Əsrə yaxın yaşı olan mədəniyyət ocağının yeni görkəmi

 

Paytaxtın Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının əsaslı təmirdən sonra açılışı keçirilib

 

Avqustun 26-da Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət sarayının əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, 1926-cı ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub.

 

Ümumi sahəsi 8662 kvadratmetr olan dördmərtəbəli binada rəqs ansamblı, vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıb.

 

Mədəniyyət ocağının 2 hektar həyətyanı ərazisində abadlıq işləri həyata keçirilib, açıq havada istirahət guşələri salınıb.

 

Qeyd edək ki, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı Suraxanı rayonunun ən böyük mədəniyyət müəssisəsidir. Bir əsrə yaxın yaşı olan binada mədəniyyət sarayı 1932-ci ildən fəaliyyətə başlayıb.

 

Mədəniyyət sarayında rəqs ansamblı və musiqi kollektivi ilə yanaşı, müxtəlif dərnək və kurslar da təşkil edilib. Burada rəsm sərgiləri, təqdimatlar keçirilib.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında da iştirak ediblər.

 

Yeni yataqxana binası “Azəriqaz” QSC-ninBakqazmaşzavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun nümayəndələri 2019-cu il noyabrın 11-də qəzalı vəziyyətdə olan binaya baxış keçirib və sakinlərlə görüşüblər. Həmin vaxt binanın qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib. Sakinlər kirayə mənzillərə yerləşdirilib, 2019-cu ilin dekabr ayından etibarən inşaat işləri aparılıb. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binadakı mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

 

***

 

Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin binası ilə tanış olublar. 624 şagird yerlik təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idmanakt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemifiber-optik internet quraşdırılıb.

 

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.

 

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.1;2.