Vətən müharibəsinin cəsur
tankçısı
Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsində qələbənin qazanılmasına adını qanı ilə yazan belə igidlərdən biri də tankçı gizir Elvin Orucovdur.
29 yaşlı Elvin on il hərbçi kimi vətənə xidmət edib. Cəsur tankçı dörd il əvvəl Aprel döyüşlərində də fərqlənmişdi. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanırdı. Vətən müharibəsi başlayan gün o, istəyinə çatdığını anası ilə telefon danışığında da bildirmişdi. Ertəsi gün, sentyabrın 28-də isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
“Elvin sentyabrın 27-də bizə zəng etdi. Axşam saatları idi.
Dedi ki, məndən narahat olmayın, ana. Hər şey qaydasındadır.
Amma bir gün sonra şəhidlik zirvəsinə
ucaldı... Torpaqlarımız azad olunduqca
ürəyimə su səpilirdi. Deyirdim, heyif
ki, oğlum bu günləri görmədi. Şuşa azad
ediləndə sevincimizdən
ağladıq. Şəhidlərin qəbrini ziyarətə getdik. Dedim, oğul, qanın yerdə qalmadı”, – şəhidin anası Səidə Orucova ürək sözlərini bildirir.
Elvinin bacısı Səbinə
deyir: “Qardaşım Vətənə bağlı
idi. Ən birinci Vətənə,
sonra ailəsinə bağlı olub. Bacısı
olaraq mən onunla həmişə fəxr etmişəm.
İndi də fəxr edirəm. Axırıncı
dəfə onunla danışanda dedi ki, “bacı, ürəyini buz kimi saxla, yəni,
hər şey ola bilər... Qardaşımın qanını yerdə
qoymayan, Vətən torpaqlarını düşmən
tapdağından azad edən Ordumuza təşəkkür edirəm”.
Qazax rayonundakı Şəhidlər
xiyabanında dəfn edilən Elvin Orucovun iki övladı yadigar qalıb: 5 yaşlı oğlu və 5 aylıq qızı.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.5.