Adlarını qəhrəmanlıq
tariximizə yazdıran mədəniyyət işçiləri
Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı. Qorxmaz, cəsur oğullarımız Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsi yazdılar. Bu tarixi zəfərin qazanılmasında minlərlə Vətən övladı ilə bərabər cəbhəyə könüllü yazılan və səfərbərliyə cəlb olunan mədəniyyət işçilərinin də payı var.
Xəbər verdiyimiz kimi, mədəniyyət müəssisələrində çalışan 65 nəfər Vətən müharibəsində iştirak edib. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərimizdən 6 nəfər şəhidlik zirvəsinə ucalıb.
Uşaqların sevimli tar müəllimi
Rauf İlyas oğlu Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.
Rauf Əliyev 2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. Məktəbdə çalışdığı dövr ərzində kollektivin rəğbətini qazanmışdı. Uğurla tədris etdiyi dərslər, uşaqlarla səmimi ünsiyyət qurmaq bacarığı qısa müddətdə onu şagirdlərinin sevimli müəlliminə çevirmişdi.
Ermənistan işğalçı hərbi birləşmələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Vətən müharibəsi başlandı. Sentyabrın 28-də səfərbərlik üzrə orduya çağırılan Rauf Əliyev də ön cəbhəyə yola düşdü. Vətən torpaqları uğrunda gedən döyüşlərə qatıldı. Tarzən müəllim sentyabrın 30-da Ağdərə istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı...
Rauf Əliyev doğulub boya-başa çatdığı Şamaxıda dəfn olunub.
Topçu kimi qırx gün döyüş yolu keçdi
Tural Rövşən oğlu Hümmətov 20 may 1998-ci ildə Lənkəran şəhəri Tatova kəndində doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kompüter sahəsində bilgi və hazırlığı nəzərə alınaraq 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edilmişdi. İşinə məsuliyyətlə yanaşır, bu sahədə bildiklərini uşaq və gənclərə həvəslə öyrədirdi. Çalışqanlığına görə Mədəniyyət Mərkəzinin kollektivi də ona hörmət bəsləyirdi.
Tural hərbi xidmət zamanı artilleriya bölməsində qulluq etmişdi. 2020-ci il sentyabrın əvvəllərində qısamüddətli xüsusi təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yola düşür.
Tural topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin mənfur düşməndən azad edilməsində rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Atası Rövşən Hümmətov oğlunun şəhid olması xəbərini mətanətlə qarşılasa da, zəif ürəyi bu itkiyə dözməyib, noyabrın 30-da dünyasını dəyişib.
“Parlaq gələcəyi olan bir gənci,
müəllimi itirdik”
“Torpaq, əgər
uğrunda ölən
varsa, vətəndir” deyirlər. Əzəli yurd yerlərimizin
azadlığı uğrunda
şəhidlik zirvəsinə
ucalan oğulların hər biri bir
qəhrəmanlıq dastanı
yaradıb. Vətən müharibəsinin
qəhrəmanlarından biri
də Toğrul Rüfət oğlu Hacıyevdir.
Əslən Füzulidən olan Toğrulun ailəsi
1993-cü ildən məcburi
köçkün kimi
Bakı şəhərində
məskunlaşmışdı. Togrul
1996-cı il dekabrın 24-də Bakıda
anadan olmuşdu.
2016-2019-cu illərdə Azərbaycan
Milli Konservatoriyasında
tar ixtisası üzrə
təhsil almış,
sonra magistraturaya qəbul olmuşdu. Mədəniyyət Nazirliyinin
keçirdiyi işlə
qəbul üzrə imtahanı uğurla verərək Füzuli şəhər 3 saylı
Uşaq musiqi məktəbinə tar müəllimi
təyin edilmişdi.
Füzulinin və bütövlükdə
Qarabağ elinin yağı işğalından
azad olunması Toğrulun da arzusu idi. Bu arzu ilə də
Vətən müharibəsinə
yollandı. Oktyabrın 10-da elə ata-babalarının
doğulduğu Füzuli
istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucaldı.
Vətəni, torpağı uğrunda canını fəda edən Toğrul istedadlı tarzən kimi də beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişdi. İfaçılıq uğurlarına görə fəxri fərman və diplomlara layiq görülmüşdü. Toğrulu müəllimlərinin xatirəsinin işığında yad etdik.
Əməkdar artist, Milli Konservatoriyanın
dosenti Səbuhi Cəfərov:
- Toğrul haqqında nə qədər danışsam, yenə az olar.
O həm bakalavr, həm də magistr təhsili zamanı tar-not ixtisasında
mənim sinfimdə oxuyub. 6 il
biz onunla birlikdə yol gəlmişik. Həmişə öyrənməyə səy göstərir, verilən tapşırıqları
artıqlaması ilə
yerinə yetirirdi.
Sənətdə lazım olan
həddə gəlib çatmaq üçün
bütün bacarığını
sərf edirdi. Onun istedadı və öyrənmək qabiliyyəti
hədsiz idi. Toğrul ilə yaddaqalan hadisələrdən birini
xatırlayıram indi.
Çox
zaman işlədiyim yeni əsərləri tələbələrimin ifasında
lentə alıb
“YouTube” kanalında yerləşdirirəm.
Düşünürəm ki, sabah
hər hansı bir ifaçı əsərin tarda səslənməsi ilə
bağlı məlumat
almaq istəsə, asan olsun. Bir əsəri
də Toğrula vermişdim. Çox zaman
yeni işlərimlə
bağlı tələbələrimlə
də məsləhətləşirəm.
Bir gənc olaraq onların da fikri mənim üçün maraqlı
olur. Həmin bu əsərlə
bağlı Toğrulun
fikri də müsbət idi. Yeni əsəri onun ifasında yazmağımı istəyəndə
bir az
tərəddüd etdi.
Utancaq və təvazökar idi. Əsəri tam şəkildə ifa etmişdi. Bir müddət sonra onu razı salıb
ifasını lentə
aldıq. Əsər dərsliyə
salınanda məlumat
da yerləşdirdik ki, bu əsər
ilk dəfə Toğrul
Hacıyevin ifasında
lentə alınıb.
İndi yadıma düşəndə
deyirəm ki, nə yaxşı mən o vaxt onu razı salıb
bu ifasını lentə ala bildim. O həmişə xatirələrdə
yaşayacaq.
Əməkdar artist, konservatoriyanın dosenti Elçin Haşımov:
- Toğrulun atası Qarabağ qazisi idi. Övladlarına gözəl tərbiyə
vermişdilər. Toğrul vətənpərvər
böyümüşdü. Onun şəhidlik zirvəsinə
ucalması buna sübutdur. Milli Konservatoriyanın nümunəvi tələbəsi,
ifaçı kimi yaddaşlarda yaşayacaq.
Konservatoriyanın tələbələrinin ən yaxşı 10-luq siyahısı hazırlansaydı,
siyahıda Toğrul da öndə olardı. Təhsilə diqqət edirdi,
magistraturada oxumaq üçün çox zəhmətlə hazırlaşdı
və qəbul olundu. Əfsus ki, diplomunu almaq qismət olmadı. Qardaşı Ülvi Əməkdar
artist Elnur Əhmədovun
tələbəsidir. Kamançadan dərs alır.
Diplomunu Ülvi aldı Toğrulun əvəzinə.
Bəzən mühüm dövlət
tədbirləri olanda,
çəkilişlərim olanda sinfimi Toğrula həvalə edib gedərdim. Müəllimliyi də bacarırdı.
Füzuli rayonu 3 nömrəli
Uşaq musiqi məktəbində müəllim
təyin olunmuşdu.
Böyük planları var
idi. Bəzən qardaşı ilə
birlikdə onları konsertlərə də yollayırdıq. Dövlət imtahanında parlaq çıxışı olmuşdu.
Bu çıxışına
görə kollektivdən
çoxlu müsbət
fikirlər deyilmişdi
mənə. Sənətini
həddən artıq
sevirdi...
Çox heyf ki, biz gələcəyi parlaq olan bir gənci, müəllimi itirdik. Dəfnində iştirak etdik. Bir təsəllimiz var ki, Toğrul kimi gənclərin uğrunda şəhid olduqları torpaqlarımız işğaldan azad edilib. Biz qələbə qazandıq və Toğrul kimi gənclərin qanı yerdə qalmadı. Şəhidlərimiz ölmür, əbədi yaşayır. Konservatoriyanın rəhbərliyi sağ olsun, burada Toğrulla bağlı guşə yaradıblar. Hər kəs onu yad edir. Onun adı əbədi olaraq yaddaşlarda yaşayacaq.
***
Toğrulun anası, tarix müəllimi İlhamə xanım torpaqlarımızın işğaldan azad edilməsində oğlunun da rolu olmasından qürur duyduğunu bildirir. Deyir ki, Toğrulla bərabər bütün şəhid övladlar bizim başımızı uca etdilər. Şəhidlərimizin hamısı elə mənim balalarımdır. Füzulidən köçkün düşən ailənin torpaq dərdi illərdir ürəyində qubar olduğu üçün Toğrul da müharibəyə könüllü getmişdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası da onu Vətən sevgisi ilə böyütmüşdü.
***
Azərbaycan xalqı yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti ilə bir daha də təsdiqlədi. Vətən torpağının azadlığı uğrunda özünü fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlar öz qanlarıyla Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Aylar, illər ötsə belə bu zəfər tarixinin müəllifləri unudulmayacaq və daima qəlblərdə yaşayacaq. Növbəti sayımızda Vətən müharibəsinin qəhrəman mədəniyyət işçilərini oxuculara tanıtmağa davam edəcəyik...
NURƏDDİN
LALƏ
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.5.