Dördüncü
divarın dalanı
“Vətən, millət üçün
müqəddəs olan mövzularda
zəif əsər yazıb, onu tamaşaya qoymaq və ya ekrana çıxarmaq
ziyanlı işdir”
Müharibə bitdi. Özü də hamımızın arzuladığı sonluqla. Artıq ruhunu dincə qoyan, müqavimət söz-sovundan bezgin olan, gurultulu səhnələrdən yorğun düşənlərə yeni bir mövzu verildi: qələbə.
Buyurun, buyuraq, bir neçə pərdə də bu avazda oynayıb oxuyaq. Özü də zildən. Çünki biz xalq olaraq haqq işimizdə qalib gəlmişik. Xalq sevinir, qələbəsini hayqırtı ilə qeyd edib, göz yaşlarının saflığında bərq vurur. Şəhidinin məzarına, qazisinin yarasına sarılır, ruhunu azadə olan vətən torpaqlarına fəda deyir. Yəni xalq öz dilində həm ağrısını, həm sevincini, həm də zəfərini yaşayır.
Gəlin görək bu duyğu seli ədəbiyyatımızda, onun teatrımızdan keçən cığırında hansı ruhdadır?..
Çalışdıq yazını sorğu, bir növ tərəflərin fikirlərinin əsasında quraq. Belə daha obyektiv və daha məqsədyönlü ola bilər. İstədik ki, yolunu səhnədən salanların dilindən müharibə, vətən, əsgər, zəfər tematikasının həllinə baxaq. O həll ki, hələ özünü tam ifadə edə bilməyib. Ki bizim, yəni tamaşaçının istəyi də budur: ürəyimizi titrədib, hisslərimizin tərcümanı olan bədii nümunələr, onların səhnə həlli.
Dramaturqların arqumenti
Sorğumuza son illər əsərləri səhnələrə daha çox yol tapan iki dramaturqu cəlb etdik. Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli və yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi.
Onlardan dramaturgiyamızın, çağdaş ədəbiyyatımızın müharibənin içindən keçdiyini, yoxsa həndəvərində dolandığını soruşduq. Düşünürük ki, hər biri özünəməxsus arqumentlərlə tamaşaçı ilə fikir körpüsünə cəhd etdilər.
Məsələn, Əli Əmirli deyir ki, möhtəşəm qələbəmizlə bağlı hadisələr o qədər sürətli, gərgin, həyəcanlı, dinamik oldu ki, başqa heç nə haqqında düşünməyə imkan qalmadı. Hadisələri dərindən duymaq, baş verənləri qavramaq, həyat həqiqətini bədii həqiqətə, sənət hadisəsinə çevirmək üçün ədəbiyyat, dramaturgiya üçün müəyyən zaman, daxili asudəlik gərəkdir: “Başlanğıc var, artıq biz qalib ölkəyik. Əgər biz qalib ölkə hissini, sevincini yaşadığımız bir vaxtda Vətən müharibəsinin, möhtəşəm qələbəmizin teatrda, ilk növbədə dramaturgiyamızda əksini tapacaqmı sualı ətrafında düşünürüksə, deməli, doğrudan da məsələnin zamanı çatıb. Bütün cəmiyyət üçün aktual olan müharibə mövzusu ədəbiyyata, teatra gəlməlidir. Gələcək də! İndi Qarabağ mövzusunda yazmaq o qədər də çətin olmayacaq, çünki biz qalib ölkəyik. Otuzillik məğlubiyyət yükünü xəcalətlə daşıyan ölkənin yazıçısı olmaq çətindir. Döyüşdə uğursuzluq yaşamış, qəddi əyilmiş ölkənin dramaturqu əsərini nə ilə bitirsin, finalı necə qursun? Məğlubiyyətin acısını səhnəyədəmi gətirsin? Şükür, 44 günlük Vətən müharibəsi bizi bu xəcalətli vəziyyətdən qurtardı. Biz indi üç ay qabaqkı azərbaycanlı deyilik, biz indi qalib Azərbaycanın vətəndaşıyıq”.
Əlbəttə, dramaturgiya da, teatr da həyatın güzgüsüdür, yetər ki, bu güzgü möhtəşəm hadisələrlə zəngin olan zamanımızı ona layiq şəkildə, yüksək bədii səviyyədə əks etdirsin, bütün baş verənlərə adekvat olsun. Elə dramaturqu narahat edən də bu məqamdır: “Qorxuram hər bir teatr tez-tələsik çalışsın ki, qələbəmizlə bağlı ən azı babat bir tamaşa hazırlasın, deyək ki, hesabat üçün. Yəni baxın, biz ölkədə baş verənlərə dərhal reaksiya verdik. Beləliklə, keyfiyyət qalacaq qapı dalında. Bu, əlbəttə, mühüm bir mövzunun gözdən düşməsinə yol aça bilər. Cəmiyyət üçün aktual mövzu, çox vaxt zəif, şikəst nümunələrin yaranmasına səbəb olur. Halbuki Vətən, millət, xalq üçün müqəddəs olan mövzularda zəif əsər yazmaq, həmin əsəri görk üçün tamaşaya qoymaq və ya ekrana çıxarmaq ziyanlı bir işdir. Biz bunu təcrübədə çox görmüşük. Vətən, millət, xalqla bağlı həmişə aktual mövzuların zəif, plakatvarı, deklarativ təcəssümünə az rast gəlməmişik. Mən inanıram, Vətən müharibəsi haqqında ən gözəl əsərləri, növündən və janrından asılı olmayaraq, məhz gənc nəslin nümayəndələri yaradacaqlar, döyüşdə iştirak etmiş, igidlərimizin qəhrəmanlıqlarını gözləri ilə görmüş, mənfur düşmənlə göz-gözə, üz-üzə vuruşmuş və Qarabağı işğaldan azad etmiş gənclərimiz, o gənclərimiz ki, bir yazıçı kimi onların adları hələ bizə məlum deyil. Hər şeyin zamana ehtiyacı var”.
Həmkarından fərqli olaraq İlqar Fəhmi məsələyə bir az başqa nəfəslikdən baxır, bu mövzuların qlobal müstəvidə əriyib getməsinin elə də asan olmadığına diqqət çəkir. Dünyanın ikili standartını, saxta “sülh göyərçini”ni də əsas səbəb kimi ortaya qoyur. Onun fikrincə, biz ədəbiyyat olaraq dəyərlərimizə yenidən baxmalıyıq, özü də Vətəni bütün epitet və təşbehlərdən uzaq, sadə və səmimi qəlb ilə sevən əsgərin dilində tərənnüm etməliyik: “Ordumuz mənfur düşməni işğal altında olan torpaqlarımızdan qovdu və mən həm də bilirsiz nəyə sevindim? Nə yaxşı ki, ön cəbhədə döyüşən əsgərlərimiz bizdə yazılan bir sıra əsərləri oxumayıb, çəkilən bəzi filmləri görməyib. Nə yaxşı ki, onlar “sülhsevər”, “humanist” olmayıblar, müasir “elitar təfəkkür sahibi” deyillər. Yoxsa silahını çəkib düşmən üzərinə yeriməzdi. Onlar “modern”, “postmodern”, “avanqard” anlayışları ilə deyil, “Heyratı”, “Mənsuriyyə” avazıyla, nağara ritmləriylə, qara zurna sədalarıyla böyüyən insanlar, gənclərdi. İçindəki qisas yanğısını da, düşmənə nifrəti də, odlu qəzəbi də gizlətməyə ehtiyac görməyən, “elitar və müasir” görünməyə çalışmayan, ən əsas da ölümün gözünün içinə baxmaqdan qorxmayan əsl döyüşçülər. Və biz, qoltuğumuzdakı “göyərçin ədəbiyyatı” ilə onların yanında diliqısayıq, xəcalətliyik. Bəlkə bundan sonra onların qarşısında günahımızı yuya bilək. Axı onlar haqq-ədalət mücahidləri, işıq cəngavərləridir”.
Susqun, amma düşüncəli
Ədəbiyyat adamının özünüittiham yüklü rəyindən sonra mövzuya ədəbiyyatşünas nəzərindən də baxmağa çalışdıq. Qəribə də olsa, ümumi mənzərə təxmini bu fikir aralığındadır: susqun, amma düşüncəli.
Filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimova deyir ki, ədəbiyyat, sənət insanları birliyə səsləmir, birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə, sınaq məqamlarına hazırlamaqdır: “Bizdə Qarabağ müharibəsi ilə bağlı ümumi mənzərəni real ifadə edən obyektiv qənaət bundan ibarətdir ki, müharibə ovqatı bütünlükdə ədəbiyyatı sarmadı, onun aparıcı mövzusuna çevrilmədi. Ədəbiyyat vətənpərvərlik ruhunu, yurd sevgisini, sözün tam mənasında təlqin edə, mənəviyyata təsir baxımından arbitr rolunu oynaya bilmədi. Ümumiyyətlə, müharibədəki məğlubiyyətimiz bizim mədəni-ədəbi prosesdə sınma məqamının təzahürü kimi ümumiləşir.
Baxın, 44 gün ərzində Azərbaycan əsgəri tarix yazdı, Ali Baş Komandan Qarabağ problemini dünyanın diqqət mərkəzinə gətirməyə müvəffəq oldu. Amma 30 illik zaman ərzində Azərbaycan yazıçısı Qarabağ problemini mənəvi birlik məhvərinə çevirə bilmədi. Həm yazı səriştəsi nöqteyi-nəzərindən, həm də gerçəklərə yönələn baxışın intuitiv mənalandırılması cəhətdən seçilə bilmədi bu əsərlər.
Dramaturgiyaya gəlincə, adətən zamanın obrazı bu sahədə iki tərzdə özünü büruzə verir. Ya səhnəyə tarixi əhvalatlar, tarixin özü gəlir, ya da yazıçı qlobal mənaları baş vermiş cari proseslərdə, həyat hadisələrində axtarır. Bizdə hər iki istiqamətdə cəhdlər oldu: tarixi kontekst də qabarıqlaşdı, günün ədəbiyyatına köklənmək də. Amma o məqam ki, vizual olaraq ağrılarımızı, faciələrimizi dünyanın diqqətinə çatdıracaq səviyyədə görüntüyə çevirməliydi, bu, baş tutmadı. Yəni sən hər hansı müharibədə haqlı ola bilərsən, əsas olan bu haqqı mədəniyyətə, sənətə daşıya bilməkdir”.
E.Akimovanın fikrincə, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bu baxımdan, dövrün epoxal gerçəkliklərinə nüfuz, cərəyan edən hadisələrin bütün kəskin və anlaşılmaz, fəci və dramatik tərəfləri ilə birgə təcəssümü baxımından yaradılan əsərlər ədəbi mühitə, müasir təkamül prosesinə ciddi mənada bir təsir göstərə bilmədi.
Əsər gözləyən rejissor
Müzakirəmizin bundan sonrakı hissəsini səhnə həlli kontekstində aparsaq, daha məntiqlidir. Bu, elə “Hər pyesdən tamaşa olmaz” kimi amansız fikrə tutarlı arqumentdir. Unutmayaq ki, bədii gücü, səhnə cazibəsi olmayan heç bir əsəri yaxşı səhnə həllində tamaşaçıya həzm etdirə bilməzsən.
Ola bilər, yüksək peşəkar rejissor, zəngin təcrübəli teatr mütəxəssisi kimi onu səhnənin imkanlarında bəzəyib-düzəyəsən, amma qəbul etdirə bilməzsən. Bu günün tamaşaçısı da, reallığı da, elə teatrı da o deyil.
Bunu biz yox, əksər teatrlarda tamaşaları uzun illər repertuarda qalan Əməkdar incəsənət xadimi, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov deyir: “Konkret mövzuya həsr olunmuş povest, roman, səhnə əsəri yazmaq çox çətindir. Bu əsərin qəhrəmanları ümumiləşdirilmiş olduğundan həmişə birmənalı qarşılanmır. Dediyiniz mövzu barədə Azərbaycan ədəbiyyatında onlarla sanballı əsərlər yazılıb, filmlər çəkilib. Ümumiyyətlə, şahidi olduğumuz hadisələr barəsində isə əsər yazmaq üçün, doğrudan da, müəyyən bir vaxt keçməlidir. Bu vaxt sadəcə olaraq yazıçıya hadisələrin hansı məcrada inkişaf edəcəyini görmək üçün yox, bədii obrazını tapmaq üçün lazımdır. Əsas məsələ odur ki, istər yazılan, istər səhnəyə hazırlanan bədii material tamaşaçı tərəfindən qəbul olunsun. Mübahisə yarada bilsin. Çünki teatr sənətinin əsas məqsədi mübahisə yaradıb, konkret bir mövzunu bədii tərəfdən araşdırmaqdan ibarətdir. Demək istədiyim odur ki, 27 ildə nə ədəbiyyat susub, nə də teatr. Sadəcə olaraq, baxış bucaqları başqalaşıb. Bu gün biz böyük Qələbəni bayram edirik və bu gün yazılacaq hər hansı bir səhnə əsəri müəllifdən, teatrdan böyük bir risk tələb edir. Bu risk səhv etməməkdi. Bizim yaralarımız da qələbəmiz kimi təzədir və nə olur-olsun, elə etmək lazımdir ki, yazılan əsər kimsədə narazılıq doğurmasın. Bu gün Azərbaycanda hamı özünü məlum döyüşlərin iştirakçısı sayır. Bu gün hər bir kəsin öz anlamı, öz baxış müstəvisi var. Buna görə də, yazılacaq hər bir səhnə əsəri elə olmalıdır ki, Qarabağ münaqişəsini tam dərindən araşdıraraq bədii obrazlar yarada bilsin”.
Bəhram müəllimin nisbətən gənc həmkarı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova isə səbirsizdir və ilkin emosional təsirin altında yaranacaq işlərin daha təbii və səmimi olduğuna inanır. Elə buna görə də artıq plan-proqram da tərtib edib, maraqlı əsər axtarır: “Məncə, bu qələbədən sonra daha gözəl sənət əsərləri doğulacaq. Bu sevinc hissi bizim yazarlarımıza güc verəcək. Onu da deyim ki, müharibə mövzusunda təsiredici əsər yazmaq və səhnələşdirmək o qədər də asan deyil. Yalnız sənədli teatr formasına əsaslanaraq, həm də hadisələrin daxilinə nüfuz edərək yaxşı tamaşa hazırlamaq olar”.
Nikbinik, ümidliyik
Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlının fikrincə, zaman-zaman teatr səhnələrimizdə maraqlı, baxımlı və ən əsası, ideya yüklü tamaşalar yaranıb və onlar ümumi ruhun, mübarizə əzminin itməməsinə xidmət edib: “Əslində, ilk baxışdan daim teatrlarımızın vətənpərvərlik mövzusunda tamaşalarının say və keyfiyyətindən narazı olmuşuq. Amma indi ümumi nəzər yetirdikdə görürük ki, bütövlükdə vətənpərvərlik mövzusu unudulmayıb. Düzdür, daha çox tarixi mövzuda əsərlər tamaşaya qoyulub. Ona görə də tarixi-vətənpərvərlik bölgüsü aparmaq daha dolğun olar.
Araşdırmalar göstərir ki, 20 Yanvar hadisəsindən sonra Azərbaycan dramaturgiyasında müəyyən nümunələr yarandı və çətin məqamlarda da səhnəyə yol tapdı. Bu, məsələnin statistikasına təxmini baxışdır. Bu nümunələrin bədii keyfiyyətinə gəlincə, təbii ki, müəyyən narahatlıqlar var və bunu zaman-zaman müzakirə etmişik. Sözsüz ki, bütün tamaşalar yüksək səviyyəli nümunələr deyil və bunun bir səbəbi də pyeslərin keyfiyyəti ilə bağlıdır. Düşünürəm ki, xalqımızın hazırkı yüksək vətənpərvərlik ruhunda daha yeni və maraqlı, müasir nümunələr yaranacaq”.
Müzakirəmizi bu nota təsadüfən kökləmədik. Ən azından illərdir bu çətin yolda bizə bələdçilik edən nümunələri yada salmağa vəsilə oldu. O başqa mövzudur ki, müqavimət ədəbiyyatımız, dramaturgiyamız, teatrımız, kinomuz, küll halında bədii-yaradıcı fikrimiz niyə bir ovqatda oldu? Amma bu və elə ondan törəyəcək bütün ağrılı sualların cavabını əsgər səngərdə verdi, özü də Stanislavskinin “Dördüncü divar” nəzəriyyəsini darmadağın edərək.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.6.