Ən böyük arzusu Şuşanın azad
olunması idi…
Nurlan Nadir oğlu Həsənov 1991-ci ilin 19 mayında mədəniyyət beşiyimiz olan Şuşa şəhərində anadan olub. 1992-ci ildə ermənilər Şuşanı işğal edən zaman ailəsi doğma yurdundan didərgin düşərək məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb. 1997-ci ildə Bakıda fəaliyyət göstərən Şuşa şəhər 3 saylı tam orta məktəbə daxil olub. 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Texnologiya Universitetinin inzibati idarəetmə ixtisasına qəbul olunub. 2012-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə çağırılan Nurlan leytenant rütbəsində Gəncədə N saylı hərbi hissədə xidmət keçib. 2014-cü ildə zabit kimi ordudan ehtiyata buraxılıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlanan zaman Nurlan da ordu sıralarına cəlb olunur. Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edir. Ən böyük arzusu doğma yurdu Şuşanı düşməndən azad etmək idi. İlk gündən də döyüşə bu əzmlə atılır. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhid olur.
Nurlan Həsənov oktyabrın 2-də Biləcəri qəbiristanlığında torpağa tapşırılıb. 2015-ci ildə ailə quran Nurlanın Nurgül və Məhəmməd adlı iki övladı yadigar qalıb.
Şəhidin anası Həqiqət Həsənova deyir ki, hər gün səbirsizliklə onun işdən gəlməyini gözləyərdik: “Oğlum evə gələndə öncə həyətdəki ağaclara su verərdi. Özünün əkdiyi alma və limon ağaclarına xüsusi qulluq göstərərdi. Daha sonra övladları Məhəmməd və Nurgüllə vaxt keçirərdi... İndi hər gün, qeyri-ixtiyari olaraq, Nurlanın evə gəlişini gözləyirik...”.
Atası Nadir Həsənov oğlu ilə fəxr etdiyini söyləyir: “Mən oğlumdan çox razı idim. O, xoş xasiyyəti ilə böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Həmişə deyirdim ki, Nurlanda köhnə kişilərin xarakteri var. Ona adi ölüm yox, şərəfli ölüm qismət oldu”.
Bacısı Gülnar Həsənova qardaşı ilə bağlı uşaqlıq xatirələrini bölüşür: “Uşaq vaxtı məni bağçaya aparıb-gətirərdi. Bağçada yeməyim üçün mənə verdikləri çörəyin bir dilimini ona saxlayardım. O, çörəyi yeyə-yeyə bağçanın həyətindəki tut ağacına çıxardı. Deyirdi ki, mən anama tut yığıb aparmalıyam. Hər gün bir ovuc tutu yığıb anama verərdi. Həmin günlər xatirəmdən heç vaxt silinməyəcək. Ruhun şad olsun, qardaşım. Səni hər zaman belə xoş xatirələrlə yad edəcəyik. Səninlə fəxr edirəm. Sən əsl vətənpərvər, igid qəhrəmansan”.
Nurlanın dayısı oğlu Kamil Quliyev deyir ki, böyüdüyümüz Biləcəridə bir çoxları bizi qardaş bilirdi: “28 ilin hər gününü bizi bir yerdə görüblər. 11 il məktəbdə bir oxumuşuq, 4 illik universitet dövründə də bir evdə qalmışıq. Dayısı oğlu olsam da, həqiqətən də, özümü onun kiçik qardaşı kimi hiss edirdim. Nurlan əsl Azərbaycan kişisinə xas xüsusiyyətlərə malik idi. Hər zaman onun yanında olsam da, müharibədə yollarımız ayrıldı, ona şəhidlik qismət oldu. O, həqiqətən də, bu ada layiqli oğul idi. Vətən sağ olsun!”.
Şəhidin yaxın dostu Zaur Həsənov vurğulayır ki, onun yoxluğu ilə barışmaq nə qədər çətin olsa da, biz hamımız Nurlanla fəxr edirik: “O, ölümü ilə əbədilik qazandı. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin”.
Nurlanın ruhu artıq şaddır. Çünki Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərini düşməndən azad etdi. Şanlı üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır.
Allah rəhmət eləsin.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 23
dekbar.- S.4.