Şəkidə Qafqaz Albaniyasının qədim dəfn adətləri aşkar edilib

 

Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə “Kiş” Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən arxeolojiantropoloji tədqiqatlar aparılıb.

 

Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən tanınmış alim, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zeynolla Samaşev rəhbərlik edir.

 

ArxeologiyaEtnoqrafiya İnstitutundan bildirilib ki, Antik dövrə aid Kiş-Doxun abidəsində tədqiqatlar 1984-cü ildə tanınmış arxeoloq Nəsib Muxtarov tərəfindən aparılıb. Ondan sonra tədqiqatlar dayanıb və qəbiristanlığın böyük bir hissəsini Kiş çayı yuyub dağıdıb.

 

2020-ci ilin oktyabr-noyabr aylarında aparılan tədqiqatlar nəticəsində Kiş-Doxun qəbiristanlığında Antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkarlanıb ki, onlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura malikdir. Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv (beş insan) dəfn edildiyi aşkarlanıb. Bir sıra xüsusiyyətlərinə görə bu dəfn Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri – nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxıb. Bundan əlavə, bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi mədəniyyət nümunələri əldə olunub.

 

Digər qazıntı sahəsində də kollektiv dəfn məzarı aşkarlanıb. Burada Antik dövrə aid saxsı qablar, müxtəlif formalı tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, zəncirlər, dəmir və tunc qolbaqlar, nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu gözmuncuqları tapılıb. Qəbrin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümükləri yenə də pərakəndə halda tapılıb.

 

Tədqiq olunan qəbirlər əldə edilmiş keramika nümunələri əsasında bizim eranın I-III əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində yeni səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisəli təhlil olunacaq.

 

Ümumiyyətlə, Doxun nekropolu Qafqaz Albaniyası arxeologiyasının və tarixinin öyrənilməsində mühüm rol oynayır. Regionda təkrarı olmayan Antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Cənubi Qafqaz sənət nümunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunub.

 

Ekspedisiyada ArxeologiyaEtnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva da iştirak ediblər. Onların tədqiqatı əsasında Kiş-Doxun qəbiristanlığında tapılan insan skeletlərinin yaşı, cinsi, aşkar görünən zədələri, patologiyaları müəyyən ediləcək.

 

Antropoloqların tədqiqatının ikinci hissəsinə xristianlıq dövrünə aid Kiş Alban məbədi daxil idi. Orada aşkar olunmuş skeletlər tədqiqata cəlb edilib və onların üzərində konservasiya işləri aparılıb. Arxeoloji tədqiqatlar 2021-ci ildə davam etdiriləcək.

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.4.