Regional mədəniyyət idarələrindən
xəbərlər
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Uşaq incəsənət məktəbinin müəllimi Səbuhi Məmmədov Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşmuş Toğrul Nağıyevin portretini yaradıb.
Rəssam Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xüsusi ehtirama layiq olduqlarını, onların əziz xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb. O, bu mövzuda silsilə əsərlər yaradacağını bildirib.
Oğuz rayon Mərkəzi kitabxanası əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərən həmyerliləri, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Ramin Şabanovun qarşılanma mərasimində iştirak ediblər.
Ramin Şabanov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsinin başladığı ilk gündən təyin olunmuş mövqelərdə, Kəlbəcər istiqamətində müxtəlif yüksəkliklərin düşməndən təmizlənməsində, o cümlədən Füzuli, Xocavənd rayonları ərazisində döyüşlərdə şücaət göstərib. Şuşa uğrunda döyüşlərdə mərmi partlaması nəticəsində Ramin sağ ayağından yaralanıb. Bu zaman döyüş yoldaşlarından bir neçəsi şəhid olub. Yaralı vəziyyətdə bir sutkadan çox döyüşüb, sinəsindən qəlpə yarası alan döyüş yoldaşı Çingizi atəş altından çıxarmağa nail olub. Daha sonra komandirinin təkidi ilə təxliyə olunaraq Füzulidəki hospitala yerləşdirilib. Şuşanın işğaldan azad edilməsi xəbərini də orada eşidib.
Oğuz sakinləri qəhrəman həmyerlilərinə tezliklə sağlığına qovuşmasını arzulayıblar.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “İnsan alveri və onun doğurduğu təhlükə” mövzusunda videokonfrans keçirib.
MKS-nin direktoru Solmaz Babanlı ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, kitabxana əməkdaşları insan alverinin potensial qurbanlarını maarifləndirmək və dövlət tərəfindən həyata keçirilən inzibati və digər tədbirlər barədə məlumatların geniş oxucu kütləsi arasında yayılmasında fəal iştirak etməlidir.
***
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı “Bu torpaq bizə sizdən əmanətdir, şəhidlər” mövzusunda onlayn tədbir keçirib.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirib ki, azadlıq, müstəqillik, qəhrəmanlıq simvolu olan şəhidlərimiz Vətən müharibəsində 30 illik Qarabağ həsrətinə son qoyaraq tarix yazdılar. Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.
Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Vətən müharibəsi şəhidi baş gizir Ramal Saleh oğlu Qasımovun xatirəsinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı videokonfrans keçirib. Şəhidin müəllimləri və yaxınları öz xatirələrini bölüşüblər. Daha sonra Gəncə şəhər 29 nömrəli məktəbin şagirdləri vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.
Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı 21 nömrəli tam orta məktəblə birlikdə “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!” adlı videokonfrans keçiriblər. Tədbirdə şəhidlərimizə, vətənpərvərliyə həsr olunmuş şeirlər söylənilib.
Goranboy rayon Mərkəzi kitabxanası Xalq şairi Osman Sarıvəllinin (1905-1990) 115 illiyinə həsr olunmuş videokonfrans keçirib. Çıxışlarda şairin poeziyasının özünəməxsusluğu haqqında söz açılıb.
Samux rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi tərəfindən “Bir millət, iki dövlət” adlı onlayn tədbir təşkil olunub. Çıxışlarda bildirilib ki, ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu təcəssüm etdirən bu müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin Sənətkarlıq klubu vətənpərvərlik mövzusunda “Hər şey Vətən üçün!” adlı videoçarx hazırlayıb.
Regional idarənin tabeliyində fəaliyyət göstərən Bərdə rayon MKS-nin Otuzikilər kənd kitabxana filialı isə “Bərdə şəhidləri” adlı videoçarx ərsəyə gətirib. Videoçarxda Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsinə və döyüşlərdə canını fəda edən bərdəli şəhidlərə dair məlumat əksini tapıb.
NURƏDDİN
Mədəniyyət.- 2020.- 18
dekbar.- S.4.