“Yallılar dünəndən bu günə” kitabının təqdimatı

 

 

Naxçıvan Dövlət Filarmoniyasında “Yallılar dünəndən bu günə” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova xalq musiqisi və rəqs sənətimizin mühüm sahəsi olan yallıların araşdırılması, tədqiqi və təbliği istiqamətində təqdirəlayiq işlərin görüldüyünü deyib. Qeyd edib ki, muxtar respublika Ali Məclisi sədrinin “Xalq yaradıcılığı günləri”nin keçirilməsi haqqında 2009-cu ildə imzaladığı sərəncam, xalq yaradıcılığımızın digər nümunələri kimi, yallılarımızın da təbliği və tədqiqinə zəmin yaradıb. AMEA Naxçıvan Bölməsi və muxtar respublikanın Mədəniyyət Nazirliyi tərəfindən tədqiqatlar aparılıb, bu irsin UNESCO səviyyəsində qorunması üçün tədbirlər həyata keçirilib. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bu işlərin nəticəsi olaraq 2018-ci ilin noyabr ayında Azərbaycanın müvafiq təqdimatı əsasında “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili qorunma siyahısına daxil edilməsi tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan uğurdur.

 

Natəvan Qədimova Ali Məclis sədrinin 2018-ci ildə Şərur yallıları ilə bağlı sərəncam imzaladığını da diqqətə çatdırıb. Bildirib ki, bu sərəncam əsasında Şərur yallılarının reyestrinin aparılması məqsədilə muxtar respublikanın Mədəniyyət Nazirliyində komissiya yaradılıb. Həmin komissiya tərəfindən indiyədək reyestrə 94 yallı növü daxil edilib.

 

Sərəncamın icrası ilə bağlı, həmçinin “Yallılar dünəndən bu günə” kitabı hazırlanaraq nəşr olunub. Kitabda oxucular yallıların forması və bədii xüsusiyyətləri ilə yanaşı, yaranma tariximusiqi analizi haqqında da məlumat əldə edəcəklər. Həmin yallılar muxtar respublikanın Əməkdar incəsənət xadimi Əkrəm Məmmədli, Azərbaycanın Əməkdar artisti Elman Əliyev və Kənan Məmmədli tərəfindən “Şərur” Xalq Yallı Ansamblının, eləcə də yallılarımızı yaddaşlarında yaşadan soydaşlarımızın ifasından nota alınıb. Yallılar haqqında məlumatların Azərbaycan, ingilisrus dillərində təqdim edildiyi nəşrə yallıların bir neçəsinin videoyazısından ibarət kompakt disk də əlavə edilib.

 

Təqdimat mərasimində Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov və “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kimya Babayeva da çıxış edərək nəşrin əhəmiyyətindən söz açıblar.

 

Mərasimdə kitaba əlavə edilən DVD diskdəki yallıların bir neçəsinin videonümayişi olub. Sonda tədbir iştirakçılarına kitab hədiyyə edilib.

 

 

Mədəniyyət.- 2020.- 11 dekabr.- S.7.