Ən böyük arzusu Qubadlının işğaldan azad olunması idi

 

 

Şəhidləri Vətən uğrunda mücadilənin şahidi də adlandırırlar. İkinci Qarabağ müharibəsində də qəhrəman oğullarımız qanları, canları ilə yadellilərə qarşı keçilməz səddə çevrildilər. 30 ilə yaxındır yağı tapdağında inləyən ata-baba yurdlarımızı işğaldan qurtardılar.

 

44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biriAnar Qorçuyevdir. Anar 1987-ci il yanvarın 4-də Sumqayıt şəhərində doğulub. 2005-ci ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Universitetinə qəbul olunur. 2009-2010-cu illərdə hərbi xidmət keçir. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar Qorçuyev işlədiyi kollektivlərin hər bir üzvünün hörmət və rəğbətini qazanır. Hərbə olan marağı 2017-ci ildə onun yenidən bu sahəyə yönəlməsinə səbəb olur. Bu ilin iyun ayında leytenant rütbəsi almaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur və təhsilini bitirərək orduda xidmətə başlayır.

 

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda öz tağımı ilə birlikdə ön cəbhəyə yollanır. Oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olur. 2015-ci ildə ailə həyatı quran Anarın Ayla adında qızı var.

 

Qardaşı Asəf Qorçuyev deyir ki, Bakıda yerləşən N saylı hərbi hissədə tağım komandiri olaraq fəaliyyətə başlayan zaman Anar gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə ciddi məşğul olub: “Müharibə başlayanda ön cəbhədə şiddətli döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulurdu. Buna görə də Anar qərara alır ki, öz tağımı ilə döyüşə girsin. Hərbi hissədə xidmət edən, özündən yuxarı vəzifəli zabitlər onu hər nə qədər fikrindən döndərməyə çalışsalar da, Anar heç kimi dinləmir və “Mən əsgərlərimdən nigaran qalacağam. Onlara neçə vaxtdır Vətən, torpaq haqqında danışıram. Silah yoldaşlarıma necə sağ ol deyim, yola salım, amma mən özüm getməyim?” - deyərək ön cəbhəyə yollanır”.

 

Müsahibim qeyd edir ki, Anarın ən böyük arzusu ata yurdu Qubadlının işğaldan azad olunması idi: “O, çox istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun və Qubadlıya bayrağı şəxsən özü sancsın. Qardaşım həmişə deyərdi ki, Qubadlıda üçrəngli bayrağımızı dalğalandıracağam və qızım böyüyəndə mənimlə fəxr edəcək”.

 

Asəf Anarla sonuncu dəfə oktyabrın 7-də səhər saatlarında danışdığını bildirir: “Son danışığımızda dedi özünüzdən muğayat olun. Qızımı çoxlu-çoxlu öpərsən”.

 

Anarın yaxın dostu Ruslan Zəkiyev isə deyir ki, onun yoxluğu ilə barışmaq çox çətindir: “Bütün tanıyanların sevimlisi olan Anar Vətən uğrunda şəhid olmaqla əbədilik qazandı”.

 

Anar Qorçuyev oktyabrın 9-da Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Artıq Anarın ruhu şaddır. Müzəffər Ordumuz onun arzusunu yerinə yetirib. Oktyabrın 25-də Qubadlı düşməndən azad edilib. Hətta üçrəngli bayrağımız Şuşada dalğalanır.

 

Allah rəhmət eləsin.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.6.