“Vətənim Azərbaycan”

 

Uşaq rəsm müsabiqəsinə qeydiyyat davam edir

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC və Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayında elan olunan “Vətənim Azərbaycan” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat davam edir.

 

“Könüllülər ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsinin qazi və şəhidlərinin qəhrəmanlığını rəsm əsərlərində tərənnüm etmək, yeniyetmə və gənc rəssamların bacarıqlarını inkişaf etdirməkdir.

 

Qeydiyyat üçün www.xsm.az saytında müvafiq bölmədəki linkə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.

 

Müsabiqə üçün qeydiyyat dekabrın 10-dək aparılacaq. Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyaları üzrə keçiriləcək. Birinci turdan keçmiş müəlliflərin əl işləri Xətai Sənət Mərkəzində sərgilənəcək.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

 

Virtual ustad dərslərinin təşkili ilə bağlı layihə başa çatıb

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin yardımı ilə  Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi tərəfindən həyata  keçirilən “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihə başa çatıb.

 

Layihənin icrasında Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının alim heyəti yaxından iştirak edib. Laboratoriyanın əməkdaşları – xanəndəlik ixtisasında Xalq artisti Zümrüd Məmmədova, tar ixtisası üzrə Xalq artisti Ramiz Quliyev, kamança ixtisası üzrə Əməkdar incəsənət xadimi Arif Əsədullayev region müəllimləri ilə metodiki məsələlər üzrə müzakirələr aparıb, şagirdlərlə ustad dərsləri keçiblər.

 

Üç ay ərzində davam edən layihəyə Xaçmaz və Şamaxı rayonları üzrə musiqi məktəblərinin şagird və müəllim heyəti qatılıb.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.5.