Azərbaycan ilə Venesuela
arasında mədəni əlaqələr müzakirə olunub
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
Qonağı salamlayan Anar Kərimov iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdiyini bildirib, mədəni əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Anar Kərimov xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini bildirib. Azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin bərpası ilə bağlı böyük işlərin görüləcəyi qeyd edilib.
Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərin mədəniyyət sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib. Venesuelada hər il mədəniyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdən bəhs edən diplomat bu sırada dünyanın 40-dan çox ölkəsinin qatıldığı beynəlxalq kitab sərgisini vurğulayıb və Azərbaycan tərəfini növbəti sərgidə iştirak üçün dəvət edib.
Mövcud pandemiya şəraitinin 2021-ci ildə sabitləşəcəyinə ümidvar olduğunu deyən səfir gələn il Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Venesuela filmləri festivalı, Venesuela rəssamlarının sərgisi, yazıçılar və şairlər arasında mübadilə, mədəni irsin qorunması və bərpası barədə müzakirələr keçirməyi planlaşdırdıqlarını deyib.
İki ölkənin mədəni əlaqələrinin inkişafı ilə bağlı təklif və təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirən Anar Kərimov keçiriləcək tədbirlərin Venesuela mədəniyyəti haqqında Azərbaycan xalqına və Azərbaycanın mədəni irsi haqqında Venesuela xalqına geniş məlumat verəcəyinə inamını ifadə edib.
Görüş
qarşılıqlı maraq doğuran digər məsələlərin
müzakirəsi ilə davam edib.
Mədəniyyət.- 2020.- 9 dekabr.-
S.3.