etdiyiniz Əli Məhzun (1886-1934), Məhəmməd Hadi (1879-1920), Əliabbas Müznib (1883-1937), Səid Səlmasi (1887-1909), Əlipaşa Səbur Hüseynzadə (1885-1934), Fərhad Ağazadə (1880-1931), Əli Nazim (1906-1941), Abdulla Sur (1883-1912), Nemət Bəsir (1889-1942) və başqa ədiblərin, ziyalıların əksəriyyətinin taleyinə nakam ömür yazılıb. Fəaliyyətlərinin çiçəkləndiyi dövrdə əbədiyyətə qovuşublar. Təəssüf ki, Siz də belə bir tale yaşadınız. Elmi yaradıcılığınızın ən bəhrəli çağında idiniz. Təsəllimiz odur ki, yandırdığınız elm ziyası və sahib olduğunuz mənəvi sərvət cismani yoxluğunuzda belə azalmayacaq!
Hüseyn müəllim, əlaqə saxlayıb hal-əhval edəndə ilk olaraq maariflənirik deyirdiniz. Elmi fakt acı idiniz. Fövqəladə yaddaşınız hər kəsi heyrətləndirirdi. Hərdən düşünürdüm ki, bu qədər fakt və mənbəni yadda saxlayan insanın psixoloji ahəngi necə normal qala bilər...
Son günlər arabir Vətən daşı Məmməd Araz kimi mən də İnana bilmirəm ölüm haqq ola, Torpaq rəssam uda, bəstəkar uda. Həmçinin Hüseyn Həşimli kimi həqiqi ziyalı, alim, qayğıkeş müəllim vədəsiz vəfat edə. Amma inanmaq və barışmaqdan savayı çarəmiz varmı?!
Avqustun 25-də 55 illik yubileyinizi ən azı telefon zəngi ilə təbrik edəcəkdim. Özü də zəngimə birbaşa cavab verməyəcəkdiniz, söndürüb özünüz geri yığacaqdınız. Bəhanənizsə bu olacaqdı ki, bölgələrdən paytaxta zənglər bir qədər ucuz başa gəlir... Hər addımda diqqətli idiniz. Mənəvi ucalığınızda heç zaman dalğalanma müşahidə etmədik!
Hüseyn müəllim, yaşadığınız hər bir gün gözəl valideynliyinizlə yanaşı, elmimizin, təhsilimizin, sözün geniş mənasında, insanlığın qazancı idi! Biz çox şey itirdik, Ustad! Sizi unutmayacağıq!
Fariz YUNİSLİ
Mədəniyyət.- 2020.- 26
avqust.- S.6.