Bəşər sivilizasiyasının qurulmasında İslam incəsənətinin rolu

 

 

İCESCO beynəlxalq onlayn vebinar keçirib

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO-nun təşkilatçılığı ilə “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolumövzusunda beynəlxalq onlayn vebinar keçirilib.

 

Vebinarda İCESCO-nun baş direktoru Salim M.Əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin rəhbəri Şeyxa Mai Bint Məhəmməd Əl-Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd Əl Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, İCESCO, UNESCO, İRCİCA təşkilatlarının nümayəndələri və başqa rəsmilər qatılıblar. Azərbaycan mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov vebinarda iştirak edib.

 

İCESCO-nun baş direktoru Salim M.Əl-Malik açılış nitqində İslam incəsənətinin zənginliyindən, bəşər sivilizasiyasının formalaşmasında rolundan,  İCESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

 

Vebinarda çıxış edən Anar Kərimov İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edərək, 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında qalanbu günlərdə azad edilən Azərbaycanın Qarabağ bölgəsindəki İslam irsinin vəziyyətindən söz açıb. Bildirib ki, işğal olunmuş ərazilərdə məscidlərin dağıdılması və təhqir olunması Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıyır. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın bu əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin zəruri olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəniyyəti və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktları İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli, müsəlman dünyası öz mirasını qətiyyətlə müdafiə etməlidir.

 

Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülhdialoqun təşviqi ilə bağlı görülən işlər, İCESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Qeyd edib ki, İCESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilib, 2015-ci ildə İCESCO Baş Konfransının 12-ci sessiyası Bakıda keçirilib. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə də danışıb.

 

Mədəniyyət.- 2020.- 2 dekabr.- S.3.