“Nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz

 

 

Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb

 

Bu günlərdə ölkəmizin elmi, ədəbi, mədəni həyatında əlamətdar hadisə baş verib – “Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Birliyin rəhbəri – Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla yeni qurumun məqsəd və vəzifələrindən danışarkən deyib:  “Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də gənc tərcüməçilərin fəaliyyəti bu günuğurla davam edir. Lakin onların sistemli fəaliyyətini bir araya gətirən təşkilat olmayıb. Assosiasiyanın məqsədi ictimai səviyyədə Azərbaycan tərcüməçilərini bir məqsəd ətrafında toplamaq, onların fəaliyyətini Azərbaycanı daha optimal şəkildə təbliğ etmək istiqamətinə yönəltmək və əlaqələndirməkdir”.

 

Azərbaycan dilinə tərcümə nümunələrinin çox olduğunu qeyd edən akademik vurğulayıb ki, əgər biz ölkəmiz haqqında həqiqətlərin dünyaya daha yaxşı, optimal şəkildə çatdırılmasını arzu ediriksə, təbliğatı daha da gücləndirmək istəyiriksə, o zaman Azərbaycan dilindən başqa dillərə tərcümələri son dərəcədə sistemli, peşəkar səviyyədə qurmağı bacarmalıyıq: “Bu, təkcə bədii ədəbiyyatla, ictimai-siyasi həyatla bağlı deyil. Bu həm klassikmüasir nümunələrimizin, həm də multikultural dəyərləri təbliğ edən nümunələrin dünyanın bütün dillərinə tərcümə edilmə imkanını ortaya qoymaq deməkdir”.

 

Rektoru olduğu universitetdə 20-dən çox dilin tədris edildiyini diqqətə çatdıran K.Abdulla burada ingilis, alman, fransız, ispan, yapon, Koreya, İndoneziya dillərinin və digər dillərin mərkəzlərinin yaradıldığını deyib: “Assosiasiyanın işində universitetin potensialından səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda tərcüməçilik istiqamətində fəaliyyətini quran ali məktəblər, müxtəlif cəmiyyətlər, şirkətlərlə də əlaqələri quracağıq”.

 

Akademikin sözlərinə görə, Peşəkar Tərcüməçilər Assosiasiyası həm Azərbaycandan kənarda, həm də ölkə daxilində dillər və mədəniyyətlərlə ünsiyyət qurmağa çalışacaq: “Azərbaycanda yaşayan xalqlar bu gün bir-biri ilə Azərbaycan dilində danışır. Azərbaycan ruhu bu xalqların hər birinə xasdır və hər gün onlar Azərbaycan həqiqətlərini öz şəxsi həqiqətləri, dəyərləri kimi qəbul edirlər. Düşünürəm ki, bu xəttin güclənməsi üçün bizim peşəkar tərcüməçilərimizin deməyə sözü olacaqdır”.

 

K.Abdulla bildirib ki, əgər biz Azərbaycanda tərcümə işini sistemli şəkildə qururuqsa, onda, eyni zamanda ölkəmizdə fransız dilindən ingilis dilinə, ingilis dilindən alman dilinə, alman dilindən italyan dilinə tərcüməçiliyin də heç olmasa əlifbasını qurmalıyıq: “Çünki tərcümə işi çox geniş məsələdir. Bizim o istiqamətdə, habelə sinxron tərcüməçilərimiz, bədii, ictimai-siyasi ədəbiyyatı tərcümə edənlərimiz olmalıdır. Bu gün universitetdə həmin dilləri kifayət qədər yüksək səviyyədə bilənlər var. Amma o da var ki, dil bilənlərin heç də hamısı tərcüməçi ola bilmir. Ona görə də biz dil bilənlərin arasından tərcüməçiləri seçib ayırmağı bacarmalıyıq. Bütün bunlar böyük bir prosesdir. Biz Azərbaycan dilinixarici dilləri yaxşı bilən adamın dilimizdən başqa bir dilə olan tərcüməsini ona bir xarici mütəxəssis qoşmaqla həyata keçirə bilərik. Bu mənada biz hələlik ikiliüçlü müştərək tərcüməçilərdən istifadə etməli olacağıq: yəni bir bizim tərcüməçimiz, birxarici dil daşıyıcısının iştirakı”.

 

Akademikin fikrincə, tərcümə edilmiş əsər ölkə, cəmiyyət üçün faydalı olmalıdır. Bu halda “nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz. Assosiasiya tərcümə strategiyasını və sistemini yaratmaq istiqamətində nəşriyyatlarla, qəzetlərlə, jurnallarla, informasiya agentlikləri ilə əməkdaşlıq edəcək.

 

Azərbaycanda klassik dillərə münasibətin bu gün yox dərəcəsində olduğunu bildirən rektor bu yaxınlarda ADU-da Klassik Dillər İnstitutu yaradıldığını xatırladıb. Qeyd edib ki, latın, qədim yunan, sanskrit, qədim Çin dilləri üzrə mütəxəssislər hazırlamaq üçün xaricdən alimlər dəvət ediləcək.

 

Akademik qeyd edib ki, peşəkar tərcüməçi üçün klassik dillər barədə heç olmasa müəyyən təsəvvürə malik olmaq son dərəcə vacibdir. Bütün klassik nümunələr mifoloji mətnlərin üstündə qurulub. Tərcüməçi o mifoloji məkana, eləcə də qədim yunan, yaxud latın dilinə bələd olmasa, o, mifologiya labirintindən çıxa bilməz. Bunun ən sadə forması Vilyam ŞekspirinHamlet” pyesindədirsə, ən dərin variantı Ceyms CoysunUliss” əsərindədir və s.

 

Peşəkar tərcüməçiləri assosiasiyanın işində yaxından iştirak etməyə dəvət edən akademik deyib: “Mənə elə gəlir ki, biz tərcümə ilə məşğul olan hər kəsi öz sıralarımızda birləşdirməklə, bir məqsədə xidmət edəcəyik. Bu da ondan ibarət olacaq ki, biz Azərbaycan həqiqətlərini – bədii həqiqətlərini, ictimai-siyasi həqiqətlərini, publisistik həqiqətlərini dünyaya çatdırmağın daha realdaha optimal yolunu assosiasiyanın fəaliyyəti çərçivəsində arayacağıq və tapacağıq”.

 

Assosiasiya Azərbaycanda ilk dəfə olaraq tərcümə problemləri ilə əlaqədar dövri jurnal da çap etmək niyyətindədir. Jurnalda tərcümə məsələləri, tərcüməçilərin qarşılaşdığı problemlər, tərcüməçilərlə müsahibələr, onların təcrübəsi, tərcümə prosesinin çətinliyi ilə bağlı fikir mübadilələri və s. əksini tapacaq. K.Abdullanın fikrincə, elə dillərdə əsərlər, elə yazıçılar var ki, onları hələlik tərcümə etmək mümkün deyil: “Siz Mirzə Ələkbər Sabiri rus dilində təsəvvür edirsiniz? Sovet dövründə buna cəhd edildi. Tanınmış rus şairi Vasilyev Sabirin şeirlərini tərcümə etdi. Lakin həmin əsərlərdə Sabirin ruhu yox idi. Eləcə də Platonovun sintaksisi. Gərək uyğun bir meydan olsun ki, tərcümə “təyyarəsi” o meydana enə bilsin”.

 

Assosiasiyanın rəhbəri diqqətə çatdırıb ki, bu yaxınlarda Azərbaycan Yaradıcılıq Fondu və ADU ədəbiyyat sahəsində birgə layihə irəli sürüb. Layihə çərçivəsində Azərbaycan yazıçılarına ən çox sevdikləri hekayəni təqdim etmək müraciəti olunub. Təqribən 25-30 hekayə ortaya çıxdı. Bu hekayələr 20-dən çox dilə tərcümə ediləcək.

 

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.6.