“Əsərlərimdəki işıq əbədiyyəti ehtiva edir

 

Vədud Müəzzin: “Əvvəllər tərəddüdlə qarşılanan heykəllərim indi adi qəbul olunur

 

Onun rəsmlərində qəribə bir enerji var. İllərdir bu enerjinin haradan gəldiyini düşünürdüm. Nəhayət, budəfəki müsahibəmizdə rəssam bu enerjinin işıqdan güc aldığını diqqətimə çatdırdı. Özü də rəngləri nurlandıran adi işıq deyil. Onun rənglər dünyası ürfan işığı ilə nura boyanır. O işıq ki, hər birimizin qəlbindədir və biz onun varlığına inanırıq...

 

Müsahibim Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız, bu günlərdə 60 yaşını qeyd edən Vədud Müəzzindir.

 

Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana, daha sonra Türkiyəyə gedib. İstanbuldakı Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Vətənə geri döndükdən sonra yaradıcılıqla müntəzəm məşğul olub. Azərbaycan və İranla yanaşı, ABŞ, Fransa, Kanada və Birləşmiş Ərəb Əmirliklərində fərdi sərgiləri keçirilib. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Hazırda həmin albom-kataloqlardan rəssamlıq məktəblərində geniş istifadə edilir.

 

Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gələrək heykəltəraş Azad Əsgərovdan sənətin sirlərini öyrənən Vədud Müəzzin Ərdəbilə qayıtdıqdan sonra böyük bir emalatxana götürüb işləməyə başlayır. Orada ölkənin bir sıra muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini hazırlayır. Heykəlləri Ərdəbil, Təbriz, Tehranbaşqa şəhərlərdə qoyulub.

 

Məşhur Müəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda mərhum Xalq artisti Ağaxan Abdullayevlə tanışlığı onda Azərbaycan muğamlarına dərin maraq yaradıb. Ustad xanəndədən muğamlarımızın sirlərini öyrənib. Sənət dostları ilə birgə “Səhənd” ansamblını yaradıb, Azərbaycan musiqilərindən ibarət konsertlər verib. Həmçinin Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını tədris edib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Həmin ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olan Vədud Müəzzinin paytaxtımızda sonuncu fərdi sərgisi 2019-cu ilin may ayında Muzey Mərkəzinin sərgi qalereyasında gerçəkləşib.

 

 

 

İlk dəfərdir Bakıda doğum gününüzü qeyd edirsiniz?

 

İkinci ildir doğum günümü Bakıda qarşılayıram. Çünki avqust ayında biz həmişə İranda oluruq. Səbəb də odur ki, bu ayda Ərdəbil çox sərin və səfalı olur. Bu il pandemiya ilə əlaqədar Bakıda qalmalı olduq. Demək, qismət belə imiş ki, 60 yaşımı Bakıda qeyd edim. Yubileyimi ailəmlə keçirdimxeyli təbrik zəngləri aldım. Hər kəsə təşəkkür edirəm.

 

 

 

– 60 yaşda geridə qalanlardan nələr yada düşür?

 

– Hər bir insanın ömrü bölümlərə ayrılıb, məncə. Hər bölümdə də özünə görə bir dünyası yaşanır. Ola bilsin, bəzilərinin yaddaşı güclü olur, həyatında baş verənlər daha dəqiq yadında qalır. Məndə də keçmişdən çoxsaylı xatirələr yaşayır. Hər dövrün öz dadı-duzu var. Eniş-yoxuşlar da çoxdurbu yollarda insan həyatı məna tapır. Mən, ümumiyyətlə, keçmişə həm qayıtmaq istərdim, həm də yox. Bu günü də mən yaxşı yaşaya bilirəm. Ömrün sirlərini insan yaşadıqca başa düşür.

 

 

 

– Yaddaşınızdan silinməyən ad gününüzü xatırlayırsınızmı?

 

Çox olub. Mən İstanbulda təhsil aldığım zaman dostumlarımla bir evdə qalırdıq. Ad günüm yadımdan çıxmışdı. Axşam evə qayıdanda 15-16 dostum məndən gizlin ad günümə hazırlıq görmüşdülər. Evdə tortlar, çiçəklər... Yəni kino kimi bir ad günü. Bunu unuda bilmirəm.

 

 

 

İranda tanınmış bir nəslin nümayəndəsisiniz. Bu məsuliyyəti daşımaq çətin deyil ki?

 

Bilirsiniz ki, bizim nəsil dinlə çox bağlı olub. O səbəbdən də Müəzzinlər soyadını daşıyırıq. Nəslin çox hissəsi də bu soyada uyğun qurub həyatını. Hər kəsin öz əqidəsi var. Amma məndə fərqli oldu. Mən həmişə ətrafımda olan insanların seçiminə hörmətlə yanaşmışam. Bu soyad mənim üçün bəzi çətinliklər də yaradıb. Çünki bir çox insanlar sənət dünyasına fərqli yanaşırlar. Odur ki, bu baxımdan çətinliklərim çox oldu. Çox cəhətdən çayın axınına qarşı üzməli idim. Nailiyyətlərimdən narazı deyiləm. Çalışmışam ki, sənətdə uğurlar əldə edim. Mənə elə gəlir ki, belə olmasaydı, daha çox uğur qazana bilərdim. Ailəm mənim işimə həmişə qiymət verib.

 

 

 

– İranın müxtəlif şəhərlərində bir çox heykəllərin müəllifisiniz...

 

– Mən doğulduğum Ərdəbil şəhərində ilk olaraq heykəl qoydum. Bu təklifi verəndə çoxları məni fikrimdən döndərməyə çalışırdı. Amma fikrimdən dönmədim. Əvvəllər tərəddüdlə qarşılanan heykəllərim indi adi qəbul olunur.

 

 

 

İlk konsertinizi necə xatırlayırsınız?

 

– Ərdəbildə olub. Gənclik dövrümüzdə konsert vermək müşkül idi. İndi bu çox adiləşib və insanlar rahat şəkildə konsertlərə gedə bilirlər.

 

 

 

Musiqinin rəngləri ilə rəssamlığın rəngləri arasında fərqlərdən danışaq...

 

Bu psixoloji cəhətdən çox maraqlı bir yanaşmadır. Rənglərin insanların fikir və duyğularında, bir sözlə, xarakterində öz mövqeyi var. İnsanlar bilərək və bilməyərək o təsiri rənglərdən alırlar. Bu elmi cəhətdən sübut olunub. İnsan var ki, bütün rəng çalarları onun zehnində çox yumşaq tonlardadır. Həmin insanın xarakteri də məhz bu cürdür. Yumşaq və kövrək insandır. Yaxud da əksinə. Bu, yaşla da fərqlənə bilər. Musiqibunun bir qoludur. Bunların hər ikisi bir çeşmədən axıb gəlir. Musiqi dinləyən insanlara nəzər salanda da eyni mənzərəni görə bilirik. Rəssamlıq tarixində fransız rəssamı Ejen Delakruanın əsərlərini araşdırarkən məlum olub ki, o, musiqini gözəl bilirmiş. Məhz bu səbəbdən onun əsərlərinin hər birində musiqi duyulur.

 

 

 

– Yaradıcılığınızda rənglərin bu qədər fərqliliyi nədən irəli gəlir?

 

Birincisi, bu, hər bir rəssamın xarakter və dünyagörüşündən irəli gəlir. İkincisi və ən vacibi, rəng haqqında savadın olması çox önəmlidir. Müxtəlif dövrlərdə bunun üzərində çox işləmişəm. Dünyanın bir çox muzeylərində çalışmışam və bu zaman əsərləri təhlil etmək imkanı qazanmışam. Rəng dünyası çox böyükdür. Biri yaşılın beş çalarını tanıyır, digəri 50-sini. Çalışıram əsərlərimdə rənglərin zənginliyi çox olsun. Bir də mən işlərimdə işığa daha çox önəm verirəm. İşıq həyatın varlığını ehtiva edir əl işlərimdə. Hər rəssamın öz üslubu var və hər kəsin bilgisi işlədiyi qədərdir.

 

 

 

– Bəlkə də rənglərə əlvan çalar verən də elə bu işıqdır...

 

Elmi cəhətdən sübut edilib ki, işıq nə qədər çox olarsa, rəngləri də bir o qədər çox görmə imkanımız yaranar. İşıqda olan rənglərdən əlavə bir dünya kölgədə olan rənglər varbu rəngləri bir araya gətirmək çox çətindir.

 

 

 

– Gələk muğam aləminə. Muğam hər bir azərbaycanlının qanında, canında var...

 

İlk çıxışım Xalq artisti Habil Əliyev İrana qastrola gəldiyi zaman baş tutub. O vaxt artıq mən görkəmli xanəndə Ağaxan Abdullayevdən muğam dərsi alıb İrana qayıtmışdım və öz musiqi qrupum var idi. Təqribən 5 ay Habil müəllimlə İranın şəhərlərini gəzdik. Ondan həm musiqi bilgiləri, həm də həyat dərsi aldım. O zaman, təqribən 30-35 il əvvəl İranda Azərbaycan musiqisi elə də tanınmırdı. Səhnə yox, ustadlar yox, şərait də yox. Belə bir məqamda Habil müəllim gəldi. Qəzetlər yazırdılar, filmlər çəkirdilər, insanlar görüşə gəlirdi. Bir çox yerlərdən musiqiçilər onun konsertinə gəlmişdilər və mən düşündüm ki, belə bir şərait yaranıb, niyə də Habil müəllimdən əvvəl biz çıxıb bir muğam ifa etməyək. Həm Azərbaycan muğamını nümayiş etdirmiş olarıq, həm də öz qrupumuzu tanıdarıq. Habil müəllimin dəstəyi ilə bu istəyimizə nail olduq...

 

 

 

Musiqi ilə bağlı düşüncələriniz maraqlı olardı...

 

Bu günün nəbzini tutmaq da lazımdır, eyni zamanda geriyə çevrilib milli musiqi, əsl sənət nümunələrini təqdim etmək də. Mən bunu gözləyirəm. Müxtəlif ölkələrdə 30-dan çox albomum təqdim olunub. Amerikadan tutmuş Avropanın müxtəlif şəhərlərinə kimi konsertlər vermişəm. Bütün konsertlərin videoarxivi də saxlanılır. Bu gün artıq mənə hansısa televiziya kanalında çıxıb bir mahnı ifa etmək maraqlı gəlməsə də, yenə istəyirəm ki, olsun, insanlar ifamı eşitsin. Hazırda musiqi aləminə daxil olmaq istəmirəm. Rəssamlığa daha çox vaxt ayırıram.

 

 

 

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 

– Mən də fəaliyyətimə diqqətə görə “Mədəniyyət” qəzetinə təşəkkür edirəm.

 

Lalə AZƏRİ

 

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.5.