Çətinliklərdən uğura doğru
Azərbaycan kino salnaməsinə mühüm mövzulu, düşündürücü, maarifləndirici ekran əsərləri bəxş edən görkəmli rejissorlarımızdan biri də Kamil Rüstəmbəyovdur. Sənətkarın anadan olmasının 96-cı ildönümündə yaradıcılığına qısa nəzər salaq.
İstedad Allah-Təala tərəfindən hər kəsə eyni paylanılır, deyirlər. Qalır onu vaxtında kəşf edib zəhmət müqabilində inkişaf etdirərək, həyatın mənasına çevirmək. Kamil Rüstəmbəyov da 1956-cı il fevralın 14-də “Bakı” telestudiyasında fəaliyyətə başladığı ilk günlərdən etibarən zəhmətkeşliyi, istedadı ilə kollektivin, rəhbərliyin hörmətini qazanmış, görkəmli ədəbiyyat, elm və incəsənət xadimlərinə həsr etdiyi verilişlərə, hazırladığı maraqlı konsert proqramlarına görə peşəkar televiziya rejissoru kim tanınmışdı.
Televiziyadan kinoya
İstedadlı rejissorun 1960-cı ildə quruluş verdiyi “Aygün” bədii televiziya filmini kino fəaliyyətinin başlanğıcı hesab etmək olar. Xalq şairi Səməd Vurğunun eyniadlı poeması əsasında veriliş (radio tamaşa) hazırlamalı olan rejissor nəticədə əsər əsasında bədii televiziya filmini çəkir. Çəkilişlər çox çətin şərtlər altında gerçəkləşsə də (iki il ərzində çəkilən film digər verilişlərdən imkan daxilində edilən qənaət hesabına başa gəlir) Kamil Rüstəmbəyov istədiyinə nail olur. Azərbaycanın ilk televiziya bədii filmini ekranlaşdırmaqla tərbiyəvi əhəmiyyətə malik poemanı lirik-poetik səpkili vizual ədəbiyyata çevirir, bir daha tamaşaçıların ixtiyarına verir, hər ailənin sevimlisi olan film ərsəyə gətirir.
Nailiyyətin ardıcıllığı
“Aygün” filmi ilə uğur qazanan K.Rüstəmbəyovun kino yaradıcılığına beş bədii film (“Zəncirlənmiş adam”, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə), “Gözlə məni”), bir televiziya filmi, film-konsert (“Mahnı qanadlarında”) və bir sıra sənədli filmlər daxildir. Rejissorun işinə olan böyük məsuliyyəti, filmlərində etdiyi dəqiq aktyor seçimi ona ardıcıl yaradıcılıq nailiyyətləri qazandırırdı.
“Aygün” bədii televiziya filmi az aktyorlu iş olsa da, istər yığcam süjet xəttinə, istərsə də aktyorların təqdimatında rejissor və müəllif ideyalarını dolğun əks etdirdiyinə görə uğurlu ekran taleyi yaşadı. Xalq artistləri Nəcibə Məlikovanın, Həsənağa Salayevin, Rza Əfqanlının, əməkdar artist Fateh Fətullayevin, istedadlı aktyor Gündüz Abbasovun və başqa aktyorların təqdim etdikləri koloritli obrazlar kino yaradıcılıqlarında mühüm yer tutan ekran personajları oldu. Bunu rejissor istedadının əsas amili kimi onun aktyorlarla işləmək bacarığına şamil etmək olar. Məhz bu mənada, əsasən də 1960-1970-ci illərdə fəaliyyət göstərən kinorejissorların peşəkarlığı, sənət biliciliyi sayəsində Azərbaycan aktyorları yerli, həmçinin ümumittifaq tamaşaçıları tərəfindən tanınırdı, sevilirdi.
Aktyorlarla ustalıqla işləmək bacarığına malik Kamil Rüstəmbəyova az aktyorlu filmlər təqdim ediləndə də imtina etməz, digər uğurlu filmləri kimi layiqli ekran əsəri olaraq təqdim edərdi. Ancaq təəssüf hissi ilə qeyd edək ki, belə bir peşəkar rejissora kino fəaliyyəti dövründə az film çəkmək nəsib olub. Bütün varlığı ilə məsləyinə bağlı rejissorun potensialından vaxtında istifadə edilməməsi isə təkcə onun yox, bütünlükdə Azərbaycan kinosunun itkisidir.
Yaradıcılığında görünən vətənpərvərlik
İşinə daim məsuliyyətlə yanaşan Kamil Rüstəmbəyov quruluş verdiyi hər bir filmi həyat həqiqətlərinə uyğun çəkməyə, yeni həyat uğrunda çarpışan, bacarığını təsdiqləməyə nail olan ekran personajlarını təqdim etməyə, milyonlara sevdirməyə nail olan vətənpərvər rejissordur. Etiraf edək ki, neçə-neçə nəslin tərbiyəsində Kamil müəllimin ibrətamiz təfəkkürünün, zəngin dünyagörüşünün məhsulu olan filmlərin rolu az deyil.
1967-ci ildə ekranlara çıxan “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi böyük rezonans doğurdu. Ata və oğulun mənəvi münaqişəsinə köklənən, yüksək əxlaqi dəyərləri, prinsipial vətəndaşlıq mövqeyini əks etdirən, ali vətənpərvərlik hissini təbliğ edən filmdə işlədilən bir çox ibrətamiz fikir və ifadələr düşüncələrdə iz saldı. Vətənpərvərlik ideyası Fərruxun (aktyor Şahmar Ələkbərov) simasında bütün amillərdən üstün irsiyyət kimi təqdim olundu, seyrçilər tərəfindən məmnuniyyətlə qəbul edildi. Həmin vaxtda hərbi xidmətdən yeni tərxis olunan Şahmar Ələkbərovun kinodakı ilk rolu yaradıcılıq uğurunun da başlanğıcı oldu. Kinoya yeni gələn istedadlı gənc kamera qarşısında ilk dəfə görünməsinə baxmayaraq, dramatik yüklü rolun təfsirində tamaşaçını gərgin situasiyalı mövzuya hakim kəsilməyə vadar etdi, tərəf-müqabili olan böyük teatr və kino aktyoru Rza Əfqanlı ilə sənət duetinə çıxaraq mübariz mövqeli aktyor kimi yaradıcılığını təsdiqlədi. Bu isə bilavasitə rejissor taktikasına uyğunlaşdırılmış oyun nümayişi, sənət təntənəsidir. Şahmar Ələkbərov kimi Azərbaycan kinosuna böyük nailiyyətlər bəxş edən digər sənətkarların ardıcıl kino yaradıcılığının uğurunun səbəbkarı olaraq Kamil Rüstəmbəyovun Azərbaycan kinosuna verdiyi töhfələri görməmək, qeyd etməmək mümkün deyil.
Rejissorun tarixi-inqilabi janrda çəkdiyi “Axırıncı aşırım” və “Gözlə məni” filmləri dövrün ideoloji prinsipləri əsasında ekranlaşdırılsa da, filmlərdə bir çox qorxmaz, mərd xarakterli obrazlar, vətənin azadlığı uğrunda canını əsirgəməyən, insanların həyat şəraitinin yaxşılaşması üçün narahat olan personajlar diqqət çəkir. Ekran hadisələrinin kinematoqrafik həlli sovet hakimiyyətinin, bolşevik hökumətinin qurulması prinsiplərinə hesablansa belə, ekran hadisələrinin peşəkar həllində yaxın keçmişə aid hadisələrdəki qəhrəmanlığı, milli adət-ənənələrimizi də görə bilirik.
Filmi beynində çəkən sənətkar
Respublikanın Əməkdar artisti, “Gözlə məni” filmində ikinci rejissor kimi çalışmış Elxan Qasımov Kamil Rüstəmbəyovu qayğıkeş ailə başçısı, yüksək daxili mədəniyyətə sahib olan, zövqlə geyinən, qürurlu, təmkinli gözəl insan kimi xatırlayır: “O, bəy nəslindən idi. Amma sovet dönəmi olduğuna görə bunu bildirmirdi. Çox sakit, təmkinli insan idi. Kamil Rüstəmbəyov görkəmli rejissorlar Rauf Kazımovski, Arif Babayevlə birgə televiziyada çalışan ilk rejissorlardan idi. Ancaq onun könlü kinoya bağlı idi, o, kino adamı idi. Kinostudiyaya gəldiyi vaxtlarda “Azərbaycanfilm”in həyatı da, həyəti də qaynayırdı. Çəkiliş meydançasında, kinostudiyada bəzi çətinliklərlə qarşılaşsa da, təmkinini həmişə qoruyub saxlayırdı. Aktyorlara rollarını onlarla söhbət edirmiş kimi başa salırdı. Biz çəkiliş meydançasında ondan heç vaxt inciməzdik. Hər hansı bir filmin çəkilişinə başlayanda elə peşəkar texniki və yaradıcı heyət seçirdi ki, iş olduqca rahat gedirdi. Filmini vaxtında bitirib təhvil verirdi.
“Axırıncı aşırım” çəkiləndə görkəmli sənətkarımız Adil İsgəndərov kinostudiyanın direktoru idi. Film Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılırdı. Əsər həmin illərdə olduqca məşhur idi. Filmin ssenarisini də Fərman Kərimzadə özü yazdı. Ssenari bədii şurada təsdiqləndi. Çəkilişlər üçün aktyorlar seçilməyə başladı. Adil müəllim Kərbəlayı İsmayıl roluna məmnuniyyətlə təsdiqləndi və çəkildi. Həsən Məmmədovu sınaq çəkilişində görəndə heyrətdən donub qaldıq ki, bu doğrudanmı Həsəndir? Ona şinelin altından kitel də geyindirirdilər ki, çiyinləri yaxşı otursun, papağının şax durması üçünsə altına qəzet qoyurdular, eynəyi, eləcə də Həsənin ağır yerişi, hərəkət və baxışları tamamilə Abbasqulu bəy Şadlinskinin obrazını yaradırdı. Həsəndə rolun uğurlu alınacağına daxili bir inam vardı, bunu hiss etdirirdi. Bu da rola uğur gətirən amillərdəndir. Çəkilişlər bitənə qədər demək olar ki, hamımız filmin təsirində qaldıq. Çünki çəkilişlərin bir çoxu, Kərbəlayının evi, natura çəkilişlərinin əksəriyyəti kinostudiyanın həyətində və pavilyonda, bəzi hissələr isə Qobustanda aparılırdı. Kamil müəllim məni çəkəndə (baxmayaraq ki, mən rəqqas olduğuma görə həmişə dik yeriyirdim) hər dəfə zarafatla “bir az da dik yeri də, bəs mən necə göstərim ki, əsl bəylər necə olub” deyirdi. Kamil müəllim filmi beynində çəkən sənətkar idi.
“Gözlə məni” filmində ikinci rejissor olmaqla yanaşı bir neçə dəfə Rasim Balayevin at çapma səhnəsi üçün dublyorluq etdim, uğurlu da alındı. İstedadlı aktrisa Amaliya Pənahovanın çaya düşməsi səhnəsi isə faciə ilə nəticələnə bilərdi. Şükür olsun ki, onu çaydan çıxara bildik. Həmin kadrın çəkilişindən əvvəl ona bu səhnəyə dublyor da çəkilsin desək də, mən özüm çəkiləcəyəm deyib razılaşmadı. Filmin çəkilişi payız aylarına təsadüf edirdi, hava da, su da çox soyuq idi. Amaliya xanım islanmamaq üçün çəkilişə aid olan xanım libasının altından sellofan də geyinmişdi. Çaya düşən kimi paltarı islandı və onu çay aparmağa başladı. Əvvəl hamımız donub qaldıq, sonra işçilər suya atılıb Amaliya xanımı sudan çıxartdılar.
Çəkilişlər yekunlaşanda Kamil müəllim filmin rus dilində dublyaj olunmasını mənə tapşırdı və Moskvaya getməli olduğumu bildirdi. Dublyaj aktyorlarını obrazlara uyğun olaraq seçdim, on gün ərzində filmin səsləndirmə işini bitirib Bakıya qayıtdım. O, filmin rus dilində səsləndirilməsindən olduqca razı qaldı.
Kamil müəllimlə dostluq münasibətimiz olduğuna görə evlərinə tez-tez gedirdim, hər dəfə də bu ailədən mehribanlıq görürdüm. O, evdə ciddi olmasına baxmayaraq, ailəsinə olan diqqəti, sevgisi münasibətindən hiss olunurdu. Bu ailədə olan mehriban atmosfer məni heyran edirdi. Həyat yoldaşı Jana xanım Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Məktəbində (hazırda Azərbaycan Dövlət Pedaqoji Kolleci) çalışırdı, çox aristokrat xanım idi. Qızı Aygün, oğlu Ülvi də hər dəfə məni mehribanlıqla qarşılayırdılar”.
Elxan Qasımov Kamil Rüstəmbəyov haqqında danışarkən bir məqamı da diqqətə çatdırdı: “Kamil müəllim “Aygün” filmini çəkəndə maddi vəsaitin çoxunu anasının qızıllarını satmaqla təmin edirdi, filmin tamamlanmasına çalışırdı. Onun filmə görə axırıncı satdığı qızıl, yaxşı yadımdadır, anasının baş örpəyi üçün istifadə etdiyi qızıl sancaq idi. Təkcə bu faktı xatırlamaq kifayətdir ki, sənətə bağlı insanın çətinliklərə rəğmən uğuru əldə etməyə iddialı olduğunu görəsən”.
Şəhla ƏMİRLİ
kinoşünas
Mədəniyyət.- 2020.- 4
dekabr.- S.7.