Araz, səndən kim
keçdi...
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1989-cu il dekabrın 31-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran sərhədini keçərək Cənubi Azərbaycandakı soydaşlarımıza qovuşub.
İki əsrə yaxın o taylı-bu taylı xalqımızın ayrılıq rəmzi sayılan xan Araz həmin gün həsrətlilərin vüsalına, soydaşlarımızın həmrəyliyinə məkan olub. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə bu tarix Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.
O vaxtdan təqvimimizin qırmızı səhifəsinə düşən bu günü artıq 30-cu dəfədir qeyd edirik. Həm də bu dəfə Vətən müharibəsində tarixi Zəfərin bəxş etdiyi xüsusi ovqatla... İllərdir ayağımız dəymədiyi Arazboyu torpaqlarımız artıq azaddır, əsrlərə yaddaş olan Xudafərin körpüsü üzərində bayrağımız dalğalanır...
Uzaq uşaqlıq yaddaşımda ilişən, Təbriz gözəli nənəmi hər dəfə deyərkən ağladan o bayatını da illər sonra bir də ayrı biçimdə, ayrı ovqatda eşidəndə dilim-dodağım əsdi. Əzəmətli xalqın müzəffər Ordusunun Zəfər paradında deyilən və milyonların himninə çevrilən o misralar yenidən dodaqlarda çiçəkləndi, gözlərdə işığa çevrildi...
Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar...
Bayatılar həyatımızın canlı poetik salnaməsidir. O, bizi dünyaya göz açdığımız gündən mənəvi varlığını anladığımız uca məqamadək müşayiət edir, hisslərimizə yön verir. Layladan, ninnidən başlayan bu ulu ün ağuda, oxşamada da yol gedir, qırılmır, bitmir, tükənmir.
Bayatılarımız, bax beləcə, yaradıcısı olan xalqın ən ülvi, ən zərif hisslərinə bələnərək həyatımızın hər anında sadiq sirdaşımıza çevrilə bilir. Etibarımızı, sevgimizi, sədaqətimizi qazanır. Əvəzində də bizə boyatlaşmayan, daim təptəzə qalan bir ruh verir. O ruh ki, heç vaxt doğru bildiyi yoldan sapmır, təslim olmur, sadəcə, dözür, səbr edir və bir gün kükrəyərək azadəliyinə qovuşur. Araz kimi. Axı, o da məcrasına sığmayanda bənd-bərələri dağıdır...
Bayatılarımızda Araz tematikası daim olub. Özü də
həsrət, nisgil, ayrılıq obrazında.
Xüsusən Cənubi Azərbaycan
ədəbi nümunələrində,
aşıq şeirlərində,
el nəğmələrində Araza xitabən onlarla ağı, qarğış, giley, şikayət, müraciət,
bəzən də yalvarış formalı müraciətlər olub.
Bu folklor nümunələri
içərisində müəllifi
(Əlirza Nabdil Oxtay) olmasına rəğmən aşıq,
xalq şərqisi kimi dildən-dilə düşən şeir də var. Müəmmalı
şəkildə Araz
çayında boğulan,
qısa ömrünə
böyük işlər
sığdıra bilən
müəllim, tərcüməçi,
nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi
Səməd Behrəngiyə
həsr olunan “Səməd könlümdədir”i
deyirəm. Həsrət
qanadlı bayatılara
qoşulan bu şeirin də misraları xalqın vüsal arzularında hələ də pərvaz edir:
Araz, səndən kim
keçdi,
Kim qərq oldu, kim keçdi,
Fələk, gəl sabit eylə,
Hansı
günüm xoş keçdi!
Haraylar,
ay haraylar,
Həm ulduzlar, həm aylar,
Dəryada bir gül bitib,
Susuzluqdan haraylar.
Səməd gəlir gülə-gülə,
Döşündə bax qızılgülə,
Hər əlində dörd kitab
Döndərir türkün dilə!
Məhz bu həzin və
səmimi şeiri bayatılarında tez-tez yada salan, onu
da dildən-dilə ötürən Araz nisgilli insanların həsrət çayına
xitabları saysız-hesabsızdır.
Araz, Araz, xan Araz,
Dağlardan axan Araz.
Elimdən xəbər gətir,
Evimi yıxan
Araz.
Sadə xalq dilində insan ruhunun ən
dərin qatlarındakı
sızıltını yalnız
bu qədər zərif dillə ifadə etmək olardı.
Araz qalmaz axmaqdan,
Şimşək doymaz çaxmaqdan.
Gözlərimə qan damdı,
O taylara baxmaqdan.
Bu misralar gözündən axan duzlu yaşı
yanağını dalayıb,
dodağında cadarlanan
nə qədər ürəyin sözüdür,
bir bilsən…
Başqa
bir nümunə ayrı bir əzab
yüklü, ayrı bir nisgillidir ki, oxuduqca onu
ərsəyə gətirən
insanın hisslərini
bu əzəmətdə
ifa gücünə həsəd aparmaya bilmirsən:
Araza gəmi gəldi,
Mən dedim hami gəldi
Sən ağla, ay gözlərim,
Ayrılıq dəmi gəldi.
Yəqin
parça-parça olan
könüllərin, ruhu
didərgin canların,
ürəyindəki böyük
arzuları Araza qərq olanların dilindən
Arazda axar qaldı,
Tərlan
uçdu, sar
qaldı.
Elimdən ayrı düşdüm,
Gözlərim baxar qaldı –
bayatısını da eşitmisiniz.
Araz çayına xitabən yazılan səssiz etiraz gücündəki misraların sırasındakı
Araz aşanda ağlar,
Kür qovuşanda
ağlar.
Balalar anasından,
Ayrı
düşəndə ağlar”
–
bayatısı ayrı
bir pərdədə dillənir. Adamın yadına həm
torpaq ağrıları,
həm də ona qurban gedən
minlərin həsrəti
düşür.
Xalq Araz çayına xitabən yazdığı bayatılarda
təkcə həsrət,
ayrılıq, nisgili,
Vətən dərdini
nəql etməyib. Həm də
sevgili yar söz-sovlarını, etibarsız
aşiq-məşuq gileylərini,
pünhan eşqlərinə
etiraflarını, ayrılıq
yüklərini də
onun sularına veriblər.
Belə
maraqlı nümunələr
içərisində xüsusilə
məşhur olan iki bayatı var:
Arazda gəmim qaldı,
Biçmədim zəmim qaldı.
Arzun gözündə qalsın,
Necə ki, mənim qaldı.
Araz kimi bulannam,
Bağça kimi sulannam.
Əlim
sənə çatınca,
Hər tərəfi
dollannam.
Sevgi, həsrət, vüsal dilli bayatıların quş qanadlı misralarında maraqlı ismarışlar, fəlsəfi
mənalar da yatır:
Keçmə, Araz dərindir,
İçmə, suyu sərindir.
Həsrət baxan bu ellər
Sənin də ellərindir.
Təbii ki, nəğmələrin, xüsusən şux şərqilərin də Araz ünvanlıları var və çoxumuz heç fərqinə varmadan onların xoş sədalarında qol qaldırıb oynayırıq.
Araz üstə, buz üstə,
Kabab yanar köz üstə,
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə.
Sevgilisinə gileyini də Araza edən aşiqlərin bir-birinə ötürdüyü həzin misralar arasında həm o, həm də bu tayda daha çox deyilənləri də var:
Araz gəlir, lillənir,
Suyu gəlir, güllənir.
Yarı xəlvətdə görcək,
Mənim qəlbim dillənir.
Arazın qıraxları,
Dolu gələr arxları,
Şeh dəyən gülə bənzər,
Yarımın dodaxları...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 29
dekabr.- S.6.