Avstraliya telekanalında Azərbaycana həsr olunan veriliş

 

Avstraliyanın “Aurora” telekanalında Azərbaycan mədəniyyətinə mətbəxinə həsr olunan xüsusi veriliş yayımlanıb.

 

Telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman Armstronqun Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışılıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edilib.

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçaların, “Qarabağ şikəstəsiSarı gəlinxalq mahnılarının səsləndiyi verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunub, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqların milli mətbəximizə heyran qaldığı xüsusi vurğulanıb.

 

Avstraliyalı tamaşaçılara Xəzər dənizi sahilində yerləşən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti barədə də ətraflı məlumat verilib. Bütün dünyada həm də “Odlar yurdu” adı ilə tanınan Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qazandığı uğurlardan bəhs olunub.

 

Azərbaycanda evə gələn qonağa ilkin olaraq çay təklif edildiyini qeyd edən Xuraman xanım tamaşaçılara ölkəmizdə çay süfrəsinin təşkili, Azərbaycan çayı, armudu stəkan və həmin süfrəni bəzəyən şirniyyatlar, o cümlədən Qarabağ kətəsi barədə məlumat verib. Çay süfrəsi arxasında davam edən söhbətdə qədim adət-ənənələrimizdən, Novruz bayramı, Xuraman xanımın təsisçisi olduğu şirkət tərəfindən Avstraliyada istehsal edilən “Şuşanın sədaları” və “İpək yolukimi şokolad məhsullarından da danışılıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları, Xuraman xanımın babası Ələkbər Abdullayevin bir vaxtlar çalışdığı Şuşa şəhəri və Kəlbəcər rayonu haqqında bəhs edib.

 

Xuraman xanımın evində aparılan çəkilişlər zamanı ölkəmizin süfrə mədəniyyəti ilə seçildiyi diqqətə çatdırılıb. Verilişin prodüseri Elina Reddi ilə birlikdə milli mətbəximizin dovğa, yarpaq dolması, plov kimi nümunələrinin hazırlanması nümayiş olunub. Azərbaycan plovunun toylarımızda xüsusi təmtəraqla təqdim olunduğunu əks etdirən video göstərilib.

 

Verilişdə iştirak edən Xuraman xanımın həyat yoldaşı Qrim Armstronq da Azərbaycanın qədim və zəngin mədəniyyətinə heyran olduğunu bildirib.

 

VerilişAurora” telekanalının “Youtube” və “İnstagramsosial şəbəkələrindəki səhifələrində də yerləşdirilib.

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.8.