Bölgələrdən mədəniyyət
xəbərləri
Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Biz qələbə çaldıq! Laçın bizimdir! Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib.
Mərkəzin direktoru Humay Aslanova videokonfransda çıxış edərək Azərbaycanın ən böyük rayonlarından biri olan, füsunkar təbiətə, zəngin mədəni irsə, təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik edib. Bildirib ki, Laçın rayonunun azad edilməsi ilə Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi nailiyyətdir.
***
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ağbulaq və Qubaxəlilli kənd klubları şanlı qələbəmiz münasibətilə videoçarxlar hazırlayıblar. Videoçarxlarda vətənpərvər ruhlu şeirlər səsləndirilib, zəfər tarixi yazan əsgərlərimiz haqqında məlumatlar verilib.
***
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Qadın və qızlara qarşı zorakılığa son qoyaq” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin eksperti Zülfiyyə Quliyeva da iştirak edib. Çıxış edənlər gender əsaslı məişət zorakılığının xüsusilə COVİD-19 pandemiyası dövründə aktuallıq kəsb etdiyini, bu baxımdan müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin səmərəli olacağını diqqətə çatdırıblar.
Samux rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin kollektivi tərəfindən “Erməni terroruna yox deyirik!” adlı onlayn tədbir təşkil olunub. Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva tarixi abidələrimizə, mədəniyyət ocaqlarımıza qarşı törədilən erməni terrorundan söhbət açıb.
Gəncə şəhər Heydər Əliyev Mərkəzi ulu öndərin zəngin irsinin təbliği məqsədilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda onlayn tədbir keçirib. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirib ki, Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illər xalqımızın milli-mədəni intibah dövrü olub. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətində və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərləri təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib.
***
Masallı rayonundakı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayonun Dəmirçi və Mahmudavar kənd orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib.
Əvvəlcə Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Videokonfransda çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük hərbi-siyasi qələbə qazanması, Silahlı Qüvvələrimizin əldə etdiyi qalibiyyətin nəticəsi olaraq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi barədə danışıblar. Daha sonra məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
NURƏDDİN
Mədəniyyət.- 2020.- 9
dekabr.- S.4.