“Pandemiya dövründə
muzeylər: Yeni normalara
uyğunlaşma”
UNESCO-nun “ResiliArt” layihəsi çərçivəsində “Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib.
UNESCO-nun Almatı bürosunun təşəbbüsü ilə gerçəkləşən konfransa Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb. O, COVİD-19 pandemiyası dövründə Azərbaycan Milli Xalça Muzeyinin onlayn fəaliyyəti barədə çıxış edib.
Şirin Məlikova muzeyin öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirib: “Koronavirusla əlaqədar muzeylərdə kütləvi tədbirlər dayandırılanda biz “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirdik. Sərgini dünyanın müxtəlif ölkələrindən 5 mindən artıq şəxs muzeyin “Facebook” səhifəsindən izlədi. Pandemiya dövründə sosial şəbəkə səhifələrimizdə muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları özündə əks etdirən məqalələr, kiçik mətnlər və ya videoçarxlar yerləşdirdik”.
Milli Xalça Muzeyinin direktoru “Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində həyatını xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeydə qorunan xalçaları haqqında məlumatların paylaşıldığını, onlayn mühazirələrin keçirildiyini, həmçinin muzeylə əməkdaşlıq edən xarici ekspert və kolleksiyaçılarla onlayn görüşlər təşkil olunduğunu deyib.
Muzeyin reallaşdırdığı “Tanınmış şəxslərlə virtual tur”, “Xalça hekayələri”, “Qarabağın xalça xəritəsi” kimi maraqlı layihələr barədə də məlumat verən direktor uşaqlar üçün də onlayn ustad dərsləri, nağıl saatı, kölgə teatrı kimi maraqlı rubrikalar təqdim edildiyini diqqətə çatdırıb.
Direktor xüsusilə 27 sentyabr – 10 noyabr Vətən müharibəsi dövründə muzeyin paylaşımlarının əsasən Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə olduğunu deyib. Ş.Məlikova İCOM Azərbaycan Milli Komitəsinin apardığı sorğu əsasında COVİD-19 pandemiyasının ölkəmizdə fəaliyyət göstərən muzeylərə təsirindən də danışıb.
Konfransda A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin, Polşanın Asiya və Sakit Okean Muzeyinin, Rerixovlar Muzeyinin (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin filialı), Qırğız Milli İncəsənət Muzeyinin nümayəndələri də mövzu ətrafında çıxış ediblər.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.7.