Qarabağ elinin hicran nəğməkarı
Qarabağ saz-söz mühitinin tanınmış yetirməsi olan Aşıq Pəri şifahi xalq ədəbiyyatımızın tanınan və sevilən sənətkarlarındandır. Mənbələrdə bu el şairəsinin 1811-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində dünyaya göz açdığı qeyd olunur. İlk təhsilini də elə bu kənddə alır.
O, erkən çağlarından poeziyaya maraq göstərir. El şənliklərində yaxından iştirak edir. Aşıqların oxuması və deyişməsi gənc Pərinin diqqətini cəlb edir. Bir müddət sonra özü də el şənliklərinə qatılır. Bədahətən şeirlər deyir. Dünyaya göz açdığı kəndinin adını özünə təxəllüs götürür. Maralyanlı Aşıq Pəri kimi tanınır:
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.
Çox keçmir gənc Pərinin adı dildən-dilə düşür. Səsi-sorağı Cəbrayıl hüdudlarını aşaraq Şuşa şəhərinə çatır. Valideynləri təxminən 1930-cu ildə Şuşa şəhərinə köçür. Şəhərin ədəbi mühiti gənc Pərini ağuşuna alır. O, Şuşanın şeir məclislərinə qatılır. Rəvan təbi və poetik ruhu maraqla qarşılanır. Bədahətən şeirlər deməsi, deyişmələri Şuşa ədəbi mühitində səs-səda doğurur.
Araşdırmalarda göstərilir ki, Aşıq Pəri dövrünün tanınmış şairləri Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd bəy Aşiq, Abdulla Canızadə və başqaları ilə deyişir. Hamısında da qalib olub. Tanınmış maarif xadimi, ədəbiyyatşünas Firidun bəy Köçərli şairə ilə bağlı araşdırmasında yazır ki, Aşıq Pəri 25 yaşında Məhəmməd adlı bir molla ilə ailə qurur. Ancaq xoşbəxt ola bilmir. Onun şeir məclislərində iştirakı, Molla Məhəmmədin xoşuna gəlmir. Aşıq Pəri qoşmalarının birində bu haqda deyir:
Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?
Aşıq Pəri cəsarətli, kəskin danışmağı
bacaran, həm də yumşaq yumora sahib həssas insan olub. Bu, onun günümüzə gəlib
çatan şeirlərində
aydın şəkildə
duyulur:
Mən Pəriyəm, eşqə
zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Mənbələrdə göstərilir
ki, Aşıq Pərinin şeirləri
ilk dəfə “Qarabağnamə”
müəlliflərindən olan Mirzə Yusif Qarabağinin
1856-cı ildə Teymurxan-Şura
(Dağıstan Respublikasının
indiki Buynaksk şəhəri) şəhərində
nəşr edilən “Məcmueyi-Vaqif
və müasirini-digər”
kitabında verilib. Daha sonra Qafqazşünas alim Adolf Berjenin 1867-ci ildə Leypsiqdə (Almaniya) çıxan “Məcmueyi-əşari-şüəarayi-Azərbaycan”
məcmuəsində dərc
olunub. A.Berje həmin nəşrin müqəddiməsində Aşıq
Pəri haqqında almanca yazıb: “1829-cu ilin axırlarında Araz çayı sahillərində yerləşən
Maralyan kəndində
18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu
qızın adı Aşıq Pəri idi... Onun deyişmələri, hazırcavablıqla dediyi şeirləri diqqəti cəlb edirdi. Öz dövrünün az-çox
istedadlı şairləri
ilə şeirləşmədə
həmişə müvəffəqiyyət
qazanırdı və
heç kəsə ona qalib gəlməyə
imkan verməzdi”.
Professor Minaxanım Təkləli aşıq-şairə ilə bağlı araşdırmasında yazır ki, müasirləri Pəriyə hörmətlə yanaşıblar. Onun gözəlliyini, həm də şairliyini təqdir ediblər. Yaxın dostu, sənət yoldaşı Məhəmməd bəy Aşiq onu “Dizaq mahalının misilsiz gözəli” adlandırıb. Bir qoşmasında ondan bəhs edərək yazıb:
Ey bivəfa, qədirbilməz dilbərim,
Şikayətim səndən bir kitab olmuş.
Yaza bilməz onu xameyi-qüdrət
Çünki həddən keçmiş,
bihesab olmuş.
F.Köçərlinin yazdığına görə,
geniş dünyagörüşünə
malik şairə zahirən gözəl, mənəviyyatca çox
zəngin olub. Dövrün bir çox tanınmış şairləri
onun hüsnü-camalını
vəsf edən qoşmalar, gəraylılar
yazıb. XIX əsrin
tanınmış şairlərindən
Əsəd bəy Vəzirov bir qoşmasında şairənin
gözəlliyini poetik
bir dillə tərənnüm edib:
Arizindir
günəş, camalındır
ay,
Heç
nazənin ola
bilməz sənə tay.
Qəmzən qatil, kirpiyin ox,
qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.
Mir Möhsün Nəvvab
təzkirələrinin birində
Aşıq Pərini hörmətlə yad edib. Deyişdiyi şairlər haqqında
müfəssəl məlumat
verib. Qeyd edib ki, Qarabağ ədəbi mühitinin tanınmış
yetirməsi olan şairə qısa ömür yaşayıb.
Aşıq Pəri 36 yaşında,
1847-ci ildə vəfat
edib. Qaynaqlarda göstərildiyinə görə, qardaşları
Mahmud və Fərzalı
bacılarının nəşini
Şuşadan Cəbrayıl
elinə gətirib dünyaya göz açdığı Maralyan
kəndində dəfn
ediblər.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.7.