Əbədiyyət zirvəsinə qovuşan qəhrəman

 

İsmayıllı Məhəmmədəli Elxan oğlu. Ömrünün bahar çağında şəhidlik zirvəsinə ucalan, ölümü ilə əbədi həyat qazanan qardaşım Məhəmmədəlinin adı bu gün təkcə bizim ailəmiz, doğma kəndi, rayonu üçün deyil, bütün Azərbaycan xalqı üçün əzizdir!

 

Məhəmmədəli 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya göz açdı. Uşaqlıqdan döyüş idman növlərinə həvəsi vardı, bu yolda dönməz iradəsi ona 15 yaşında karate üzrə gənclər arasında dünya çempionu adını qazandırdı. Qardaşım  qısa ömrünə çox şey sığdırdı. Aldığı fəxri dərəcələri, medalları, müxtəlif diplomları gözdən keçirirəm: Azərbaycan çempionatında 3-cü yer (2007), 2008-ci ildə Bakıda açıq çempionatda birincilik, paytaxtdakı açıq çempionatda 1-ci yer (2009), 2011-ci ildə Gürcüstanın Poti şəhərində təşkil olunan beynəlxalq turnirdə 1-ci yer, nəhayət, həmin il Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən Dünya çempionatında 70 kq çəki dərəcəsində çempion...

 

2013-cü ildə R.Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırıldı və xidmətini Hərbi Dəniz Donanmasında başa vurdu. Xidmət dövründə dəfələrlə fəxri fərmanla təltif edildibaş matros rütbəsi daşıdı. Hərbi xidmətdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edildi və qısa müddətdə leytenant rütbəsi aldı. Vətənə, xalqa olan sevgisi onu hərbi sahəyə yönəltdi. 2018-ci ildə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başladı. O, bütün şəxsi heyətin hörmətini qazanmışdı.

 

Uşaqlıqdan at bəsləməyi və çapmağı çox sevirdi. Hətta kənd cavanları arasında at çaparaq sürətlə əyilib yerdən kibrit qutusunu götürmək bacarığı ilə məşhur idi. Ailəmizin ən kiçiyi olmasına baxmayaraq, evimizdə hər kəsə yaşına uyğun olmayan bir qayğıkeşliklə yanaşırdı. Sirlərini həmişə mənimlə bölüşürdü. Ata-anamla həm də dost, sirdaş idi. Onlara deyirdi ki, inşallah, tezliklə şəraitli bir ev tikdirib sizi ora köçürəcəyəm...

 

Vətən müharibəsinin başladığı ilk gündən Füzuli rayonunun müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüşlərdə yaralı və şəhidlərimizi döyüş bölgəsindən çıxarmaq üçün ön sıralara qədər getdi. Onun idarə etdiyi hərbi tibbi yardım maşını ilə 300-ə qədər yaralı və şəhid döyüş meydanından götürülmüşdü. Vətənə, millətimizə olan məhəbbəti onun gözlərində qorxu hissini yox etmişdi. Bir çox məqamları bizə ölümündən sonra yoldaşları danışdılar: “Bir dəfə ağır döyüşlərdən sonra dağarası, keçilməz yollarda qalan yaralılarımızı götürmək üçün ayrılan qrup ərazidə mina ehtimalı olduğu üçün həmin yerə girməyə tərəddüd edirdi. Bu zaman Məhəmmədəli dözə bilmədi, dedi ki, mən yaralılarımızı xilas edəcəyəm. Qısa vaxt içində birgördük qucağında bir yaralı ilə geri qayıtdı. Bundan sonra ürəklənən xilasedici qrup həmin əraziyə daxil oldu”.

 

Müharibə günlərində Məhəmmədəlinin idarə etdiyi tibbi yardım maşını mənfur düşmən tərəfindən bir neçə dəfə atəşə tutulmuşdu. Son dəfə, ölümündən bir həftə əvvəl qəlpə zərbəsindən zədələnmiş maşını ustaya gətirən zaman evə baş çəkdi. Mənə dedi ki, alçaq düşmənin atdığı mərmilərin qəlpəsi başımın lap yaxınından keçdi, maşının güzgüsünü qırıb tökdü. Allah qorudu. 23 gün ərzində əynindən çıxmayan üst geyimi çox zaman sürünərək yaralıları daşımaqdan toz-torpaqqan ləkələri içində idi. Yumaq istədiyimi bildirəndə qoymadı. Dedi quruda bilməzsən, tələsirəm. Güc-bəla ilə əlindən alıb yudumtezqurutdum. Çox sevindi...

 

Yola düşərkən məni bərk-bərk qucaqlayıb alnımdan öpdüdedi: “Əgər şəhid olsam, ağlama, başını dik tut! Sözlərimi anama, atama da çatdır! Təki tezliklə doğma Qarabağımızı azad edək!”.

 

Oktyabrın 26-da qanlı döyüşlərin getdiyi Füzuli şəhəri yaxınlığında tank əleyhinə minalanmış ərazidə iki yaralı əsgərimizi götürüb qayıtdığı zaman görür ki, bir az aralıda daha bir xəsarət alan əsgər var. Məhəmmədəli “Mən hərbçi qardaşlarımı yaralı halda döyüş meydanında qoyub gedə bilmərəm” deyərək maşını yaralıya tərəf yönəldir. Bir neçə metr getdikdən sonra maşın tank əleyhinə minaya düşür... Ərazi təhlükəli olduğundan Məhəmmədəlinin nəşi bir gün həmin yerdə alır. Oktyabrın 27-də onu şəhid olduğu yerdən götürə bildilər və doğulduğu Kürdmahmudlu kəndində torpağa tapşırıldı. Dəfn mərasimi izdihama dönmüşdü. Vida mərasiminə 5-6 nəfər xanım tibb işçisi də gəlmişdi. Onlar ağlaya-ağlaya Məhəmmədəlinin xətrini çox istədiklərini dedilər: “Bizi ön cəbhədə görəndə çox əsəbiləşdi. Dedi sizin görəcəyiniz işi mən özüm edəcəyəm, biz ölməmişik ki, qızlarımız ön cəbhədə olsunlar”.

 

Ailəmiz üçün Məhəmmədəlinin itkisi çox ağırdır, ancaq qürur duyuruq ki, o, Vətən uğrunda qurban gedib. Atam Elxan Quliyev qardaşımın şəhadətinə həsr etdiyi “Qəhrəman oğul” şeirində də bunu ifadə edib:

 

Şəhid, yaralılar sənin əlinlə

Meydandan alındı qətiyyətinlə.

Vətən qürur duyur indi səninlə,

Sönməz yandırdığın dostluq məşəli

Xalq unutmaz səni, Məhəmmədəli!

 

Qəhrəman oğullarımız qardaşımın ən böyük arzusunu yerinə yetirdi, doğma Qarabağımızı düşmən işğalından azad etdi. Bizim ən böyük təsəllimiz budur.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Səyyarə KƏRİMOVA

şəhidin bacısı, Füzuli rayon 33 saylı orta məktəbin müəllimi

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.6.