Şəhid həkim
Vətən müharibəsində canından keçmiş igidlərin sırasında hərbi həkim Turqut Xəlilbəyli də var.
Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdı. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olaraq hərbi həkim ixtisasına yiyələnir. Uşaqlıqdan hərbçi peşəsinə marağı vardı.
Atası
Nadir Xəlilbəyli: “Universiteti
bitirdikdən sonra Beyləqana təyinat verdilər. Elə orada da hərbçi
kimi fəaliyyətə
başladı və üç il
işlədi. Müharibə başlayan zaman Turqut arxa cəbhədə
hospitalda işləməli
idi, ancaq öz xahişi ilə ön cəbhəyə yollanmışdı.
Sonuncu dəfə onun yanına getmişdim.
Görüşmüşdük, hər şeyin
qaydasında olduğunu
bildirdi. Sağollaşanda
qulağıma pıçıldadı
ki, harada olduğumu anama demə, nigaran qalmasın...”.
Şəhid anası Almaz Hüseynova: “Mənim xəbərim yox idi ki, Turqut
müharibədədir. Nə vaxt
telefonla danışsam,
deyirdi hər şey yaxşıdır.Ön
cəbhədə olduğunu
bildiyimdə mənə
söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. Hər gün
telefonla danışırdıq.
Şəhid olan günün səhəri danışmışdıq...”.
Turqut Xəlilbəyli
hərbçi yoldaşlarından
birini xilas edən zaman şəhid olub. Bu barədə
şəhidin anasına
onun döyüş yoldaşları deyiblər:
“Bir gün hərbçi yoldaşları
ilə Cəbrayılda
mərmi atəşinə
düşüblər. Turqut
çətin şəraitdə
yenə yaralılara yardım edirmiş. Üç yaralını atəş
altından çıxarır,
özü də yaralanır. Növbəti
mərmi atəşi zamanı özünü digər yaralı hərbçinin üzərinə
atıb ki, o, sağ qalsın, özü isə şəhid olub”.
Qeyd edək
ki, Vətən müharibəsində öz
peşə borcunu yetirən zaman ümumilikdə 10 nəfər
hərbi həkim qəhrəmancasına həlak
olub. Azərbaycan Tibb
Universiteti onların adlarını açıqlayıb:
tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti kapitanı Anar Məmmədov, həkim baş leytenantlar Nurlan Fərəməzov, Şöhrət
Qasımov, tibb xidməti leytenantları Azər Şəmilov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, tibb xidməti giziri Eldar Abdullayev.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 11 dekabr.- S.5.