“Qarabağın musiqi
xəzinəsi”ndə növbəti mühazirə
Beynəlxalq Muğam Mərkəzi
(BMM) Azərbaycanın qədim sənət beşiyi
olan Qarabağ bölgəsinin
musiqi irsinin təbliği
ilə bağlı layihələrini davam
etdirir. “Qarabağın musiqi
xəzinəsi”ndə növbəti mühazirə görkəmli
bəstəkar Süleyman Ələsgərova
həsr edilib. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.
Xalq artisti, Dövlət mükafatı
laureatı, tanınmış
pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərov Azərbaycan
musiqi tarixində özünəməxsus yer
tutan bəstəkarlardan
biridir. Xalq yaradıcılığından
bəhrələnən bəstəkarın
özünəməxsus dil
üslubu, fərdi yaradıcılıq xüsusiyyətləri
onun bütün əsərlərində diqqəti
cəlb edir.
Süleyman Ələsgərov 1924-cü il fevralın
22-də Şuşada doğulub.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Respublika Radio Verilişləri
Komitəsində xalq çalğı alətləri
orkestrinin dirijoru
(1943), Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri
(1944-1948), Dövlət Kinematoqrafiya
Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyası
mahnı və rəqs ansamblının bədii rəhbəri
(1951-1952), Asəf Zeynallı
adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Mədəniyyət
Nazirliyinin İncəsənət
işləri idarəsinin
rəisi (1954-1956), Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında Xalq
musiqisi, xalq çalğı alətləri
kafedrasının müdiri,
professoru (1971-1998) vəzifələrində
çalışıb. 1972-ci
ildən Azərbaycan Bəstəkarlar İttifaqının
Qarabağ filialının
rəhbəri olub.
Bəstəkarın yaradıcılığında operetta janrı əsas yer tutur. “Məhəbbət
gülü” (1945), “Ulduz”
(1948), “Özümüz bilərik”
(1962), “Olmadı elə,
oldu belə” (1964), “Milyonçunun dilənçi
oğlu” (1966), “Hardasan,
ay subaylıq?” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım”
(1971), “Subaylardan görəsiz”,
“Gurultulu məhəbbət”
operettaları uzun illər Musiqili Komediya Teatrının repertuarında xüsusi yer tutub. Bəstəkar həmçinin
“Bahadır və Sona”, “Solğun çiçəklər” operaları,
bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz”
simfonik muğamı, simfonik poema və süitaları, tar konsertlər, 200-ə qədər
mahnı və romansın, “Tarantella”, “Rəqs-tokkata”,
“Rondo”, “Aşıqvari”, qanun
aləti üçün
yazdığı “Poema”
(“Rapsodiya”) və digər əsərlərin
müəllifidir.
Süleyman Ələsgərov 2000-ci il yanvarın
21-də dünyasını dəyişib.
Mədəniyyət.- 2020.- 2
dekabr.- S.7.