Azərbaycan-Macarıstan mədəni əlaqələrinin
inkişafında xidmətlərinə görə
Dirijor Əyyub Quliyevə “Qızıl
xaç” ordeni təqdim
olunub
Macarıstanın Azərbaycandakı səfirliyində Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı – “Qızıl xaç” ordeninin təqdimat mərasimi keçirilib.
Mərasimdə Macarıstan səfiri Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri və tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq layihələrdə uğurlu əməkdaşlığını qeyd edib.
Sonra iki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından “Qızıl xaç” ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.
Əyyub Quliyev Azərbaycan mədəniyyətinə və dirijorluq sənətinə verilmiş bu yüksək qiymətə görə Macarıstan Prezidenti Yanoş Aderə, bu ölkənin Baş naziri Viktor Orbana və səfirə təşəkkürünü bildirib. O, Macarıstanın simfonik və kamera orkestrləri, görkəmli ifaçıları ilə Nyu-Yorkda “Karnegi Hall”da, Sankt-Peterburqun Mariinski Teatrında birgə konsertləri, Budapeştdə “Klassz a Parton” festivalında iştirakı, həmçinin 2019-cu ildə Akademik Opera və Balet Teatrının simfonik orkestri və tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər gerçəkləşmiş xeyriyyə konserti barədə xatirələrini bölüşüb.
Təqdimatdan sonra Azərbaycanın
tanınmış sənətkarları təbriklərə qoşularaq öz
çıxışları ilə mərasimə rəng
qatıblar.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.6.