Qarabağ xalça xəritəsi” tamamlandı

 

 

Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.

 

Azərbaycan Milli Xalça Muzeyi Vətən müharibəsi günlərində “Qarabağ xalça xəritəsi”ni hazırlayaraq izləyicilərə təqdim edib.

 

Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunub. Torpaqlarımız işğaldan azad olunduqcaQarabağ xalça xəritəsi” də al-əlvan rənglərə boyanıb.

 

Dekabrın 1-də, nəhayət, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq “Qarabağ xalça xəritəsi”ni tam rənglənmiş şəkildə izləyicilərə təqdim edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar. Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar.

 

 

Mədəniyyət.- 2020.- 2 dekabr.- S.1.