“Mirzə Cəlil yanğısı”

 

 

Şair-publisist, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Lənkəran Regional Mərkəzinin elmi katibi, Lənkəran Dövlət Universitetinin baş müəllimi Mehman Qaraxanoğlu yeni çapdan çıxmış kitabına “Mirzə Cəlil yanğısı” adını verib. “Mücrü” nəşriyyatında çap olunan kitabın baş redaktoru akademik İsa Həbibbəyli, redaktoru Tehran Mustafayevdir.

 

Bir əsrdən çoxdur ki, Cəlil Məmmədquluzadə yaradıcılığı müxtəlif aspektlərdən araşdırılır və dərindən tədqiq edilir. Ədibin “Poçt qutusu”, “Anamın kitabı”, “Danabaş kəndinin əhvalatları”, “Nigarançılıq” və digər əsərləri də həmin elmi-nəzəri modellə çağdaş Azərbaycan və dünya ədəbiyyatı kontekstində təhlil olunur. Mirzə Cəlil irsi tragikomik XIX və aqressiv XX əsr totalitarizminin bütün bulanıq təzahürlərini, dəyişkən ruhunu göstərən bir barometrdir. Müəllif mövcud elmi qənaətləri nəzərdən keçirərək, özünəməxsus yeni təhlil strategiyaları təklif edir. İstinad etdiyi mənbə isə Cəlil Məmmədquluzadənin öz mətnləridir. Cəlil Məmmədquluzadə sağlığında haqsız təqib, tənqid və təhqirlərə məruz qalıb. Ona qarşı olan haqsızlıq dünyasını dəyişəndən sonra da davam edib. Bu mənfi tendensiya hələ də özünü göstərir. Yeni nəşrdə  Mirzə Cəlilə haqsız hücumlar edən bir neçə çağdaş yazara elmi əsaslarla cavab verilir.

 

Kitabda həm də Mirzə Cəlilin ən yaxın məsləkdaşı Əbdürrəhim bəy Haqverdiyev barədə  üç məqalə yer alıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab dərs vəsaiti kimi təsdiq edilib.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.6.