Yaradıcı yönlü tədris müəssisələrində
distant təhsilin problemləri
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində (ADMİU) “Yaradıcılıq yönümlü
təhsil müəssisələrində
distant təhsilin aktual
problemləri” mövzusunda
beynəlxalq onlayn vebinar keçirilib.
ADMİU-dan bildirilib ki, ikigünlük vebinarda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrindən mütəxəssislər iştirak
ediblər.
Onlayn görüşü ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq qeyd edib ki, dünyanı
bürüyən pandemiya,
bütün fəaliyyət
sahələri kimi, təhsil sahəsində də ciddi problemlər
yaradıb. Distant tədris rejiminə keçidlə bağlı
ən çox problemlər dərslərin
əsasən canlı
ünsiyyət üzərində
qurulduğu bədii təhsil müəssisələrində
özünü göstərib.
Bu vebinarın təşkilində əsas
məqsəd də yeni şərtlərdə
tədrisin keyfiyyətinin
yüksəldilməsinə kömək edəcək innovativ metod və texnologiyaların tətbiqi, müxtəlif bədii yönümlü
məktəblərin praktiki
nailiyyətlərinin ümumiləşdirilməsi
və təcrübə
mübadiləsi kimi aktual məsələləri
müzakirə etməkdir.
C.Mahmudova Azərbaycanda tədrisin pandemiya vəziyyətinə uyğun təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, zəruri karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədəki bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Tədris prosesi dayandırıldıqdan dərhal sonra universitetin professor-müəllim heyətinin təşəbbüsü ilə dərslər onlayn şəkildə davam etdirilib. Bir müddət müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edən müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platforması vasitəsilə dərsləri daha sistemli şəkildə keçmək imkanı əldə ediblər.
Vebinarda ADMİU-nun Sənətşünaslıq fakültəsinin dekanı Sevil Kərimova, professorlar Arif Əziz, Rafiq Quliyev, Cənnət Səlimova, Əli Əmirli, Xalq artisti Mehriban Zəki, habelə Tokat Qazi Osman Paşa Universitetinin Sənət tarixi kafedrasının müdiri Kamal İbrahimzadə, Adana Çukurova Universiteti Dövlət Konservatoriyası Teatr aktyorluğu fakültəsinin qurucusu və professoru Cahangir Novruzov, dosent Özlem Gök, Ankara Hacı Bayram Vəli Universiteti İncəsənət fakültəsinin dekanı, professor Fulya Bayraktar, professor Bülent Dündar Salderay, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun nümayəndəsi Tamara Potapenko, S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun prorektoru, professor Maya Sakvarelidze, Rejissor sənəti fakültəsinin dekanı Nikolay Skuybin və digər çıxış edənlər rəqəmsal tədrisə keçidin yaratdığı problemlərə nəzər salıb, distant təhsil texnologiyasından istifadə ilə bağlı təcrübələrini bölüşüblər.
Vebinarda, həmçinin Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyasının tədris-metodiki işlər üzrə prorektoru, professor Qulnar Abdraxman, professor Lyalya Kaliakbarova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Şınqıs Erqobek, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının elmi işlər və strateji inkişaf üzrə direktoru Janna Tolısbaeva, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru İbrohim Yuldaşev və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.
Mədəniyyət.- 2020.- 28
avqust.- S.3.