Antrakt bitdi...
Yaxud üçüncü zəng
– Tələsin, indicə üçüncü zəng çalınacaq,
pərdə qalxacaq, mizana uyğun yerlərinizi alın.
Rejissorun verdiyi son təlimat
aktyorları daha da həyəcanlandırdı.
Nisbətən gənc olan aktyor tərəf-müqabillərinə
pıçıldadı:
– Zal doludur, arxa sıralar, sağ-sol yaruslar, hələ gələnlər
də var. Qorxuram səsim ora qədər çatmaya.
Yaşlı aktyor yoldaşı, vaxtilə bu səhnələrdə dəfələrlə obrazdan-obraza girmiş təcrübəli
ifaçı ona toxtaqlıq verdi:
– Qorxma, buraların tamaşaçısı
tələbkar olduğu qədər
də teatrsevərdir, istedadlı adamı gözündən
tanıyırlar. Səsdir də, hələ buralarda təzəsən, özünü balaca soyuğa vermisən. Güzəştə gedəcəklər,
qəm yemə.
Bu an üçüncü zəng çalındı, pərdələr
qalxdı və döyüşçü qiyafəsindəki aktyor səhnənin
ortasına yürüdü. Bunu görən tamaşaçılar ona replikasını deməyə imkan vermədilər. Alqış sədaları teatr salonunun divarlarında cingildədi.
Səhnənin sağ pərdəsini
xəfifcə aralayıb salona boylanan gənc aktyor gülümsədi. Artıq
həyəcanı da yox idi...
Qarabağa qayıdış
səhnəmizi, illərdi yuvasından pərən düşmüş insanların yurda dönüşünü belə səhnələşdirmək istədim.
Qəhrəmanlarımı – Şuşa Dövlət Musiqili Dram, eləcə də Füzuli və Ağdam Dövlət Dram teatrları aktyorlarının Qarabağla, doğma el-oba, teatr səhnələri
ilə bağlı xatirə-xəyallarını belə mizana saldım. Bilmirəm, rejissorları qane edəcək, yoxsa yox, amma hər aktyor özlüyündə bir teatrdırsa, qoy bu dəfə belə olsun: birhissəli,
üçpərdəli pyessayağı xatirə-xəyal
səhnəsi...
Remarka
Cəbhədən ağrılı
xəbərlər gəlir. Hər kəs təşviş
içindədir. Əhalinin ruh yüksəkliyini
təmin etmək üçün teatrların da üzərinə böyük iş düşür və aktyorlar bunu yaxşı
anlayırlar. Ona görə də gah top-tüfəng altında ön cəbhəyə, əsgərlərin yanına
tələsir, gah da yarıqaranlıq
səhnələrindən günün ağırlığını
əzmlərinə qataraq səhnəyə
daşıyırlar. Amma ümidlərini
də üzmürlər. Belə günlərin
birində onlar da Şuşanı,
Ağdamı, Füzulini itirdilər,
didərginlər karvanına qoşuldular...
İllərdir minlərlə
qarabağlılar kimi teatrların
təmsilçiləri də günləri sayır, quş olub oralara uçmaq istəyirlər. Kimisi yeni əsərin
planını qurur, kimisi ilk səhnə çıxışının
həyəcanını xəyal edir, kimisi də təzim üçün səhnəyə
çıxacağı anda qopacaq alqışların xoş sədasında xumarlanır.
Birinci pərdə
Hadisələr Şuşada, teatrın yerləşdiyi
şəhər Mədəniyyət evində
cərəyan edir. Paralel olaraq iki tamaşanın
məşqləri gedir. Biri dramatik, digəri də musiqili. Məşqlərdə tez-tez fasilə
yaranır. Çünki narahat sakinlər
mərkəzə, mədəniyyət evinin qarşısına
toplaşır, aktyorlar da onlara qoşulub bu ağır
günləri adlamağa çalışırlar (Bir anlıq o günlərə
qayıdaq. Ağır olacaq, bilirəm. Amma hər qaranlıq
gecənin bir aydın səhəri olduğu kimi bizim də nura boyanmış sabahımız, səhnəmiz var artıq).
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, direktor müavini, Əməkdar artist Azad Məmmədov:
“Mövzu çox kövrəkdir.
Məni uzaq və ağrılı
xatirələrə apardı. 28 illik həsrətin vüsalı gözəl olacaq, bilirəm. Biz hələ Bakıda
təzə məskunlaşanda mən “Şuşa teatrı Bakıya qastrola gəlib” deyib özümə, elə tamaşaçılarımıza da sanki təsəlli verirdim. Amma indi tam əksini deyirəm və bunun səadətində gündə neçə
dəfə xəyalən Şuşaya gedirəm.
Əziz tamaşaçılar, Şuşa teatrının “qastrolu” artıq başa çatıb. Bundan sonra Bakıya yalnız qısamüddətli qastrollara gələcəyik. Bu sözləri
deyirəm və yaşadığım hissləri ifadə
edə bilmirəm.
Qəribədir, bu hissi təkcə
şuşalılar yox, elə hamı
yaşayır. Sanki hamı Şuşadandır.
Xəyalən o illərə
qayıdanda bir sızıltı keçir qəlbimdən. Yadımdadır, 1990-cı ilin may ayı idi, teatrın fəaliyyəti bərpa olunmuşdu. Bizə məşq üçün müddət verildi və iki tamaşa hazırladıq. Bunlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası, Süleyman Ələsgərov və
Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyası idi. Sonralar Gənc Tamaşaçılar Teatrında o tamaşaları oynadıq. Amma incimizdəki yanğı, nisgil bizi rahat buraxmadı.
Biz hər iki tamaşanı Şuşada olarkən tam hazırlamışdıq.
Sadəcə hər gün baş verən ağır hadisələr,
Mədəniyyət evi önünə
gətirilən cənazələr, ah-nalə edən
insanların fonunda tamaşa göstərə bilməzdik. Bütün hazırlığımız,
hətta qurulan səhnəmiz, orkestr, xoreoqrafiya və oxunuş – hamısı Şuşanın işğalı
ilə məhv oldu. Teatrın uzun fasilədən sonra bərpa
etməsinin sevincini yaşaya bilmədik. Ondan sonra da 28 il Şuşa həsrəti, orada səhnəyə
çıxmaq xəyalı ilə ruhumuzu daim qələbəyə,
qayıdışa köklədik. Ali Baş Komandanımıza, ordumuza, xalqımıza təşəkkür edirəm. Bizi Şuşaya qaytaran yollara can fəda
deyirəm”.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov:
“Bu günü illərdir gözləyirdik. Elə
bilirəm ki, bizim qayıdışımızla
repertuarımız da dəyişəcək və
Vətənə sevgi ruhunu tamaşalarımıza daha çox qatacağıq. Şuşada vətənpərvərlik ruhlu tamaşalarla yanaşı,
arzuladığımız musiqili komediyalara da üstünlük verəcək, qalib ədasıyla
səhnədə cövlan edəcəyik.
Biz illərdir
vətənpərvərlik ruhunda təbliğat xarakterli tamaşalar oynayıb,
uşaqlarımıza, yetişən nəsillərə bu ideyanı aşılamağa çalışdıq.
Həmin uşaqlar böyüyüb cəngavərə
çevrildilər, Şuşada bayrağımızı
sancdılar. Şükürlər olsun ki, xalqımızda
qələbə inamı, ruhu öləzimədi. Vətən
oğullarının, dövlətimizin, xalqımızın
əzmi, səngər-arxa cəbhə səddinin
olmamağı bizi bu qalibiyyətə apardı.
Təbii ki, Şuşaya da bu ruhla qayıdacaq
və açılışını edə bilməyən,
pərdələri bağlı qalan, rekvizitləri parça-parça olan Şuşa teatrında Üzeyir bəyin
operettalarını oynayıb, böyük bəstəkarımızın ruhunu şad edəcəyik”.
Teatrın aktyor truppası
üzvləri, o şəhərdə doğulan və doğulmayan aktyorları da indi Şuşaya can atır, özlərini orada təsəvvür edirlər.
İkinci pərdə
Ikinci pərdənin
iştirakçıları ermənilərin ruhlar şəhərinə çevirdiyi, daşını daş üstə qoymadığı Ağdamın
vüsalına qovuşanlardır. Onlar aktyor improvizələri ilə
təəssüratlarını bölüşür, təsvirçi monoloqlarını qururlar.
Ağdam Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Aidə Ələkbərova: “1968-ci ildən bu teatrda işə
başlamışam. İlk rolum B.Vahabzadənin “Vicdan”
əsərində Mirəstə olub. Onda gənc qız idim, 17 yaşım vardı. Arzularım, xəyallarım,
səhnə ilə bağlı planlarım o qədər gözəl idi ki. Müharibə, işğal hamısını məhv etdi, ruhumuzu, cismimizi didərgin qoydu. İndi artıq yaşlanmışam və
dağıdılan şəhərimə qovuşmuşam. Sevincliyəm,
xoşbəxtəm, lap zorla qoparıldığı ana qucağına
qayıdan bala kimi. İnşallah, ən
qısa zamanda Ağdamımız yenidən öz əzəmətinə
qayıdacaq, oradakı teatrdan, mədəniyyət
ocaqlarından yenə səs-sədamız gələcək. Bax, o zaman mən 17 yaşıma yenidən qayıdacam,
saçım ağarıb, üz-gözüm o qızı andırmasa da, mən ürəyimdə yenidən o yaşda olacam...”
Ağdam Dövlət Dram Teatrının aparıcı aktrisası Afərdə
Sabirqızı: “Bu teatrı körpəlikdən tanıyıram. Çünki anam bu teatrda çalışırdı. İlk addımlarımı orada atdım. Uşaq rollarını aparırdım. İndi də o səhnə üçün darıxıram, can atıram. Mistik izahı var bəlkə də, köçkünlükdən
öncə o teatrın
səhnəsində hazırlanan “Yanmış evin nağılı” faciəsini məşq edirdik. 9 yaşım vardı. Nigar obrazını canlandırırdım. Təəssüf ki,
düşmənlərimiz imkan vermədi və uşaq yaddaşım da orada, o obrazda qaldı.
Teatrımızın möhtəşəm binası vardı.
Vəhşi düşmən bütün Ağdam kimi o əzəmətli
binanı da darmadağın etdi. İndi biz Quzanlı
qəsəbəsində yerləşib, fəaliyyətimizi burada davam etdiririk.
Ağdama, ilk səhnəmizə
tələsirəm. Əminəm ki, teatrımız üçün əvvəlkindən
də gözəl, möhtəşəm bina tikiləcək və 9 yaşımda
ürəyimdə qalan nisgili vüsalla əvəz
edəcəm. Səhnədə
görüşənədək, uşaqlığım”.
Ağdam Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Fəqumə Yusifova: “1970-ci ildən fasiləsiz olaraq bu teatrda çalışıram. Gözəl teatr binamız, peşəkar truppamız, seçkin repertuarımız vardı. Geniş, işıqlı səhnəmizdə gözəl
əsərlər oynamışdıq. Qaynar həyat vardı. Səhər məşqlər, axşam tamaşalar. Bu gözəl təəssüratları
danışmaqla bitməz. Sonuncu rolum N.Vəzirovun “Ağa Kərim xan Ərdəbili” əsərində Bədircahan oldu. Sonra mənfur
qonşularımızın hücumları artdı. Ancaq biz dayanmır,
zirzəmilərdə məşqlər edirdik. Demək olar ki, ən son bizim teatr tərk etdi rayonu. Sonra biz Bərdədə yolumuza davam etməyə çalışdıq. Tamaşalar hazırladıq. Gözəl kollektivimiz var və biz
28 ilin Ağdam həsrətini vüsalla bitiririk. Öz evimizə qayıdırıq və mən bunun da xəyalın qurub həyəcanlanıram. Teatrımızın binasının olduğu yerdə dayanıb deyəcəm: Gəldim, mənim səcdəgahım, dözdüm, ölmədim, bu günü görmək üçün hər gün özümə təsəlli verdim. Düzdü, artıq gənc qız deyiləm, çılğın səhnələrdə pərvazlanmayacam, bu dəfə şəhid anası, qazi anası obrazında olacam, hər tamaşadan sonra onlara təzim edəcəm. Axı, bizi Vətən torpağına qovuşduran oğulları o analar dünyaya gətiriblər”.
Ağdam Dövlət Dram Teatrının aktyoru və rejissoru Kərim Həsənli: “Sənət aləmində xəyallarımın gerçəkləşdiyi ünvandır Ağdam teatrı. 1990-cı ildə o səhnədə fəaliyyətə başladım. Möhtəşəm teatr ab-havası, istedadlı aktyor ansamblı, yaxşı tamaşaçıları vardı. Ağdamın gözəl vaxtları idi. İki növbəli tamaşa oynayırdıq. 21 yaşlı həvəsli gənc olaraq gah səhnədə, gah da səyyar tamaşalarda çıxışlar edirdim. Planlarımız, hədəflərimiz böyük idi. Sonra... Sonranı hamınız bilirsiz, indi artıq yaş da öz işini görüb. Amma mənim Ağdamda, əvvəlki səhnədə çıxış edəcəyimlə bağlı 28 illik xəyallarımı, inamımı azaltmayıb. Ən qısa zamanda biz yenidən ora qayıdacağıq, əvvəlki həvəslə. Orada başladığımız işi elə orada da davam etdirəcəyik”.
Üçüncü pərdə
Horadiz qəsəbəsində
yerləşən Füzuli Dövlət Dram Teatrının kollektivi rayonun işğaldan azad olunması
xəbərini coşğu ilə qarşılayır. Hamı bir-birini təbrik edir. Kimisi illər öncəyə qayıdıb son rolundakı replikalarını
təkrarlayır, kimisi tərəf-müqabilini yada salır. Qələbə əsərləri ilə bağlı planlar da öz yerində. Rejissorlar artıq potensial baş qəhrəmanlarını gözaltı
edirlər. Bu qızğın
müzakirələr içərisindən bir nəfər önə çıxır.
Teatrın direktoru,
Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevdir.
Ənənəsinə sadiq qalaraq kollektivi bir araya gətirib
yenə Füzulini kənd-kənd dolaşıb,
Qarabağı səngər-səngər gəzəcəyini,
əsgərlər qarşısında gözəl tamaşalarla çıxışlar edib, onlara minnətdarlıqlarını belə ifadə etməyə
çalışacaqlarını deyir. Sonra duruxur, Füzuliyə son səfərini
xatırlayır: “Bu yaxınlarda xarici jurnalistlərlə
birgə Füzuli şəhərinə
gedən rayon sakinlərindən biri də mən oldum. Hisslərimi izah edə bilmirəm. Dağıdılan, divan tutulan şəhərdə
teatrımızın yerləşdiyi binanın
qalıqları önündə xeyli dayandım. Yaddaşımdan nələr gəlib keçdi, bir Allah bilir. Gözlərim doldu, dizlərim əsdi,
bağrım qan oldu. Asan deyil, 1989-cu ildən o teatra rəhbərlik edirdim. İllərim o binada, o məkanda keçmişdi. İndi qarşımda daş yığını dayanmışdı. O da mənim kimi kədər ilə sevincin arasında qalmışdı, sanki... Təbii, arzumdur ki, o binamızın qalıqları üzəridə qurulacaq yeni ünvanımıza,
xatirələrimizin bizi gözlədiyi,
çəkib apardığı o yerə gedib fəaliyyətimizi davam etdirək”.
Son
Bu dəfə son yeni başlanğıcdır –
zəfər səhnəsinin üçüncü zəngi. Odur ki, “Əziz
tamaşaçılar, az sonra “Qarabağ Azərbaycandır!”
tamaşasının ikinci hissəsinə
başlayırıq. Xahiş edirik, tamaşa salonundakı yerlərinizə keçin” elanını gözləyin.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.-
2020.- 4 dekabr.- S.6.