Ermənilərin Şimali
Azərbaycan torpaqlarına köçürülməsi
tarixindən
AMEA Tarix İnstitutunda hazırlanan “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” kitabı rus və ingilis dillərində çapdan çıxıb.
İnstitutdan bildirilib ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi, bu əsər də Prezident İlham Əliyevin tarixçilərimizə ünvanladığı çağırışlara cavab olaraq yazılıb.
Kitabın müəllifləri - Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Qarabağ tarixi şöbəsinin müdiri, dosent Güntəkin Nəcəflidir.
Əsərdə qeyd edilir ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza – Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı.
Kitabda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitaba, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər də daxil edilib. Qeyd olunur ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” – “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
Mədəniyyət.- 2020.- 11 dekabr.- S.6.