“Qarabağ” ordenli
şəhid zabit
44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları qəhrəmanlıq dastanı yazdılar. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də polkovnik-leytenant Mehman Şirvanovdur.
Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəranın Ürgə kəndində dünyaya göz açıb. 1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Müxtəlif hərbi hissələrdə nümunəvi və qüsursuz xidmət edib. Xidmət dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. Mehman Şirvanov 2016-cı ilin Aprel döyüşlərində böyük igidlik göstərib.
Vətən müharibəsinin ilk günü qəhrəman zabitimizin son döyüşü olub. Mehman sentyabrın 27-də Murovdağ yüksəkliyi uğrunda döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.
Şəhidin atası Mirəziz Şirvanov oğlu ilə qürur duyduğunu bildirir: “Mehmanın “Qarabağ” ordeni ilə təltif olunmasını televiziyadan öyrəndim. Qəhrəman oğlumla bir daha qürur duydum. Vətən uğrunda canından keçən oğlumun fədakarlığını qiymətləndirdiyinə görə Ali Baş Komandanımıza minnətdaram. Oğlum cəsur zabit idi. Vətən müharibəsində Lənkəran rayonunun ilk şəhididir. Mənim ən böyük təsəllim Vətən müharibəsində Zəfər qazanmağımızdır. Mehman kimi yüzlərlə şəhidimizin, qazimizin qanı yerdə qalmadı, Qarabağı azad etdik”.
Qəhrəmanın qardaşı Nəriman Şirvanov da Mehmanın uşaq vaxtından hərbçi peşəsinə maraq göstərdiyini deyir: “Qardaşım qətiyyətli və cəsarətli insan idi. O, orduda 22 il nümunəvi xidmət etdi. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Mehman arzusuna çatdı, Qarabağımız azaddır. İndi onun ruhu şaddır”.
Qırx yaşında şəhidlik zirvəsinə ucalan Mehmanın yadigarı 2 yaşlı qızı Nuraydır. Mehman kimi Vətən övladlarının qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu zəfər çaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən şəhidlərini heç vaxt unutmayacaq.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.5.