Mədəni irsimizin
UNESCO-da yeni təntənəsi
Nar bayramı və
miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahı”ya daxil edildi
2020-ci
ilin 16 dekabrı da Azərbaycanın mədəniyyət təqviminə
və zəngin mədəni irs tarixinə
əlamətdar gün kimi yazıldı. Həmin gün
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə
Hökumətlərarası Komitənin 15-ci sessiyasında mədəni
irsimizin daha iki nümunəsi – ənənəvi Nar bayramı
və miniatür sənəti “Bəşəriyyətin
qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya
daxil edildi.
Xəbər verdiyimiz kimi, 14-19 dekabr tarixində
Yamaykanın “ev sahibliyi” ilə təşkil olunan builki sessiya
qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfə
virtual formatda gerçəkləşir.
UNESCO-nun
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət
göstərən Hökumətlərarası Komitənin
sessiyaları 2006-cı ildən etibarən ildə bir dəfə
keçirilir. 2013-cü ildə sayca 8-ci sessiyaya Bakı ev sahibliyi etmişdi. Hökumətlərarası
Komitə seçkilər vasitəsilə formalaşan 24
üzv-ölkədən ibarətdir. İndiyədək
UNESCO üzvü olan 180 ölkənin qoşulduğu
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasını Azərbaycan
Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya edib. Ölkəmiz 2018-2022-ci illər üçün
komitənin üzvüdür.
Komitənin
illik sessiyalarında bir qayda olaraq ən diqqətçəkən
məsələ müxtəlif ölkələr tərəfindən
UNESCO-nun qeyri-maddi mədəni irs üzrə
siyahılarına təqdim olunan nominasiya fayllarının
müzakirəsidir. 15-ci sessiyaya “Bəşəriyyətin
qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya
daxil edilmək üçün ümumilikdə 42 nominasiya
faylı, “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni
irs üzrə Siyahı”ya salınmaq üçün isə
4 nominasiya faylı təqdim edilib.
Onu da qeyd edək ki, hər iki siyahı “Qeyri-maddi mədəni
irsin qorunması haqqında” Konvensiyanın qüvvəyə
minməsindən sonra – 2008-ci ildən etibarən
formalaşmağa başlayıb. Ötən illər ərzində Azərbaycanın
bu siyahılara ümumilikdə 13 qeyri-maddi mədəni irs nümunəsi salınıb.
Azərbaycanın 15-ci sessiyada “Bəşəriyyətin
qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya təqdim
etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”
nominasiya faylına dekabrın 16-da baxılıb və
Hökumətlərarası Komitə tərəfindən
müsbət qərar qəbul olunub. Beləliklə, Nar bayramı mədəni
irs ənənəsi ölkəmizin UNESCO
siyahısına daxil edilən 14-cü nümunə olub.
Ölkəmiz
üçün mühüm önəm kəsb edən bu qərarın
qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Xarici
İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan
Respublikasının Daimi Nümayəndəliyi və UNESCO
üzrə Azərbaycan Respublikası Milli Komissiyasının
birgə fəaliyyəti nəticəsində mümkün
olub.
İclasda Azərbaycan Respublikasının nümayəndə
heyəti adından çıxış edən Mədəniyyət
Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunan qərara
görə UNESCO-ya və qurumun qiymətləndirmə
orqanına təşəkkürünü bildirib, nar mədəniyyəti
və ənənələrinin Azərbaycan xalqının mədəni
həyatında, mifologiyasında, qədim adət-ənənələrində,
mətbəxində, kənd təsərrüfatında
xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür
nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil
edilməsi ilə bu irsin qorunmasına və gələcək
nəsillərə ötürülməsinə əhəmiyyətli
töhfənin verildiyi qeyd olunub.
Sessiyanın
16 dekabrda keçirilən iclasında Azərbaycan, Türkiyə,
İran və Özbəkistanın
birgə təqdim etdiyi “Miniatür sənəti”
çoxmillətli nominasiya sənədi müzakirə edilib. Müzakirələr nəticəsində bu nominasiya
faylının da “Bəşəriyyətin qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilməsi
haqqında qərar qəbul olunub.
Yaxın və Orta Şərq xalqları incəsənətinin
maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan
miniatür sənəti dünya incəsənəti tarixində
özünəməxsus yer tutur. Çoxmillətli
nominasiya sənədində göstərilir ki, miniatür sənəti
təqdim edən ölkələrin cəmiyyətlərinin
sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul
edilir. Hər miniatür əsəri tarixi
və mədəni irsin mövcudluğuna kömək edir,
keçmiş və bu gün arasındakı mədəni
bağları gücləndirir və ənənəvi
memarlıq, mərasimlər, mədəni hadisələr və
gündəlik həyatın bir çox digər sahələrini
əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd
roluna malikdir.
Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də
Ermənistan Respublikası sessiyadan bir neçə həftə
öncə UNESCO-ya etiraz müraciətləri göndərərək
sözügedən nominasiya sənədində Azərbaycanın
Qarabağ ərazisində miniatür sənəti ilə
bağlı məsələlərin qeyd edilməsinin guya
yolverilməz olduğunu ifadə edib.
Bununla yanaşı, Qarabağ miniatür sənətinin
yalnız ermənilərə və xristian irsinə aid
olduğu iddia edilib. Azərbaycan tərəfindən beynəlxalq hüququn
prinsiplərinə, 2003-cü il
Konvensiyasının ruhuna və tarixi həqiqətlərə
istinad olunaraq təxribatçı ölkəyə müvafiq
layiqli cavab verilib.
Beləliklə,
ölkəmizin UNESCO siyahılarına daxil edilən qeyri-maddi
mədəni irs nümunələrinin
sayı 15-ə çatıb.
Mədəniyyət Nazirliyi bu iki əlamətdar hadisə
münasibətilə Azərbaycan xalqını təbrik edir.
***
Qeyd edək
ki, ölkəmizin UNESCO ilə əməkdaşlığının
genişləndirilməsi, mədəni irsimizin qorunması və
təbliğində müstəsna xidmətləri olan Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
dəstəyi sayəsində hazırda Azərbaycanın 13
irs nümunəsi (Azərbaycan muğam ifaçılığı;
Novruz bayramı; Azərbaycan aşıq sənəti; Azərbaycan
xalça sənəti; tar ifaçılığı; kəlağayı
sənəti; Lahıc misgərlik sənəti; lavaş
bişirmə və paylaşma ənənəsi; dolma
hazırlama və paylaşma ənənəsi; kamança
hazırlanması və ifaçılıq sənəti; Dədə
Qorqud irsi – dastan mədəniyyəti, xalq nağılları
və musiqisi) “Bəşəriyyətin qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahısı”nda, 2 nümunə
(“Çövkən – ənənəvi Qarabağ
atüstü oyunu” və “Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup rəqsləri”) “Təcili
qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə
Siyahı”da yer alır.
Bu nümunələrin UNESCO siyahılarına
salınması tarixlərini diqqətə
çatdırırıq.
Xatırladaq
ki, Azərbaycan muğam sənəti hələ 7 noyabr
2003-cü il tarixində UNESCO tərəfindən
“Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri”
elan edilmişdi. Qeyri-maddi mədəni irslə
bağlı Konvensiya qüvvəyə minəndən (2008)
sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq
muğam sənətimiz salınıb. Bu barədə qərar
2008-ci il 4-8 noyabr tarixində Türkiyənin
İstanbul şəhərində keçirilmiş UNESCO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin 3-cü sessiyasında qəbul olunub.
Azərbaycan
aşıq sənəti 2009-cu ilin 28 sentyabr – 2 oktyabr tarixlərində
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi
şəhərində keçirilən UNESCO Hökumətlərarası
Komitəsinin 4-cü sessiyası zamanı Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahıya salınıb.
Həmin sessiyada qəbul edilmiş daha bir qərara əsasən,
“Novruz bayramı” çoxmillətli nominasiya (Azərbaycan,
Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə,
Özbəkistan) kimi UNESCO-nun sözügedən
siyahısına daxil edilib. Qeyd edək ki, yeddi il sonra Hökumətlərarası
Komitənin 11-ci sessiyasında (2016, Əddis-Əbəbə
şəhəri) İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan
və Əfqanıstan da “Novruz bayramı” nominasiyasına
qoşulub və bununla bağlı müvafiq qərar qəbul olunub.
2010-cu
ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində
keçirilən UNESCO-nun Hökumətlərarası Komitəsinin
5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti
Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahıya daxil edilib.
Tar
ifaçılığı sənətimiz 2012-ci ilin 3-7
dekabr tarixində UNESCO Hökumətlərarası Komitəsinin
Parisdə keçirilən 7-ci sessiyasında “Bəşəriyyətin
qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya
(“Simli musiqi aləti tarın hazırlanma və
ifaçılıq sənəti” nominasiyası)
salınıb.
3 dekabr
2013-cü il tarixində Hökumətlərarası
Komitənin Bakıda keçirilən 8-ci sessiyasında
“Qarabağ atüstü oyun ənənəsi – Çövkən”
nominasiya faylı UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan
qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.
UNESCO
Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə
keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı
sənəti “Qadın ipək baş örtüyü kəlağayının
ənənəvi hazırlanma və daşınma mədəniyyəti
və onun simvolikası” adı ilə “Bəşəriyyətin
qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya
salınması barədə qərar qəbul olunub.
2015-ci il
30 noyabr – 4 dekabr tarixlərində Namibiyanın paytaxtı
Vindhuk şəhərində keçirilən 10-cu
sessiyası çərçivəsində Azərbaycan tərəfindən
təqdim olunan “Lahıc misgərlik sənəti”
nominasiyası da bu siyahıda yerini alıb.
2016-cı
ilin 28 noyabr – 2 dekabr tarixlərində Efiopiyanın
Əddis-Əbəbə şəhərində
keçirilmiş 11-ci sessiyada ölkəmizin təşəbbüsü
ilə daha bir çoxmillətli nominasiya – Azərbaycan,
Türkiyə, İran, Qazaxıstan və
Qırğızıstan tərəfindən birgə təqdim
edilən “Lavaş, katırma, jupka, yufka – nazik çörəyin
hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Onu da qeyd
edək ki, bundan iki il əvvəl – 9-cu
sessiyada (2014, Paris) Ermənistan tərəfindən “Erməni
çörəyi lavaşın hazırlanması ənənələri”
adlı nominasiya təqdim edilmiş, Azərbaycan tərəfinin
qəti etirazından sonra bu cəhdin qarşısı
alınmışdı.
2017-ci
ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju
adasında keçirilən 12-ci sessiyada Azərbaycanın təqdim
etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın
hazırlanma və paylaşma ənənəsi” nominasiya
faylı, həmçinin Azərbaycan və İranın birgə
təqdimatı ilə “Kamança simli musiqi alətinin
hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun
Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
2018-ci
ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki
Respublikasının paytaxtı Port Luis şəhərində
keçirilən 13-cü sessiyada da qeyri-maddi mədəni
irsimizlə bağlı iki nominasiya qəbul olunub. “Yallı
(Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi
qrup rəqsləri” nominasiyası UNESCO-nun “Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi mədəni irs
siyahısı”na, Azərbaycanın Türkiyə və
Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud
irsi – dastan mədəniyyəti, xalq nağılları və
musiqisi” nominasiyası isə Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahıya daxil edilib.
Beləliklə,
dekabrın 16-da qəbul olunan iki qərardan sonra hazırda
UNESCO siyahılarında Azərbaycanın 15 qeyri-maddi mədəni
irs nümunəsi var.
Əlavə
edək ki, UNESCO-nun digər mötəbər reyestrində –
Dünya irsi siyahısında da ölkəmizin 3 tarixi-mədəni
irs məkanı yer alıb: İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu (Şirvanşahlar
sarayı və Qız qalası) – 2000; Qobustan Milli Tarixi-Bədii
Qoruğu (2007); Şəki Xan sarayı və Şəkinin
tarixi mərkəzi (2019).
Bundan əlavə, UNESCO-nun “Yaradıcı
şəhərlər şəbəkəsi”ndə Şəki
(sənətkarlıq və xalq yaradıcılığı
tematikası) və Bakı (dizayn tematikası) şəhərləri
yer alır.
Mədəniyyət.- 2020.- 18
dekabr.- S.1;3.