Realist üslublu emosional rəssam

 

 

Azərbaycan təsviri sənətinin inkişafında mühüm xidmətləri olan fırça ustalarından biriXalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Əbdürrəhmanovdur. Görkəmli sənətkar həm də zəngin sənət təcrübəsini gənc rəssamların yetişməsinə sərf edib. Bu il rəssamın anadan olmasının 95 illiyidir.

 

Nadir Qənbər oğlu Əbdürrəhmanov 5 dekabr 1925-ci ildə Laçın rayonunda dünyaya göz açıb. Erkən çağlardan rəssamlığa maraq göstərir. Orta məktəbi qurtardıqdan sonra sənədlərini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verir. 1944-cü ildə təhsilini başa vurur. Ancaq rəssamlıqla bərabər həkim peşəsinə də yiyələnmək qərarına gəlir və Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olur. Üç il burada oxuyur. Təhsilini başa vurmamış indiki Sankt-Peterburq şəhərinə gedir. İ.Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olunur. İnstitutu bitirdikdən sonra 1954-cü ildə Vətənə dönür.

 

Yaradıcılıqla məşğul olan rəssam eyni zamanda məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi fəaliyyət göstərir. Görkəmli sənətkarlarla bərabər gənc rəssamlar nəslinin yetişməsi və püxtələşməsi yolunda usanmadan çalışır.

 

Yaradıcılığının əvvəllərində süjetli tablolara daha çox yer ayıran sənətkar “Bakının görünüşü”, “Sənaye mənzərəsi”, “Yaylaqda” və s. əsərlərini yaradır. “Çəltikbecərənlər”, “Dağlarda qürub”, “Lerik. Bahar” əsərlərində rəssam klassik təsviri sənət ənənələrindən yaradıcı şəkildə bəhrələnir. Yaradıcılığının coşqun çağlarında tez-tez respublikamızın cənub bölgələrinə səfərlər edir. Aldığı dolğun  təəssüratlar nəticəsində “Sevimli naxışlar”, “Dağlarda bahar”, “Qız portreti”, “Talış qızları” kimi bədii təsir gücünə malik tablolar ərsəyə gətirir.

 

Rəssamın “Sevimli naxışlar” əsərini uğurlu yaradıcılıq nümunəsi hesab etmək olar. Müəllif bu kompozisiyada xalçatoxuyan üç qadının maraqlı obrazını yaradıb. Əsərdə canlandırılan rəngbərəng ip və yunların rənglənməsi olduqca göz oxşayır. Mövzunun etnoqrafik ənənələrə bağlılığı da maraq doğurur. “Talış qızı” əsərində də rəssam yenə toxuculuqla məşğul olan qızın ümumiləşdirilmiş obrazını yaradıb.

 

Görkəmli sənətkarın vaxtilə müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr bu gün də diqqəti cəlb edir. Geniş əlvanlığı ilə maraq doğuran bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyaları sırasında yer alıb.

 

Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkar “Əməkdar incəsənət xadimi”, daha sonraXalq rəssamı” fəxri adlarına layiq görülür. Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olur. 1961-ci ildə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri seçilir. 1963-cü ildə SSRİ Rəssamlar İttifaqının katibi təyin edilir. 1984-cü ildə indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru olur, Azərbaycan Ali Sovetinin deputatı seçilir.

 

Nadir Əbdürrəhmanov dəfələrlə respublika hüdudlarından kənarda yaradıcılıq ezamiyyətlərində olub. Koreyaİraqda fərdi sərgiləri keçirilib. Onun xarici ölkələrə həsr etdiyi əsərləri sırasında “Yeni Koreya”, “Burqas limanı”, “Dağlar. Yuqoslaviya”, “Venesiya. Körpü”, “Bergen. Norveç”, “Bağdad”, “Mosulda küçə”, “Əfqanlar” və digərlərini qeyd  etmək olar. Xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri sənətkara və Azərbaycan incəsənətinə şöhrət gətirib.

 

Müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif olunan sənətkar 26 iyul 2008-ci ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 4 dekabr.- S.5.