“Azərbaycan – Turanın incisi

 

 

Rusiyanın “Xudojestvennaya literatura” nəşriyyatında “Azərbaycan – Turanın incisi” monoqrafiya-antologiyası işıq üzü görüb.

 

Nəşrin layihə rəhbəri AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, məsul redaktoru Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, filologiya elmləri doktoru Abuzər Bağırov, elmi redaktoru AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoruLiteraturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakovadır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitaba geniş ön söz yazıb.

 

Kitabda Azərbaycan ədəbiyyatının təşəkkül tarixinə, poetik irsimizi əhatə edən araşdırmalara ümumi nəzər yetirilir, bu istiqamətdə töhfələri olan görkəmli ədiblər haqqında biblioqrafik məlumatlar verilir və ayrı-ayrı şairlərin yaradıcılıq xüsusiyyətləri geniş şərhini tapır.

 

Kitabın “Klassik Azərbaycan poeziyası” bölməsində Rusiyanın tanınmış ədəbiyyat xadimlərinin tərcümələri əsasında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər söz dühalarının əsərlərinin, xüsusən də qəzəl və rübailərinin rus dilinə tərcümələri yer alır. “Azərbaycan aşıq poeziyası” bölməsində Dədə Qorqud hikmətlərindən, Aşıq Alı, Aşıq Ələsgər, Sarı Aşıq və digər söz ustadlarının yaradıcılığından söhbət açılaraq nümunələr gətirilir. Antologiyada Xəlil Rza Ulutürk və Məmməd Arazın poetik yaradıcılığından seçmələr rusdilli oxuculara təqdim edilir, həmçinin Rusiyada yaşayan azərbaycanlı şairlərin yaradıcılığına, folklor nümunələrimizə müraciət olunur.

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.8.