Azərbaycan ədəbi, mədəni həyatının fədaisi

 

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunmuş videokonfrans keçirildi

 

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev – 150” mövzusunda videokonfrans keçirildi.

 

Videokonfransı UNESCO üzrə Milli Komissiyanın baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov açaraq iştirakçıları salamladı, Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, Prezident İlham Əliyevin Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd edilməsi haqqında 31 yanvar 2020-ci il tarixli sərəncamına uyğun olaraq müxtəlif təşkilatlar və dövlət qurumları tərəfindən yubiley tədbirləri keçirilir.

 

Vurğulandı ki, Əbdürrəhim bəy Haqverdiyev və digər tanınmış ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi, habelə mədəni irsimizin beynəlxalq aləmdə geniş təbliğ olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Mehriban xanımın rəhbərliyi ilə bu istiqamətdə görülən bütün işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu daha da artırır.

 

Konfransda çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirdi ki, ötən il UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq edilib. Təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması kimi meyarlar əsas götürülərək Azərbaycanın tanınmış yazıçı-dramaturqu, mədəniyyət xadimi, maarifpərvər ziyalı Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) anadan olmasının 150 illiyiUNESCO-nun yubileylər siyahısına daxil edilib.

 

Qeyd olundu ki, hər bir xalqı xarakterizə edən özünəməxsus xüsusiyyətlər bəşəri düşüncədə xalqların milli kimliyinixarakterini də müəyyənləşdirir. Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdən biri yaradıcılıq potensialının böyük olması və onu müxtəlif tarixi dövrlərdə realizə edə bilməsidir. Təsadüfi deyil ki, Azərbaycan tarixinin bir çox dövrüya bütöv bir əsri məhz yaradıcı insanların adları ilə bağlıdır. Bu baxımdan XX əsri hər hansı bir şəxsiyyətin adı ilə səciyyələndirmək qeyri-mümkündür. Çünki ötən əsrdə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin adı dünya mədəniyyəti, incəsənəti, ədəbiyyatı tarixinə yazılıb. Buna görə də XX əsr Azərbaycan tarixində intibah dövrü sayıla bilər.

 

Anar Kərimov qeyd etdi ki, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında xidmətləri olmuş insanların yubileyinin dövlət səviyyəsində qeyd olunması artıq ənənəyə çevrilib. Hər il Prezident İlham Əliyev tərəfindən görkəmli şəxslərin yubileylərinin qeyd olunması barədə sərəncamlar imzalanır. Bu, ölkə rəhbərinin mədəniyyət sahəsinə, ədəbiyyat xadimlərimizə göstərdiyi böyük diqqət və qayğının, ehtiramın təcəssümüdür. Bu gün ölkə başçısının sərəncamı ilə 150 illiyini qeyd etdiyimiz Əbdürrəhim bəy Haqverdiyev də XX əsr Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biridir: “Əbdürrəhim bəy Haqverdiyev böyüklüyünü idrak etmək üçün sadəcə onun adının qarşısında çoxşaxəli fəaliyyətini və kimliyini müəyyənləşdirən anlayışları sadalamaq kifayət edər: böyük dramaturq, nasir, publisist, pedaqoq, ədəbiyyatşünas, teatr təşkilatçısı və nəhayət, tanınmış ictimai xadim. O, Azərbaycanın ədəbiyyatına, musiqisinə və incəsənətinə qüdrətli simalar bəxş etmiş Şuşa şəhərində anadan olub. Bildiyiniz kimi, Ali Baş Komandanın iradəsi, böyük əzmi və Ordumuzun rəşadəti nəticəsində ölkəmizin Qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsi Azərbaycan Respublikasının suverenliyinin bərpa olunması ilə yanaşı, xalqımızın mədəni bütövlüyünü də təmin etdi. Əbdürrəhim bəy Haqverdiyevin göz açdığı və Azərbaycanın mədəni paytaxtı hesab olunan Şuşa şəhəri işğaldan azad olundubu torpaq əzəli sahiblərinə – Haqverdiyevin də nümayəndəsi olduğu xalqa qayıtdı”.

 

Anar Kərimov vurğuladı ki, bu gün biz özümüzü məhz ona görə xoşbəxt nəsil hesab etməliyik ki, Əbdürrəhim bəy Haqverdiyev kimi böyük şəxsiyyətlərimizin milli oyanış və tərəqqi arzularının gerçəkləşdiyi müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq: Ona görə xoşbəxt nəsilik ki, Haqverdiyevin dünyaya gəldiyi şəhərin adını artıq fərəhlə və vüqarla səsləndirə bilirik. Əminəm ki, bundan sonra da böyük maarifçi-demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə və xalqımızın gələcək inkişafına uğurla xidmət edəcək”.

 

Haqverdiyevin Şuşadakı evininişğal dövründə dağıdıldığını diqqətə çatdıran Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz və abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirdi.

 

Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olundu. Anar Kərimov vurğuladı ki, Şuşada xalqımızın zəngin irsini bərpa etməklə bu tarixi şəhərə onun itirilmiş ruhunu qaytaracağıq.

 

Anar Kərimov 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırdı.

 

***

 

Videokonfransda daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, maarifelm məsələləri xalqları həmişə düşündürən sahə olub. Azərbaycan xalqının tarixində bu sahədə xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlərdən biriHaqverdiyevdir. O, ədəbiyyatımızı zənginləşdirərək bədii və estetik cəhətdən yüksək səviyyəyə qaldırıb. Nazir müavini yubiley ilində reallaşdırdıqları layihələr haqqında da məlumat verdi.

 

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ədibin azərbaycançılıq ideyalarından və xalqın milli-mənəvi oyanışında xidmətlərindən söz açdı. Bildirdi ki, Haqverdiyev Mirzə Cəlillə yanaşı XX əsrin əvvəllərində ədəbiyyat və milli fikir tariximizdə azərbaycançılıq ideyasının əsasını yaradanlardan biridir. O, həmçinin Nəcəf bəy Vəzirovla eyni vaxtda – 1896-cı ildə dramaturgiyamızda faciə janrının əsasını qoyub.

 

Akademik İsa Həbibbəyli rəhbəri olduğu Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən Haqverdiyev haqqında müstəqillik dövründə ilk monoqrafiyanın ərsəyə gətirildiyini və burada ədibin irsi ilə bağlı sovet dövründə diqqətdən kənar qalmış bir çox məqamların əhatə olunduğunu da dedi.

 

Videokonfransa qoşulan Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas,  professor Vilayət Quliyev Əbdürrəhim bəy Haqverdiyevin diplomat kimi fəaliyyəti barədə ətraflı bəhs etdi. Haqverdiyevin 1918-ci ildə müstəqil Gürcüstanın parlamentinə deputat seçilmiş dörd azərbaycanlıdan biri olduğunu deyən V.Quliyev daha sonra onun Xalq Cümhuriyyəti hökuməti tərəfindən Bakıya dəvət edilməsi, 1919-1920-ci illərdə Azərbaycanın Dağlı Respublikasında (Dağıstan və Şimali Qafqaz) və Ermənistanda səfir kimi fəaliyyət göstərməsi ilə bağlı bir sıra məqamları diqqətə çatdırdı.

 

Vilayət Quliyev həmçinin bildirdi ki, ədibin hekayələr kitabı səfirliyin dəstəyi ilə macar dilində nəşr edilib. Vaxtilə Bakı Dövlət Universitetində təhsil almış Maria Keneşi tərəfindən tərcümə edilən kitab Macarıstanda böyük maraq doğurub.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirdi ki, ədib öz ecazkar qələmi ilə xalqımızı cəhalətdən, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çalışıb. Haqverdiyevin çoxşaxəli fəaliyyəti olub, amma o, hər şeydən öncə, böyük yazıçı idi, öz xalqının yeni həyata olan arzu və istəyini bədii yaradıcılığında məharətlə əks etdirən humanist sənətkarın əsərləri dünya xalqları dilinə tərcümə olunmalıdır. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ədəbi Əlaqələr və Tərcümə Mərkəzi tərəfindən 2016-cı ildə ingilis dilində hazırlanmış “Sarı gəlin. XX əsr Azərbaycan ədəbiyyatından seçmələr. Musiqili hekayətlər” adlı antologiyada HaqverdiyevinQoca tarzən” hekayəsi də yer alıb.

 

Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri, ədibin nəticəsi Eldar Məlik Abbas və nəvəsi Tofiq Məlik Abbas da videokonfransa qoşulmuşdular. Eldar Məlik Abbas konfrans iştirakçılarına təşəkkür edərək ədibin 150 illik yubileyi ilə bağlı mərkəz tərəfindən “Facebook” şəbəkəsində geniş arxivin yaradıldığını bildirdi. Diqqətə çatdırıldı ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı aparır.

 

Konfransın moderatoru, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov sonda iştirakçılara təşəkkürünü bildirdi. O, Haqverdiyevin 150 illik yubileyinin 2021-ci ildə UNESCO-da keçirilməsinin nəzərdə tutulduğunu söylədi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.3.