Qarabağın incisi – Şuşa məxfi planlarda
Doğma Qarabağımızı mənfur düşməndən
azad etmək uğrunda Vətən müharibəsi ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsi ilə
başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun
qazandığı zəfər tariximizə şanlı səhifə
yazdı. Əsrə bərabər 44 gün
xalqımıza qürurverici qəhrəmanlıq salnaməsi bəxş etdi...
Qarabağ – uzun illər ən böyük
saxtakarlığa məruz qalan, müxtəlif yollarla,
şişirdilmiş, uydurma faktlarla özgəninkiləşdirilməyə
(erməniləşdirilməyə) çalışılan
tarixi torpağımızdır. Əzəli Azərbaycan
torpaqlarında erməni dövləti yaradıldıqdan sonra
erməni tarixçiləri arasında Qarabağ ərazisinin
qədim erməni torpağı olması haqqında uydurma
konsepsiya yaradıldı və ictimaiyyətin beyninə
yeridildi. Bu konsepsiyanın kökündən
yanlış olduğunu təkzibedilməz faktlarla sübuta
yetirmək bir o qədər də çətin deyil, lakin onun
dünya ictimaiyyətinə çatdırılması xeyli
çətinliklər yaradır. Bu baxımdan Moskva
şəhərində yerləşən Rusiya
İmperiyası Xarici Siyasət Arxivi (Àðõèâ Âíåøíåé Ïîëèòèêè Ðîññèéñêîé Èìïåðèè) və Rusiya İmperiyası Hərbi
Tarix Arxivinin (Ðîññèéñêèé Ãîñóäàðñòâåííûé Âîåííî-Èñòîðè÷åñêèé Àðõèâ)
müxtəlif fondlarından əldə etdiyimiz materiallar əsasında
Qarabağ xanlığının, həmçinin
Qarabağın incisi sayılan, elm, mədəniyyət mərkəzi,
çoxsaylı tarixi-memarlıq abidələri ilə
seçilən, tarixi mənbələrdə “alınmaz qala”,
“Fermopil keçidi” adlandırılan Şuşa şəhərinin
hələ XVIII əsrdə regionu ələ keçirməyə
çalışan qüvvələrin daim diqqət mərkəzində
olduğunu izləmək mümkündür.
Tarix boyu ermənilərin “Böyük Ermənistan” dövləti
yaratmaq xülyası “xristian himayəçiliyi” pərdəsi
altında müstəmləkəçilik siyasəti yeridən
Rusiya İmperiyasının mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın
Şərqi işğal etmək arzusunda olan Çar
Rusiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri
qovuşuğunda etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli
şərait yetişən kimi həmin ərazidən hərbi
platsdarm kimi istifadə edə bilsin. I Pyotr
dövründən (1682-1725) başlanan bu siyasət XVIII əsrin
ikinci yarısında – II Yekaterinanın hakimiyyəti
dövründə (1762-1796) daha da fəallaşdı.
Hələ
1750-1752-ci illərdə Qarabağ xanlığının
banisi Pənahəli xanın (1748-1763) göstərişi ilə
inşası başlayan yeni şəhər-qala – ilk illərdə
Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırılan şəhər
1756-cı ildə xanlığın daimi paytaxtına
çevrildi. Şuşa üç tərəfdən
sıldırım qayalarla əhatə olunduğundan şəhərə
yalnız dördüncü tərəfdən – şimal-şərqdən
keçən dar və dolanbac cığırla qalxmaq
mümkün idi. Dövrün mənbələrində
bu cığırı qədim Yunanıstandakı Fermopil
keçidi ilə müqayisə edir və göstərirdilər
ki, burada mövqe tutmuş bir neçə adam
böyük bir ordunun qarşısını saxlaya bilərdi.
Bu səbəbdəndir ki, dövrün mənbələrində
Qarabağ xanlığı, onun paytaxtı Şuşa
ilə bağlı planlar çox ehtiyatla, gizli şəkildə
reallaşdırılmağa çalışılırdı.
1779-cu ilin sonlarında II Yekaterinanın sarayında rus
qoşunlarının Cənubi Qafqaza yeni hərbi
yürüş planı qəbul olundu. Bu iş general A.V.Suvorova həvalə
olundu və o təcili qaydada Cənubi Qafqaz haqqında müfəssəl
məlumatlar toplamağa başladı. Bu məqsədlə
o, 1780-ci ilin yanvarında Rusiyadakı ermənilərin dini
başçısı, arxiyepiskop İosif Arqutinski (Hovsep
Arqutyan) və erməni varlısı İvan Lazaryan ilə
görüşdü. Görüş
zamanı tarixi Azərbaycan torpaqları hesabına Cənubi
Qafqazda erməni dövləti yaratmaq planı müzakirə
olundu.
II Yekaterinanın məxfi sərəncamına əsaslanan
çariçanın favoriti, knyaz Q.A.Potyomkin xüsusi təlimatla
V.A.Suvorova dərhal Həştərxana gedib oradakı quru
qoşunlarına komandanlığı qəbul etməyi təklif
etdi. 1780-ci il yanvarın 24-də Moskvadan Həştərxana
yola düşən Suvorov yürüşə hazırlıq
işləri görməyə, hər şeydən əvvəl
Qarabağ və İrəvana gedən yollar,
yaşayış məntəqələri və s. haqqında
ətraflı məlumatlar toplamağa başladı. Rusiya məmurlarına
çatdırılan məlumatlarda Qarabağın təbii
ehtiyatları, məhsuldar torpaqları təsvir edilir, burada zəngin
qızıl, gümüş, qurğuşun, mis və dəmir
mədənləri, pambıq, ipək, çəltik, bal,
çoxlu meyvə bağlarının olması və keyfiyyətli
şərab istehsal olunduğu yazılırdı.
1782-ci il Krımın ələ keçirilməsindən
sonra Rusiya tarixində Cənubi Qafqazda qəti siyasətin
başlanğıcı kimi şərtləndi. Artıq çoxdan bəri hazırlanmaqda olan “Yunan
layihəsi” məhz bu zamandan etibarən ələ
götürüldü. Rusiya hökuməti
knyaz Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan,
onun yaxın qohumu general P.S.Potyomkini isə Qafqaz müdafiə
xəttinin rəisi təyin etdi. Q.A.Potyomkinin 1782-ci il 6 sentyabr tarixli göstərişinə əsasən
P.S.Potyomkin dərhal müxtəlif vasitələrlə
gürcü çarı II İrakli və ermənilərlə
əlaqələr yaratmalı idi.
Bu məqsədlə
general P.S.Potyomkinin erməni keşişi İ.Arqutinskiyə
ünvanladığı 1782-ci il 21 dekabr
tarixli rəsmi sorğusunda Qarabağdakı xristian məlikləri,
ümumi əhalinin sayı, Qarabağa gedən yolların vəziyyəti
və s. ilə maraqlanırdı. O, 14 bənddən ibarət
sorğunun 10-cu bəndində konkret olaraq: “Şuşa
xanının möhkəmləndiyi qala harada yerləşir? Onun ətrafı necədir? Bu
qalaya necə yaxınlaşmaq olar? Xahiş
edirəm, mənə bu məşhur və alınmaz hesab edilən
qalaya gedən yollar və qala haqqında ətraflı məlumat
verəsiniz” – yazırdı. Göründüyü kimi,
qeyd edilən dövrdə Şuşa
qalasının alınmazlığı haqqında Rusiya hakim
dairələrində kifayət qədər məlumat
mövcud idi.
P.S.Potyomkinə dərhal göndərdiyi cavab məktubunda
əzəli Azərbaycan torpaqlarını, şəhərlərini
erməni torpağı kimi təqdim edən İ.Arqutinski
generala Qarabağı ələ keçirmək barədə
planlar təklif etdi. Erməni keşişi sorğunun 10-cu bəndinə
uyğun olaraq Şuşaya gedən yolların, meşələrin
və dağların geniş şəkildə təsvirini verərək,
sonda yazır: “Şuşa öz mövqeyinə görə
alınmazdır, lakin uzunmüddətli mühasirəyə
tab gətirə bilməz”. Aydındır ki, erməni
keşişi rus qoşunlarının Qarabağa
yürüşünü tezləşdirmək
üçün Şuşa haqqında
sonuncu fikri yazırdı.
Qeyd olunan dövrdə Qarabağ xanlığı ərazisində
xristian məlikliklərin olması ilə başqa
xanlıqlardan fərqlənirdi. Rusiya dövlətinin
himayə etdiyi və ermənilər tərəfindən təhrik
edilən bu məliklərdən bəziləri hələ Pənahəli
xanın dövründən başlayaraq bir tərəfdən
xanlıq daxilində mərkəzləşməyə mane
olur, digər tərəfdən xaricdən Qarabağ
xanlığına qarşı basqınların təşkilinə
və həyata keçirilməsinə kömək etməklə
xanlığın müstəqilliyini sarsıtmağa
çalışırdılar.
Qarabağ xanı İbrahimxəlil xanla (1763-1806)
separatçı xristian məliklər arasındakı
mübarizəyə 1783-cü ilin əvvəllərindən
başlayaraq Çar Rusiyası fəal şəkildə
qarışmağa başladı. 1783-cü il martın 28-də
Peterburqda Xarici İşlər Kollegiyasının iclasında
Rusiyanın Cənubi Qafqaz siyasətinin məqsədi “Xəzər
dənizinə yiyələnməli”, “gürcü və ermənilərlə
ittifaq yaratmalı” şəklində ifadə olundu. Q.A.Potyomkin vasitəsilə II Yekaterinaya təqdim
olunan xəritədə “Qarabağ və Qaradağdan ibarət
olan ərazinin II İraklinin çarlığı ilə
birgə Türkiyə Ermənistanı ilə birləşdirilməsi”
nəzərdə tutulurdu.
Bu
planları reallaşdırmaq məqsədi ilə knyaz
Q.A.Potyomkin 1783-il aprelin 6-da Qafqaz müdafiə xəttinin rəisi
P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında
yazırdı: “Şuşalı İbrahim xan devrilməlidir,
çünki bundan sonra Qarabağ Rusiyadan başqa heç
kimdən asılı olmayan erməni vilayətini təşkil
edəcəkdir. Siz bu yeni vilayətin təşkili
üçün bütün imkanlardan istifadə edin ki, bu
vilayət xalq üçün əlverişli olsun. Bu vilayət digərlərinə nümunə olacaq
və bu vasitə ilə çox sayda ermənilər
Qarabağa axışacaqdır. Qarşıya
qoyulan məqsədə çatmaq üçün 4 tabor,
müvafiq miqdarda artilleriya və süvarilərin köməyi
ilə ilk növbədə Dərbənd zəbt
olunmalıdır. Bununla rus qoşunları
Qarabağa yaxınlaşar və etibarlı arxa əldə
etmiş olarlar. Xəzər dəniz donanması Sizin ixtiyarınızda olacaqdır”.
Aydındır ki, Rusiya hakim dairələri Qarabağda
yaradılacaq “erməni vilayəti”ndə hər cür şərait
yaratmağı planlaşdırmaqla əsas məqsədlərinə
– külli miqdarda erməninin Qarabağa köçüb gəlməsinə
çalışırdılar ki, lazım gəldikdə
onlardan öz məqsədləri üçün istifadə
edə bilsinlər.
1783-cü
il 19 may tarixli digər məxfi sənəddə
isə Q.A.Potyomkin II Yekaterinaya yazırdı: “Əlverişli
şərait yaranan kimi İbrahim xanı tabe edərək onun
vilayətini milli hakimiyyətə (xristian məlikləri nəzərdə
tutulur – G.N.) vermək lazımdır. Bununla da
Asiyada sizin vədinizə uyğun olaraq və mənim vasitəmlə
xristian dövləti yaranacaqdır”.
Bu zaman İbrahim xan özünün yüksək
diplomatik bacarığı sayəsində düşmənçilik
edən məlikləri ifşa edə bildi. Çünki imperiyanın
xəfiyyəsi Reyneqsin rus qoşunlarının
yürüşü nəticəsində İbrahimxəlil
xanın hakimiyyətdən məhrum edilməsi və “erməni
çarlığının bərpası” haqqında məlumat
verən, məlik Abova göndərmiş olduğu məktubu
Qarabağ xanının əlinə keçmişdi. İbrahimxəlil xan bu zaman məlikləri
Şuşaya toplaya bildi və Qarabağ xanlığına xəyanət
etdiyini sübuta yetirərək onları həbsə
aldırdı. Bundan sonra xan daha uzaqgörən, diplomatik
bir addım ataraq “Qarabağ xanlığının Rusiya təbəəliyinə
qəbul edilməsi”ni xahiş edən məktubla
Peterburqa elçi göndərdi.
İbrahimxəlil xanın bu addımından sonra
Q.A.Potyomkin onu devirmək niyyətindən tamamilə əl
çəkmədi, yalnız bu məqsədin gerçəkləşməsini
bir qədər təxirə saldı. Yuxarıda qeyd etdiyimiz 19 may tarixli məxfi
məlumatında knyaz etiraf edərək yazırdı ki,
“şuşalı İbrahim xanın itaət göstərməsi
və onun Rusiya təbəəliyinə qəbul olunmaq
haqqında xahişi xanlığın süqutunun
qarşısını aldı. Xanın devrilməsi
ilə bağlı əvvəlki təlimat həyata
keçirilmədən onun yalnız bac ödəməsi təklifinə
imperatriçə hörmətlə yanaşdı”.
Bununla yanaşı, 1783-cü ilin mayında knyaz A.Q.Potyomkin
general P.S.Potyomkinə belə bir göstəriş
vermişdi: “Rusiyanın İrəvan və Qarabağdakı tədbirləri
ilə bağlı erməniləri həmişə hazır
saxlamaq, Rusiyanın ali himayəsi
altında Asiyada erməni və Qarabağ ərazilərindən
ibarət güclü xristian dövləti yaratmaq
üçün erməniləri əzizləmək
lazımdır”.
Rusiya
imperiyasının Qarabağı zəbt etmək fikrindən əl
çəkmədiyini, sadəcə olaraq vaxt qazanmaq istədiklərini
anlayan İbrahimxəlil xan yaxın adamlarından min nəfərə
qədər toplayıb yenidən Şuşa
qalasını möhkəmləndirməyə başladı.
O, hətta özünün şəxsi mühafizəsi
üçün yeznəsi – Avar hakimi Ömər xandan 30 nəfər
almışdı. İbrahimxəlil xanın
Şuşanın möhkəmləndirilməsi xəbəri
tezliklə general P.S.Potyomkinə çatdırıldı.
General II İrakliyə yazdığı 28 iyun tarixli məktubunda,
ondan İbrahim xanın niyyətləri barədə ona dəqiq
məlumat verməyi xahiş etməklə yanaşı, həm
də II İrakliyə tapşırdı ki, Qarabağ
xanından öz hərbi hazırlıqlarını
dayandırmağı tələb etsin.
XVIII əsrin 80-ci illərinin sonundan başlayaraq Rusiya
İmperiyasının Cənubi Qafqaz uğrunda mübarizəsi
daha da intensivləşdi. Artıq İranda hakimiyyəti ələ
alan Qacar hökmdarı Ağa Məhəmməd
xan (1780-1797; 1796-cı ildən Ağa Məhəmməd
şah – G.N) da bu mübarizəyə qoşulduğu
üçün vəziyyət xeyli gərginləşdi.
1787-1791-ci
illər Rusiya-Osmanlı savaşı 1791-ci il
dekabrın 29-da Yassı sülh müqaviləsi ilə
başa çatdı. Bu müqavilə
Rusiyanın Cənubi Qafqazda geniş fəaliyyəti
üçün böyük imkanlar yaratdı. II Yekaterina hökuməti Cənubi Qafqazın, o
cümlədən Azərbaycan xanlıqlarının zəbt
edilib, Rusiya imperiyasına birləşdirilməsi məqsədilə
artıq əməli tədbirlərə keçməyi
planlaşdırırdı. Öz niyyətlərini
həyata keçirmək üçün əlverişli
fürsət arayan erməni varlıları dərhal
yaranmış şəraitdən istifadə edərək
Rusiya hakim dairələri ilə daha da yaxınlaşdılar.
Bütün bunlara baxmayaraq, Rusiya hakim dairələri
Cənubi Qafqaza yürüşə başlamaqdan çəkinir
və yeni əlverişli imkan axtarırdı. Nəhayət, belə bir imkan üçün bəhanə
tapıldı.
Bu bəhanə 1795-ci ildə Ağa Məhəmməd
xan Qacarın Şərqi Gürcüstana yürüşü
oldu. Qacarın rəsmən Rusiyanın himayəsində
olan Kartli-Kaxet çarlığının mərkəzi
Tiflis şəhərini alıb dağıtması
Rusiyanın bu regiona hərbi müdaxiləsi üçün
bir növ hüquqi əsas vermiş oldu. II
İraklinin Rusiya dövlətinə müraciət etməsinə
baxmayaraq II Yekaterina hökuməti Kartli-Kaxet
çarlığına kömək etmədi. Rusiya
hakim dairələri Ağa Məhəmməd xan Qacarın
Tiflisi işğal və qarət etməsinə bir növ
“göz yumdu” ki, Cənubi Qafqaza hərbi qüvvə yeritmək
üçün bəhanə və imkan qazansın.
Rusiya himayəsində olan Kartli-Kaxet
çarlığının mərkəzinin Qacar
qoşunları tərəfindən dağıdılması
Rusiyanın bu regiondakı nüfuzunun aşağı
düşməsinə səbəb oldu. II Yekaterina Cənubi
Qafqazda nüfuzunu bərpa etmək üçün diplomatik
vasitələrdən bilavasitə hərbi qüvvə tətbiqinə
keçdi. O, 1796-cı ilin yazında Cənubi Qafqaza
yürüşə başlamaq haqqında göstəriş verdi. Bu yürüşdə rus qoşununa
komandanlıq etmək imperatriçənin sevimlisi general Platon
Zubovun qardaşı Valerian Zubova (1771-1804) həvalə edildi. Bu barədə iki hissədən ibarət xüsusi
“Təlimat” (“Íàñòàâëåíèå”)
və “Manifest” imzaladı.
V.Zubovun Azərbaycana hərbi yürüşü Rusiya
imperiyasının həm siyasi, həm də iqtisadi-ticarət
maraqlarını həyata keçirmək planlarına xidmət
edirdi. Rusiya hakim dairələri bu yürüşə
çox böyük əhəmiyyət verirdi. Bu münasibətlə hətta Xəzər dənizinin
qərb sahillərinin plan-xəritələri də tərtib
edilmişdi.
Hələ
1796-cı il fevralın 19-da V.A.Zubova 30 bənddən
ibarət məxfi təlimat verilmişdi. Həmin
təlimatda deyilirdi ki, rus qoşunlarının
yürüşünün əsas vəzifələrindən
biri II İraklinin bütün mülklərində hakimiyyətini
bərpa etmək, Qarabağ məliklərini və onların
təbəələrini Rusiyadan asılı hala gətirməkdir.
Təlimatın VI bəndində
açıq-aşkar Xəzər hərbi hissələrinin
Tiflisdən aşağı Kür çayı boyunca Gəncəyə
doğru hərəkət edərək, buradan Qarabağa gəlməsi
və burada xristianlığı bərpa etməsi
planlaşdırılırdı. Təlimatda
həmçinin, Rusiyanın maraqları naminə Ararat
patriarxından da istifadə etmək tələb olunur və
“Qarabağ xanlığını devirmək və hakimiyyəti
yerli xristianlara vermək” barədə V.Zubova məxfi göstəriş
verilirdi.
Hələ
rus qoşunları hərəkətə
başlamamışdan qabaq Dərbənddəki erməni
keşişi Stepan Davidov Valerian Zubovun qılığına
girərək bu “tarixi yürüş”də generalın məsləhətçisi
kimi iştirak etməyə nail oldu. Bundan
başqa, İ.Arqutinski “Ararat ermənilərinin imzası” ilə
V.Zubova müraciət yazdırdı. Onun vasitəçiliyi
ilə Zubova göndərilən məktubların əksəriyyətində
Qarabağ xanlığını devirmək, Şuşa
qalasını ələ keçirmək və hakimiyyəti
yerli xristianlara vermək məsələsi qoyulurdu.
V.Zubov bu işğalçı yürüşdə həmin
dövrdə Rusiyada ən çox fəallıq göstərən
erməni ideoloqu arxiyepiskop İosif Arqutinskiyə böyük
ümid bəsləyirdi. Məhz buna görə də o, Qafqaza
yürüş edəcək korpusun qərargahına məsləhətçi
kimi dəvət olundu. İ.Arqutinski
Üçkilsə (Üçmüədzim) katolikosu ilə əlaqəyə
girərək onunla birlikdə Qarabağda və Cənubi
Qafqazın başqa yerlərində yaşayan bütün
xristianlara “müraciət” hazırladı. Bu müraciətdə rus qoşunlarının Azərbaycana
“erməniləri müsəlmanların əsarətindən
qurtarmaq və onlara müstəqillik vermək” məqsədi
ilə girdiyi bəyan edilirdi. Bundan
başqa, İ.Arqutinski Dərbəndi işğal edən rus
qoşunlarına müəyyən kömək göstərməklə
kifayətlənməyərək, işğalçı
ordunu əsasən Qarabağ və İrəvan üzərinə
istiqamətləndirməyə çalışırdı.
V.Zubovun
1796-cı il aprelin 18-də başlanan
işğalçı yürüşü nəticəsində
mayın 10-da Dərbənd, iyunun 6-da Quba işğal olundu. Bakılı Hüseynqulu xan iyunun 13-də Bakı
qalasının açarını təslim etdi. Oktyabr ayında Gəncə ələ keçirildi.
Qışın yaxınlaşması ilə əlaqədar
olaraq rus qoşunları Muğanda yerləşdilər.
Yaranmış şəraiti əldən verməyən İ.Arqutinski 1796-cı ilin sentyabrında Pirsaatçay yaxınlığında Qarabağın işğalı ilə bağlı hazırlamış olduğu planı qraf Zubova təqdim etdi. 11 bənddən ibarət bu planın VIII bəndində erməni keşişi yazırdı: “Əgər Şuşa xanı sizin göstərişinizlə hərəkət etməsə, onun sadiqliyinə inanmaq olmaz. Belə vəziyyətdə Qarabağın erməni məliklərindən istifadə etmək lazımdır”. Bundan başqa, o, generalı Qarabağın alban məliklərinin erməni olduğuna inandırmağa çalışır və məliklərin rus ordusuna 5 min nəfərlik qoşun verə biləcəyi kimi fantastik bir rəqəmlə həvəsləndirir və onların gizli himayə edilməsini xahiş edirdi.
Bu zaman şuşalı İbrahimxəlil xan hakimiyyətdən devriləcəyindən və xanlığın idarəsinin xristian məliklərə veriləcəyindən ehtiyat edirdi. Çünki onun V.Zubovun Peterburqdan bu barədə göstəriş alması haqqında məlumatı var idi. Lakin bütün bunların müqabilində İbrahimxəlil xan özünü təmkinli, Rusiyaya “sədaqətli” göstərməkdə davam edərək əks-hücuma hazırlaşmağa başladı. O, Azərbaycanın digər xanları ilə birləşərək general V.Zubova sui-qəsd təşkil etdi. Lakin bu işi həyata keçirəcək Nurəli bəyin ehtiyatsızlığı ucbatından qəsd baş tutmadı. Göründüyü kimi, İbrahimxəlil xan həm Rusiya təhlükəsindən, həm də imperiyaya arxalanan erməni Qriqorian kilsəsinin hazırladığı məkrli planlardan Qarabağ xanlığını qorumaq üçün diplomatik manevrlərlə yanaşı, bəzən əməli tədbirlərə də əl atmaq məcburiyyətində qalırdı.
Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən vəfatı və Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin mürəkkəbləşməsi V.Zubovun başçılıq etdiyi rus qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu.
Beləliklə, XVIII əsrin II yarısında Çar Rusiyasının Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda, Şuşada “xristian dövləti” yaratmaq üçün hazırladığı məxfi planları baş tutmadı...
Güntəkin NƏCƏFLİ
AMEA Tarix
İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri,
dosent
Mədəniyyət.-
2020.- 11 dekabr.- S.6.