Su altındakı qala
haqqında kitab hazırlanıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Şirvanşahlar dövlətinin abidələri” layihəsi çərçivəsində yeni kitab hazırlanıb.
İdarədən bildirilib ki, “Səbayıl” adlı yeni kitab Azərbaycanın ən sirli abidələrindən birinə – Səbayıl qalasına həsr olunub.
İçərişəhər Muzey Mərkəzinin təşəbbüsü ilə ərsəyə gələn nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur.
Tikilmə məqsədi və təyinatı haqqında müxtəlif fikirlər söylənilən abidələr sırasında xüsusi yer tutan “Səbayıl qalası” “Bayıl qəsri”, “Şəhri-yunan”, “Batmış şəhər” kimi müxtəlif adlarla tanınır. Bakı buxtasında, sal qayalıq üzərində inşa edilmiş bu abidə Xəzər dənizinin səviyyəsinin artıb-azalmasından asılı olaraq, gah suyun üzərinə çıxır, gah da kı, sulara qərq olur.
Maraqlıdır ki, Bayıl qəsri ilə bağlı çox yazılsa da, indiyədək ona həsr edilmiş kompleks elmi-tədqiqat işi olmayıb. İlk dəfə olaraq Səbuhi Əhmədov bu məsuliyyətli işin həllinə çalışıb. Müəllif kitabı yazarkən geoloji, arxeoloji, tarixi ədəbiyyata, memarlıq, sənətşünaslıq xarakterli əsərlərə müraciət edib. Beş fəsildən ibarət olan kitab xronoloji ardıcıllıq prinsipi ilə qurulub. Oxucu Bakı buxtasında və Səbayıl adasında baş vermiş hadisələri, ən qədim dövrlərdən XXI əsrin əvvəllərinədək burada baş vermiş prosesləri sanki öz gözləri ilə görür. Kitabda qəsrlə bağlı çoxlu sayda xəritə, sxem, rəsm, fotoşəkillər verilib.
Bakı buxtasında yüzilliklərdən
bəri özünəməxsus yeri olan müəmmalı abidə - Bayıl qəsri
ilə bağlı bir çox
sirləri açmağa kömək edəcək
kitab oxucular, həm də
xarici turistlər, tədqiqatçılar
üçün maraqlı olacaq.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.7.