Bu ibadət gününü
illərlə gözləmişdilər...
“Xudavəng məbədi həm tarixən,
həm də memarlıq üslubu
baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur”
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri dekabrın 4-də Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
Azərbaycanda firavan yaşayan udilər, Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq, Qəbələ və Oğuzdakı alban məbədlərində olduğu kimi, işğal altındakı alban kilsələrində, o cümlədən Kəlbəcərdəki Xudavəng monastır kompleksində də ibadət edəcəkləri günü illərdir səbirsizliklə gözləyirdilər.
Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırı dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Monastırın əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib.
Kəlbəcərin işğalına son qoyulduqdan sonra onlar ilk ayinlərini icra etmək üçün Kəlbəcərə gəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxış edərək Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində göstərdiyi rəşadətdən, qazanılan uğurlardan danışıb, döyüşlərdə şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət diləyib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Alban-udi dini icması nümayəndələri Xudavəng məbəd kompleksinə aid kilsədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının ruhuna dualar oxuyublar. Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən icmanın sədri Robert Mobili bildirib ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar açıq şəkildə görünür. Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir.
İcma sədri Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin, o cümlədən kilsə, sinaqoq və məscidlərin əsaslı şəkildə təmir olunduğunu diqqətə çatdırıb. O, Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm kilsəsinin bu yaxınlarda başa çatmış bərpasını əks etdirən fotolarını Kəlbəcərdəki Xudavəng monastırına da gətirdiklərini deyib. Bildirib ki, işğaldan azad olunan ərazilərimizdəki dini məbədlərimiz də bərpa ediləcək və dindarların istifadəsinə veriləcək.
Qeyd edək ki, Qafqaz Albaniyasının məbəd və digər mədəni irs nümunələri erməni kitablarında hər zaman əsassız olaraq “qədim erməni” mədəni irsi, erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonu işğal edildikdən sonra Xudavəng monastırında da qanunsuz “bərpa” işləri aparılıb. Bu saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə – 14 il davam edib.
Kəlbəcər rayonunda dövlət reyestrindən keçən 35 alban məbədi var və onların demək olar hamısı Ermənistan tərəfindən saxtalaşdırılıb və ya dağıdılıb. Alban kilsələrinin memarlıq üslubu, həmçinin onlara aid simvol və elementlər erməni saxtakarlığına məruz qalaraq dəyişdirilib. Qədim Şərq kilsələrindən olan alban kilsələri həm memarlıq üslubuna, həm də xaçın formasına, ibadət dilinə, liturgiyasına görə erməni kilsələrindən tamamilə fərqlənir. Bununla yanaşı, fərqli əlifba, fərqli dildə olan müqəddəs kitablar və apostol xətti də Alban kilsələri ilə erməni kilsələri arasındakı fərqləri açıq-aydın nümayiş etdirir.
Mədəniyyət.- 2020.- 9 dekabr.-
S.4.