UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin sessiyası keçirilir

 

Ölkəmiz ənənəvi Nar bayramını və Türkiyə, İran və Özbəkistan ilə birlikdə miniatür sənətini UNESCO siyahısına təqdim edib

 

Dekabrın 14-də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyası işə başlayıb. Hökumətlərarası Komitə UNESCO-nunQeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərir. Komitənin sessiyaları 2006-cı ildən etibarən ildə bir dəfə keçirilir. Qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfə virtual formatda gerçəkləşən builki sessiya 19 dekabr tarixinədək davam edəcək.

 

Hökumətlərarası Komitənin 15-ci sessiyasını giriş sözü ilə UNESCO-nun Baş direktoru Odre Azule və sessiyanın sədri, “ev sahibi” Yamaykanın mədəniyyət, gender, əyləncə və idman naziri Oliviya Qranqe açaraq iştirakçılara uğurlar arzulayıblar.

 

Sessiyada ölkəmizi Mədəniyyət Nazirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin rəsmiləri Vasif Eyvazzadə və Ayaz Qocayev təmsil edirlər.

 

Qeyd edək ki, indiyədək UNESCO üzvü olan 180 ölkənin qoşulduğuQeyri-maddi mədəni irsin qorunması haqqında”  2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya edib. Konvensiyanın yerinə yetirilməsinə nəzarəti seçkilər vasitəsilə formalaşan və 24 üzv-ölkədən ibarət Hökumətlərarası Komitə həyata keçirir.

 

Azərbaycan 2018-2022-ci illər üçün komitəyə üzv seçilib. Hökumətlərarası Komitə gündəlikdə duran digər məsələlərlə yanaşı, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə təqdim edilən nominasiyaları da müzakirə ediryekun qərar verir.

 

Sessiyada “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi üçün baxılacaq nominasiyalar arasında Azərbaycanın təqdim etdiyi “Ənənəvi Nar bayramı və mədəniyyəti” nominasiya sənədi və  ölkəmizin Türkiyə, İran və Özbəkistan ilə birgə təqdim etdiyiMiniatür sənəti” çoxmillətli nominasiya sənədinin müzakirəsi də nəzərdə tutulur. Ümumilikdə 15-ci sessiyada üzv ölkələr tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilmək üçün 42 nominasiya faylı, “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya daxil edilməsi üçün isə 4 nominasiya faylı təqdim edilib.

 

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi sayəsində hazırda Azərbaycanın 11 irs nümunəsi “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na (“Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti), 2 nümunə (Çövkən – ənənəvi Qarabağ atüstü oyunu” və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”da yer alır.

 

Mədəniyyət.- 2020.- 16 dekabr.- S.1.