Muzey işi sahəsində yadda qalanlar

 

Pandemiyalı 2020-ci il muzeylər üçün çox çətin il oldu. Birbaşa ünsiyyət tələb edən bu mədəniyyət ocaqlarının da qapıları uzun müddət bağlı qaldı. Karantin məhdudiyyətləri üzündən mart ayından etibarən aparıcı muzeylərimiz fəaliyyətini onlayn rejimdə qurdu. Təqdimat və layihələr daha çox sosial şəbəkələr üzərindən ictimaiyyətə çatdırıldı.

 

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsindən aldığımız məlumata görə, il ərzində tarixi hadisə, bayram günləri, habelə tanınmış şəxsiyyətlərin həyat və fəaliyyəti, yubileyləri ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı respublikadakı muzeylərdə və Heydər Əliyev mərkəzlərində silsilə tədbirlər reallaşıb. Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunanQan yaddaşımız” adlı sərgidə Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Arif Hüseynov və digər tanınmış rəssamların əsərləri nümayiş etdirilib.

 

Fevral ayında Azərbaycan Milli Xalça Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyəti əksini tapıb. Sankt-Peterburqda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev ilə Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovskinin görüşündə Dövlət Ermitajında qorunub saxlanılan ölkəmizə məxsus mədəniyyət nümunələrindən ibarət “Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyanın yaradılması barədə razılıq əldə olunub.

 

***

 

Mart ayından sonra muzeylər öz işlərini karantin dövrünün tələblərinə uyğunlaşdırdılar. Bu müddət ərzində bir sıra onlayn sərgilər, layihələr reallaşdırıldı və muzeylərin sosial şəbəkə səhifələrində və mediada işıqlandırıldı. İl ərzində xüsusilə “Virtual muzey”, “Muzey eksponatının hekayəsini sən danış”, “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” və s. virtual layihələr maraqla qarşılandı. Sentyabrın 16-da “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsi qaliblərinə diplompul mükafatları təqdim olundu.

 

Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə Milli İncəsənət Muzeyi, Milli Xalça MuzeyiQobustan Milli Tarixi-Bədii Qoruğu üçün Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində audiobələdçiliklə bağlı mobil tətbiqlər istifadəyə verildi.  Nazirlik tərəfindən beynəlxalq təcrübə əsasında “Tarix-diyarşünaslıq muzeylərinin bədii tərtibat və ekspozisiya planlarının bələdçisi”nin ilkin layihəsi də hazırlanıb.

 

Bu il mövcud vəziyyətə uyğun olaraq 18 may – Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlikdevizi altında onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edildi.

 

***

 

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən və tarixi zəfərlə başa çatan Vətən müharibəsi dövründə muzeylərimiz Silahlı Qüvvələrimizə maddi və mənəvi dəstək göstərdi, vətənpərvərlik ruhlu layihələr həyata keçirdilər. Qarabağ elinin qədim və zəngin mədəni mirasının təbliğatı da diqqət mərkəzində saxlanıldı. Hazırda işğaldan azad olunmuş ərazilərdə 22 muzeyin bərpası ilə bağlı işlər aparılır, o cümlədən işğal öncəsi xilas edilmiş eksponatların siyahısı toplanılır.

 

Mədəniyyət Nazirliyi və “Museum.az” saytının birgə hazırladığı “Qarabağın nadir muzey inciləri” layihəsi çərçivəsində muzeylərimizdə qorunub saxlanılan Qarabağ bölgəsinə məxsus tarixi, bədii, elmimuzey əhəmiyyəti olan nadir sənət nümunələri təqdim edilir.

 

Noyabrın 16-da Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nunQeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsinin 10 illiyi qeyd edildi. Tədbir çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi təqdim olundu.

 

Dekabrın 11-də Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi tərəfindən İtaliyanın Sartirano yarmarkasında satın alınaraq Vətənə gətirilən XVII-XIX əsrlərə aid üç Azərbaycan xalçasının təqdimatı və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi münasibətilə mərasim keçirildi.

 

2020-ci ildə mədəniyyət sərvətlərinə nəzarətin gücləndirilməsi, müvafiq məlumat bazalarının və reyestrlərin yaradılması, doldurulması istiqamətində də işlər diqqətdə saxlanılıb.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.4.